“TDT üzv dövlətlərin birləşməsi mütləqdir” - Şərh
Aktual
1061
21 Oct 2025 | 19:06

“TDT üzv dövlətlərin birləşməsi mütləqdir” - Şərh

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri mühüm hadisədir. Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev şəxsən qarşıladı. Qeyd edilməlidir ki, 2025-ci il ərzində Azərbaycan və Qazaxıstan liderləri bir neçə dəfə görüşüblər. İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, həm Türk Dövlətləri Təşkilatı (TDT), həm də Yüksək Dövlətlərarası Şura çərçivəsində müzakirələr, münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”
Moderator.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
 
Politoloq qeyd edib ki, ən yadda qalan hadisələrdən biri 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən TDT sammiti idi:
 "Sammitdə iki lider türk dünyasının inteqrasiyası, regional təhlükəsizlik, nəqliyyat və enerji dəhlizlərinin genişləndirilməsi istiqamətində vahid mövqe sərgilədilər. Azərbaycan və Qazaxıstan arasında münasibətlər təkcə diplomatik çərçivədə deyil, həm də praktiki strateji müttəfiqlik mərhələsinə yüksəlib. Bu müttəfiqliyin əsas sütunları bunlardır:
 1. Nəqliyyat və logistika – Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars xətti və Xəzər üzərindən Transxəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) iki ölkəni Şərqlə Qərbi birləşdirən əsas körpüyə çevirib.
 2. Enerji əməkdaşlığı – Qazaxıstanın neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri vasitəsilə dünya bazarlarına çıxışı artıq reallığa çevrilib. Bu, Azərbaycanın enerji tranzit mərkəzi kimi rolunu möhkəmləndirir.
 3. İqtisadi diversifikasiya – Qazaxıstanın xammal potensialı və Azərbaycanın sənaye-innovasiya infrastrukturu bir-birini tamamlayır”.
 
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin liderliyi ilə TDT daxilində vahid ideoloji konsepsiya – “Türk dünyasının birlikdə yüksəlişi” formalaşmaqdadır:
 
“Lakin bu ideoloji təbliğat deyil, praktik əsaslar üzərində dayanır: ortaq iqtisadi məkan, enerji təhlükəsizliyi, texnologiya mübadiləsi və hərbi təhlükəsizliklə bağlı planlar. Azərbaycan və Qazaxıstanın enerji strategiyaları bir-birini tamamlayır. Qazaxıstanın zəngin neft ehtiyatları və Azərbaycanın inkişaf etmiş ixrac infrastrukturu sayəsində iki ölkə Xəzər dənizini iqtisadi körpüyə çeviriblər. Eyni zamanda, yaşıl enerji – külək və günəş potensialının birgə inkişafı da əməkdaşlığın yeni istiqamətinə çevrilir. Beləliklə, Azərbaycan və Qazaxıstan arasında münasibətlər artıq təkcə “qardaşlıq” prinsipi üzərində deyil, ortaq maraqlar və uzunmüddətli strateji planlama əsasında formalaşır. Güc birlikdədir. TDT üzv dövlətlərin birləşməsi mütləqdir. Siyasi suverenlik, regional təhlükəsizlik bunu tələb edir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər