Suriyanın yeni liderinin Moskva səfəri:  Kreml Əsədi təhvil verəcək? -Türkiyəli politoloqdan açıqlama 
Aktual
696
09:24, Bu gün

Suriyanın yeni liderinin Moskva səfəri:  Kreml Əsədi təhvil verəcək? -Türkiyəli politoloqdan açıqlama 

Suriyada rejim dəyişikliyindən sonra ilk dəfə yeni lider Əhməd Əl-Şaraa Rusiyaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər iki ölkə arasında münasibətlərin gələcək istiqamətləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Suriya lideri bəyan edib ki, Dəməşq Moskva ilə münasibətlərdə “yeni səhifə açmağa” hazırdır.
 
Qeyd edək ki, Suriyanın sabiq prezidenti Bəşər Əsəd rejiminin törətdiyi dəhşətli faktlar son zamanlar yenidən gündəmə gəlib. Məlumata görə, Əsəd hökuməti cinayət izlərini gizlətmək üçün 2019–2021-ci illər arasında on minlərlə cəsədi kütləvi məzarlıqlardan başqa yerlərə köçürüb.
 
Bəs Rusiya prezidenti ona sığınan Bəşər Əsədi təhvil verəcəkmi, yoxsa Kreml keçmiş müttəfiqini qorumaqda davam edəcək?
 
Moderator.az-a danışan türkiyəli politoloq Engin Ozer bildirib ki, Rusiya sabiq Suriya prezidenti Bəşər Əsədi təhvil verməkdənsə, onu ölkədən çıxarmağı — yəni başqa bir ölkəyə göndərməyi daha məqsədyönlü hesab edir:
 
“Bu, Rusiya üçün daha sadə bir həll yolu olar. Məsələn, sabiq prezidenti Venesuelaya və ya oxşar bir ölkəyə göndərə bilər. Məlumata görə, yeni Suriya lideri artıq bir neçə dəfə Rusiya tərəfinə sabiq prezidentin ölkəsinə təhvil verilməsi ilə bağlı müraciət edib. Bəşər Əsəd hələ də müəyyən fəaliyyətlərini davam etdirir və böyük ehtimalla Rusiyada qalacaq. Hazırda bu məsələ ilə bağlı danışıqlar davam edir.”
 
Türkiyəli politoloqun sözlərinə görə, görüş zamanı Suriya lideri Rusiya prezidentinə bəzi hərbi və enerji layihələrində ortaq əməkdaşlıq təklif edib:
 
“Məsələn, əvvəlki dövrlərdə olduğu kimi, ölkənin şimal bölgələrində birgə polis və təhlükəsizlik fəaliyyətlərini davam etdirmək istəyini bildirib. Bundan başqa, bir çox suriyalı tələbə Rusiyada təhsil alır. Hətta Suriyanın hazırkı səhiyyə naziri də Rusiyada ali təhsil almış şəxsdir. Yəni, hər nə qədər Suriyada yeni rəhbərlik formalaşsa da, iki ölkə arasında hələ də dərin əlaqələr mövcuddur və bu bağlar asanlıqla qırıla bilməz. Ona görə də, Rusiya Bəşər Əsədi təhvil verməyəcək”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər