İşləyənlərin nəzərinə: Bu halda hər gün üçün əlavə pul ala bilərsiniz
Aktual
818
11:33, Bu gün

İşləyənlərin nəzərinə: Bu halda hər gün üçün əlavə pul ala bilərsiniz

Fərdi qaydada bağlanan müqavilə əsasında işçiyə ayda bir dəfədən az olmayan müddətdə əməkhaqqı verilir. Lakin işçiyə ödənilən əməkhaqqının bir neçə gün və ya daha çox gecikməsi hallarına rast gəlinir. Bəs işçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidirmi? Əgər ödənilməlidirsə, bu necə hesablanır?
Moderator.az-a danışan əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, Azərbaycanda əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir:
 
“Əmək Məcəlləsinin 172-ci maddəsi əmək haqqının verilməsi müddəti adlanır. Həmin maddəyə əsasən, aylıq əmək haqqı alan işçilərə əmək haqqı, bir qayda olaraq, iki hissəyə bölünərək — avans və əsas hissə formasında verilməlidir. İllik əmək haqqı alan işçilərə isə əmək haqqı ayda bir dəfədən az olmayaraq ödənilməlidir.
Əmək haqqının əmək müqaviləsində başqa qaydada, yəni ayda bir dəfə verilməsi də müəyyən oluna bilər. Lakin təcrübədə bəzən aylıq əmək haqqı günlərlə, hətta aylarla gecikir. Bu hallarda Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci bəndi tətbiq edilir. Həmin bənddə göstərilir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri ucbatından gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində əlavə ödəniş verilməlidir.
Məsələn, işçinin əmək haqqısı 1000 manatdırsa və 10 gün gecikmə baş veribsə, bu halda 1000 manatın bir faizi — yəni 10 manat — hər gecikdirilmiş gün üçün əlavə ödəniş kimi hesablanmalıdır”.
 
Ekspert qeyd edib ki, əmək haqqının gecikməsi halı yalnız işəgötürənin təqsiri ucbatından baş verərsə, işçiyə əlavə ödəniş almaq hüququ yaranır:
 
“Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsində göstərilir ki, hansı hallar işəgötürənin təqsiri ucbatından gecikdirmə hesab olunur, hansı hallar isə hesab edilmir. Belə ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər