Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? - HƏKİMDƏN XƏBƏRDARLIQ
Aktual
542
14:06, Bu gün

Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? - HƏKİMDƏN XƏBƏRDARLIQ

Son günlər ölkədə bir çox insan yüksək hərarət, boğaz ağrısı, burun tutulması, baş və əzələ ağrısı kimi oxşar simptomlardan şikayətlənir. Bəzi hallarda bu əlamətlər sadə soyuqdəymə kimi qəbul olunsa da, çox vaxt xəstəliyin gedişi daha ağır keçir, uzunmüddətli halsızlıq və öskürək müşahidə olunur. 
 
Bəs bu simptomlara səbəb olan virus nədir – adi mövsümi infeksiyadır, yoxsa yeni bir respirator virus dalğası başlayıb? 
 
Moderator.az-a danışan professor Adil Qeybulla deyib ki,  payız aylarında hər il, hətta pandemiyadan öncə də, soyuqdəymə xəstəlikləri geniş yayılırdı:
 
“Sovet dövründə buna “kəskin respirator xəstəliklər” deyirdilər. Bu infeksiyalar tənəffüs sistemini, xüsusilə üst tənəffüs yollarını zədələyir və əlamətləri bir-birinə çox oxşayırdı. Xaricdə isə belə hallara sadəcə “soyuqdəymə xəstəlikləri” deyilir.
Bu xəstəlikləri müxtəlif viruslar törədir: qrip virusları, rinoviruslar, adenoviruslar, metapneumoviruslar və hətta bəzi koronavirus növləri. Onlar sürətlə yayıla bilir və geniş əhaliyə yoluxa bilir. Məsələn, qarşıda qrip pandemiyası riski gözlənilir. Dünya Səhiyyə Təşkilatının elmi qiymətləndirmələrinə görə, viruslar daim mutasiya olunur və təhlükəli variantlara çevrilə bilər – necə ki, koronavirusda müşahidə etdik.
Buna görə hər birimiz diqqətli olmalı, pandemiya təcrübəsindən çıxarılan dərsləri nəzərə almalıyıq. Dünya Səhiyyə Təşkilatı və müvafiq strukturlar bu mövzuda xüsusi diqqət göstərir və hər an mümkün risklərə hazırlıqlı olmaq vacibdir”.
 
Professor hesab edir ki,  payız mövsümündə insanların geyim formasını hava şəraitinə uyğun seçməməsi, soyuq və küləkli havada diqqətsiz davranması da xəstəliklərin artmasına səbəb olur:
 
 “Məsələn, yelçəkəndə uzun müddət oturmaq, qapalı mühit infeksiyaların yayılmasına şərait yaradır.
Bundan başqa, xəstə şəxslərin kollektivdə olması da yoluxma riskini artırır. Hava və damcı yolu ilə yayılan bu xəstəliklərin genişlənməsinin əsas səbəblərindən biri məhz budur. Mütəxəssislər insanlara qapalı mühitdə maska geyinməyi, xəstə şəxslərlə təmasdan qaçmağı və xəstələnənlərin sağaldıqdan sonra işə qayıtmasını tövsiyə edirlər.
Pandemiya dövründən çıxarılan dərslər də göstərir ki, sadə və effektli tədbirlər – maska, sosial məsafə və istirahət – infeksiyaların yayılmasının qarşısını almaqda çox əhəmiyyətlidir. Təəssüf ki, insanlar bu tövsiyələrə əməl etmədikdə, xəstəliklərin geniş yayılması qaçılmaz olur”.
 
Mehin Mehmanqızı
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər