Doğum azalır, əhali qocalır: Pensiyalarla bağlı nələr dəyişəcək?
Aktual
1290
08:38, Bu gün

Doğum azalır, əhali qocalır: Pensiyalarla bağlı nələr dəyişəcək?

"Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək". 
Bu fikirlər Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.Sənəddə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15 - 65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir:
"Hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər".
Moderator.az-a danışan iqtisadçı Elçin Rəşidov bildirib ki, bu məsələdə əsas məqsəd əmək pensiya sisteminin dayanıqlığını qorumaq olacaq:
 
“Əhalinin qocalması və işləyənlərin sayının azalması fonunda pensiya sisteminin dayanıqlığı artıq sual altına düşür. Hazırda, iqtisadi geriləmə ilə müşayiət olunur. Çünki qeyri-neft sektoru hələ də dirçəlmir, neft hasilatı isə ildən-ilə azalır. Nəticədə fondun gəlirlərini sabit saxlamaq çətinləşir. Belə şəraitdə hökumət pensiya yaşı, staj tələbləri və pensiya hesablanma formuluna yenidən baxa bilər. Adətən bu tip hallarda pensiya yaşı artırılır, staj tələbləri sərtləşdirilir və hesablanma mexanizmləri dəyişdirilir. Təəssüf ki, bu dəyişikliklər çox vaxt vətəndaşların xeyrinə olmur”.
 
İqtisadçı əlavə edib ki, hökumət gələcəkdə özəl və fərdi yığım pensiya sistemlərini də genişləndirə bilər:
 
“Dövlətin payı azaldılaraq özəl pensiya fondlarına və fərdi hesablamalara yönəlik mexanizmlər qurula bilər. Bu, uzunmüddətli perspektivdə nəzərdə tutulan addımlardandır . DSMF-nin sabitliyinə təsir edən mühüm amillərdən biri rəqəmsal uçot sisteminin təkmilləşdirilməsidir. Elektron əmək müqavilələrinin tətbiqi və kölgə iqtisadiyyatının azaldılması pensiya fonduna ödənişləri müəyyən qədər artıra bilər. Bu da sistemin sabitliyinə müsbət təsir göstərər”.
 
E. Rəşidovun fikrincə, əgər əlavə vəsait ayrılarsa, bu, dövlət büdcəsindən digər xərclərin hesabına baş verəcək:
 
“Keçmişdə olduğu kimi dövlət büdcəsindən transfertlər mümkündür, amma  neft gəlirlərinin azalması fonunda bu, çətin görünür. Hər halda, bu cür addımlar atılsa belə, əhalinin ümumi rifahına ciddi təsiri olmayacaq”.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.
Qeyd edilib ki, ölkəmizdə sosial ödənişlərin, o cümlədən pensiyaların davamlı artımı təmin edilməklə yanaşı, bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər ay vaxtlı-vaxtında həyata keçirilir.
Eyni zamanda, Fondun maliyyə dayanıqlılığının təmin edilməsi üçün də məqsədyönlü işlər aparılır.
Sığorta-pensiya sistemində rəqəmsal həllərin geniş tətbiqi ilə şəffaflığın təminatı, DSMF-nin sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi və s. istiqamətlərdə müvafiq addımlar atılır.
Qeyd edilən tədbirlər çərçivəsində pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər