Həkimdən həyəcan təbili: 20–30 yaşlı gənclərdə ürək-damar xəstəlikləri artır - Səbəb nədir?
Aktual
331
11:30, Bu gün

Həkimdən həyəcan təbili: 20–30 yaşlı gənclərdə ürək-damar xəstəlikləri artır - Səbəb nədir?

Son illərdə 20-30 yaş arası gənclər arasında ürək-damar xəstəlikləri və qəfil ürək tutmalarının sayının artdığı müşahidə edilir. Azərbaycan ürək-damar xəstəliklərindən ölümə görə dünyada 2-ci yerdədir. 
Gənc yaşda ürək-damar xəstəliklərinin və qəfil ürək tutmalarının artmasının əsas səbəbləri nələrdir?
Stress, qeyri-sağlam qidalanma, yuxusuzluq və pis vərdişlər bu prosesdə hansı rolu oynayır? Erkən diaqnostika və profilaktika üçün gənclərə hansı müayinələrdən keçmək məsləhət görülür? Qəfil ürək tutmalarının qarşısını almaq üçün gündəlik həyat tərzində hansı dəyişikliklər vacibdir?
 
Moderator.az-a açıqlama verən tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, ürək-damar xəstəliklərinin artması əsasən sivilizasiyanın gətirdiyi həyat tərzi ilə bağlıdır:
“Cəmiyyət inkişaf etdikcə insanlar  daha çox oturaq həyat tərzi keçirir, yağlı və zərərli qidalara üstünlük verirlər. Nəticədə xolesterin səviyyəsi yüksəlir, damar divarları qalınlaşır və bu da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
Digər mühüm amil isə iş və istirahət rejiminin düzgün tənzimlənməməsidir. Bəzən elə pasiyentlərimiz olur ki, onlar bütün gecəni işləyir, istirahət etmirlər. Bu isə sinir sistemində pozğunluqlara, həddindən artıq yorğunluğa səbəb olur. Yorğunluq və stress nəticəsində damarların divarında gərginlik yaranır, kələ-kötürlüklər əmələ gəlir, tromb formalaşır və qan dövranı pozulur. Beləliklə, ürək-damar xəstəlikləri gəncləşir, qəfil xəstəliklərə və hətta qəfil ölümlərə gətirib çıxarır.
Əgər insan ağır iş rejimində çalışmırsa, həyat tərzini balanslı şəkildə qurursa, həkim nəzarətindədirsə, bu problemlərin qarşısını almaq mümkündür. Əsas odur ki, insanlar vaxtında həkimə müraciət etsinlər və ola biləcək pozğunluqları erkən mərhələdə aradan qaldırsınlar”.
 
Ekspertin sözlərinə görə, təəssüf ki, insanlar çox vaxt həkimə elə mərhələdə müraciət edirlər ki, artıq onlara yardım göstərmək çətin olur:
 
“Təəssüf doğuran məqam odur ki, 20–30 yaş arasında belə xəstəliklər ümumiyyətlə müşahidə olunmamalıdır. Amma son illərdə, nadir hallarda da olsa, bu yaş qrupunda ürək-damar xəstəliklərinə rast gəlinir. Əsasən ürək- damar sistemi xəstəlikləri qanın reoloji xüsusiyyətlərinin pozulması ilə bağlı meydana gələn bir prosesdir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər