Deputat:
Aktual
251
16:30, Bu gün

Deputat: "Qəbələdə qəbul olunacaq qərarlar Avrasiyanın gələcək inkişafına təsir göstərəcək"

“Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə türk dünyasının mərkəzi kimi çıxış edir. Oktyabrın 6–7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının sammiti də bunun bariz nümunəsidir. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan bu Zirvə türk dünyasının siyasi həmrəyliyinin, ortaq maraqlar ətrafında birləşmək iradəsinin göstəricisidir. Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərlərinin iştirakı gözlənilir ki, bu da toplantıya xüsusi siyasi çəkı qazandırır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Türk dünyasının liderlərinin Qəbələyə səfəri barədə danışarkən deyib.
 
Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə toplanması, şübhəsiz, Azərbaycanın türk dünyasındakı artan nüfuzunun və fəal diplomatik xəttinin nəticəsidir:
 
“Son illərdə Azərbaycan Prezidentinin təşəbbüsləri nəticəsində türk dövlətləri arasında həm siyasi, həm də iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən ortaq enerji, nəqliyyat və kommunikasiya layihələri bu inteqrasiyanın real təməlini formalaşdırır.
Türk dünyasının iqtisadi inteqrasiyası artıq nəzəri ideyadan praktik istiqamətə çevrilməkdədir. Ortaq bazarın yaradılması istiqamətində gömrük rüsumlarının sadələşdirilməsi, ticarət marşrutlarının birləşdirilməsi və vahid logistika sisteminin qurulması kimi addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan “Orta Dəhliz” – yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – türk dövlətlərini birləşdirən əsas iqtisadi xəttə çevrilməkdədir. Bu dəhliz Avropa ilə Asiya arasında körpü rolunu oynayır və türk coğrafiyasını qlobal ticarət axınlarının mərkəzinə gətirir”.
 
A. Hüseynov diqqətə çatırıb ki, Zəngəzur dəhlizinin açılması isə bu inteqrasiyanın ən mühüm strateji elementi ola bilər:
 
“Bu yol təkcə Azərbaycan və Türkiyəni deyil, həm də Mərkəzi Asiya respublikalarını birbaşa Qərbə bağlayacaq. Beləliklə, türk dövlətləri arasında nəqliyyat və enerji əlaqələri daha sıx şəkildə qurulacaq, vahid iqtisadi və siyasi məkan formalaşacaq. Bu dəhliz türk dünyasının birliyinin simvoluna çevrilməklə yanaşı, regionda sülhün və sabitliyin möhkəmlənməsinə də xidmət edəcək.
Qəbələdə keçiriləcək sammit türk dünyasının gələcək yol xəritəsini müəyyənləşdirəcək mühüm platformadır. Burada qəbul olunacaq qərarlar yalnız regionun deyil, həm də Avrasiya məkanının gələcək inkişafına təsir göstərəcək. Azərbaycan üçün bu sammit milli maraqların müdafiəsi, türk həmrəyliyinin gücləndirilməsi və qlobal arenada daha sanballı mövqeyin təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər