27 Sentyabr – Qürur, Birlik və Müstəqilliyin Şanlı Günüdür
Aktual
356
10:17, Bu gün

27 Sentyabr – Qürur, Birlik və Müstəqilliyin Şanlı Günüdür

“27 Sentyabr İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın Anım Günü olmaqla yanaşı, həm də Azərbaycanın müasir tarixinin ən qürurverici günlərindən biridir. Həmin gün 30 il müddətində işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda mübarizəyə başladıq. Dövlət, millət və xalq olaraq birləşdik və 44 gün ərzində möhtəşəm qələbə qazandıq. Bu yol Azərbaycanın zəfər dolu yolu idi”.
 
Bu sözləri Modrator.az-a açıqlamasında Millət vəkili Arzuxan Əlizadə deyib.
 
Millət vəkili qeyd edib ki, şəhidlərimiz canlarını qurban verdilər, qazilərimiz sağlamlıqlarını itirdilər, amma uşaqdan böyüyə, ən yaşlı insanımızdan ən gəncinə qədər hər kəs orduya dəstək göstərdi, bir oldu. Siyasi baxışlarından, sosial mövqeyindən, cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq xalq bir amal uğrunda – Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı:
 
“44 gün ərzində Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz bir addım belə geri çəkilmədi. Sona qədər irəliləyərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Bu yolun son nöqtəsi 8 noyabrda azadlığa qovuşdurduğumuz Şuşa şəhəri oldu. Sonrakı mərhələdə antiterror əməliyyatları həyata keçirildi və nəhayət, 2023-cü ilin 19–20 sentyabr tarixlərində cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı ilə ərazilərimiz silahlı birləşmələrdən tam təmizləndi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.
Bu il, 27 Sentyabrda həmin qürur dolu yolun başlanğıcının beşinci ili tamam olur. Bu beş ildə ölkəmizdə böyük işlər görülüb. 27 Sentyabr anım günü deyəndə gözümüzün önünə o günlərin hadisələri gəlir. Azərbaycan tarixində indiyə qədər belə bir dövr yaşanmamışdı. Tarixin müxtəlif dönəmlərində – xanlıqlar, bəyliklər, Səfəvilər və sonrakı dövrlərdə müharibələr gedəndə arxada çox vaxt üsyanlar və narazılıqlar olurdu. Amma bu dəfə xalq tamamilə birləşdi, sona qədər ordunun, dövlətin və Ali Baş Komandanın yanında oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük bir uğur əldə edildi və 30 illik əzablı dövrə son qoyuldu.
30 ildə yaşadığımız utanc hissindən xilas olduq; nəhayət başımızı dik tutmağa başladıq. Qürurumuz özümüzə qaytarıldı. Lakin 27 Sentyabra gedən yol da xüsusi olaraq qeyd edilməlidir. Bu qərarı verib torpaqlarımızı işğaldan azad etməyə qalxmaqla yanaşı, həmin torpaqları azad edəcək oğulları yetişdirmək illər və böyük vəsait tələb edirdi”.
Millət vəkili deyib ki, Azərbaycan yeni müstəqillik əldə etmişdi və 30 il bu tarix üçün kiçik dövr deyildi. Müstəqilliklə bərabər ölkəmiz təcavüzə məruz qaldı, torpaqlarımızın 20 faizi işğal olundu və bir milyona yaxın insan qaçqın-köçkün vəziyyətinə düşdü:
 
“Vaxt keçdikcə yavaş-yavaş dirçəlməyə başladıq, iqtisadiyyatımızı bərpa etdik və problemlərimizi ardıcıl həll etməyə çalışdıq. Eyni zamanda diplomatik yollara əl ataraq, bütün vasitələrdən istifadə etməklə  torpaqları geri qaytarmaq üçün səylər göstərdik.
Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar, güc dövlətləri, həmsədr ölkələr və digər qüvvələr məhz mövcud reallıqlara söykənərək Azərbaycana işğal faktını rəsmiləşdirməyə çağırışlar edirdilər. Buna baxmayaraq xalq olaraq biz siyasi iradəmizi saxladıq və sona qədər buna sadiq qaldıq. Dövlət rəhbərliyi də bu mövqedən geri çəkilmədi. Bir müddət əvvəl yayılmış stenoqramlar da göstərdi ki, istər mərhum Heydər Əliyev, istərsə də indiki Prezident İlham Əliyev Qarabağ məsələsində xalqın siyasi iradəsini qoruyublar.
Nəticədə iqtisadiyyatı düzəltməklə yanaşı ordumuzu müasir silahlarla təchiz etdik və həmin müasir silahlardan istifadə edə biləcək qəhrəman oğullarımızı yetişdirdik.
Bu oğullar, xüsusilə xüsusi təyinatlı ordu hissələrimizin əsgərləri illər ərzində ağır və keşməkeşli təlimlərdən keçərək bir neçə dil öyrənmiş, müxtəlif ölkələrin təcrübəsindən faydalanmış və ən müasir silahlardan istifadə bacarığı qazanmışdılar. Lazım olan məqamda ayağa qalxmaq üçün onlar bütün bu hazırlıqlardan keçmişdilər. Nəticədə 44 gün ərzində ermənilərin 30 il işğal altında saxladıqları, keçilməz hesab edilən istehkamlar geri alındı. “Ahanyan” sədləri keçilməz hesab edilirdi — altı- yeddi pilləli sərhəd sədləri, möhkəmləndirilmiş səngərlər vardı və ermənilər arxayın idilər ki, bunları keçmək mümkün deyil. Lakin 44 gün ərzində bütün bu sədlər yarıldı, dağıdıldı və sonradan erməni rəsmilərinin etiraf etdiyi kimi, ordu darmadağın edildi.
İkinci Qarabağ savaşında erməni ordusu təxminən 11–12 min nəfər civarında fərari ilə yadda qaldı; döyüşənlər zərərsizləşdirildi, qalanlar isə silahlarını ataraq qaçdılar. Sonrakı antiterror əməliyyatlarında proses davam etdi. 2023-cü ilin 19–20 sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı ərəfəsində Azərbaycanın ərazisində təxminən 10 minədək erməni silahlı birləşməsi məskunlaşmışdı, səngərlər qurulmuş, sərhəd zolaqları və təmas xətləri, minalanmış ərazilər vardı. Həmin əməliyyatla 10 minlik qruplaşma darmadağın edildi; sonrakı statistik məlumatlar göstərdi ki, təxminən 10 minə yaxın döyüşçü zərərsizləşdirildi. Ermənistan ordusu param-parça oldu. Qısa müddət ərzində 20 mindən çox fərarisi olan bir ordudan başqa nə gözləmək olardı?
Təbii ki, ermənilər və onların silahlı birləşmələri bu illər ərzində təkbaşına bizim üzərimizə qələbə çala bilməzdilər. Şimal qonşumuzun, cənub qonşumuzun və Fransa başda olmaqla bir sıra Qərb dairələrinin ermənilərə hər cür dəstək göstərdiyi, onlara sursat, təlim və yanacaq təmin etdiyi məlum idi. Cənubdan gələn 300-dən artıq təlimçinin ermənilərə silah tutmağı öyrətdiyi, onları təchiz etdiyi yaddaşdadır. Bütün bu qüvvələrə və dəstək zəncirlərinə baxmayaraq biz birlikdə bütün qüvvələrin üstünə qalib gəldik”.
 
Arzuxan Əlizadə vurğulayıb ki, 27 Sentyabr anım günü olmaqla yanaşı, həm də bizim qürur günümüzdür:
 
“Bu günün əhəmiyyətini diqqətdən qaçırmamalıyıq. Həmin 44 gün ərzində biz Azərbaycan Prezidentinin – sözün əsl mənasında sərkərdə, Ali Baş Komandan olaraq orduya və bütün proseslərə necə rəhbərlik etdiyinin şahidi olduq. Cənab Prezident İlham Əliyev bütün dünyaya göstərdi ki, necə rəhbər olmaq, necə Ali Baş Komandan olmaq lazımdır. Qələbənin əsas meyarı həm də məhz rəhbərlik və Azərbaycan xalqının dəyanəti idi.
Həmin günlərdə Prezident İlham Əliyev otuzdan artıq xarici kütləvi informasiya vasitəsinə müxtəlif dillərdə müsahibələr verməklə faktiki olaraq informasiya savaşında təkbaşına qalib gəldi. İnformasiya blokadası yarıldı və bütün dünya Azərbaycanın haqq işinə qalxdığının şahidi oldu. Xarici mediaya verilən müsahibələr vasitəsilə Azərbaycanın haqlı mövqeyi bütün dünyada formalaşdırıldı.
Xalqımız sona qədər Ali Baş Komandanın, Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Ordusunun və əsgərinin arxasında dayandı. Bu birliyin nəticəsində möhtəşəm qələbə əldə edildi. Son 200 ildə ilk dəfə idi ki, biz torpaq itirmədik, əksinə torpaq aldıq və ərazilərimizi işğaldan azad etməklə 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizi tam mənada möhkəmləndirdik. İlk dəfə olaraq bütün ərazilərimizi nəzarətə götürərək ərazi bütövlüyümüzü bərpa etdik.
Bu il Azərbaycanda Konstitusiya ili həm də Suverenlik ili elan olunub. Ötən ilin 19 sentyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə 20 sentyabr Suverenlik günü elan edildi. Bu il isə Konstitusiyanın 30 illiyi ilə bağlı Konstitusiya ili kimi qeyd olunur. Əvvəllər İkinci Qarabağ savaşına qədər təqvimdə hər ay hansısa rayonun, şəhərin və ya kəndin işğala məruz qaldığı gün “qara tarix” kimi xatırlanırdı. İndi isə Azərbaycanda şəhər günləri təsis edilib, həmin şəhərlərin azad olunduğu tarixlər bayram kimi qeyd olunur.
Beləliklə, xalqımız öz qürurunu geri qaytardı, dünya qarşısında qalib xalq kimi təqdim olundu. Azərbaycan yalnız suverenliyini və ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya terrorçuluq və separatçılıqdan qurtulmağın Azərbaycan nümunəsini göstərdi”.
 
Millət vəkili əlavə  edib ki,  regionda yeni reallıqlar yaradıldı və bu reallıqlar fonunda region ölkələri üçün geniş perspektivlər açıldı:
 
“Elə Ermənistanın özü üçün də böyük perspektivlər yaranıb. Artıq Ermənistanın baş naziri etiraf edir ki, Azərbaycanın suverenliyini təmin etməsi, eyni zamanda Ermənistanın da suverenliyini möhkəmləndirməsinə dəstək olub. Biz yeni kommunikasiya qovşaqlarının açılması ilə regionda yeni reallıqlar formalaşdırdıq və dünyanın aparıcı güclərinin diqqətini cəlb etdik.
Bu gün ABŞ, Böyük Britaniya, Çin və digər ölkələr Zəngəzur dəhlizi adlandırılan kommunikasiya qovşağının, koridorun açılmasında maraqlıdır. Bu qovşağın açılması böyük iqtisadi gəlirlər və dividentlər vəd edir, Asiya ilə Avropanın birləşməsinə imkan yaradır. Bu səbəbdən həm böyük dövlətlər, həm də region ölkələri bu kommunikasiya layihəsində maraqlıdır. Bu reallığın formalaşmasının banisi isə Azərbaycan xalqı və Azərbaycan dövlətidir.
Bir daha xüsusi vurğulamaq lazımdır ki, bütün bu qələbənin əsas meyarı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi olmuşdur. Biz şəhidlərimizi dərin hörmətlə yad edirik, qazilərimizə can sağlığı arzulayırıq. Eyni zamanda, Azərbaycan Prezidentinə minnətdarlığımızı daim ifadə etməliyik. 27 Sentyabrda başlanan və qalibiyyətlə başa çatan Vətən müharibəsi bizim tariximizin şanlı səhifəsidir, heç vaxt unudulmamalıdır.
Bu, bizim şanlı tariximizdir və gələcək nəsillər üçün həm anım günü, həm də Azərbaycanın müasir tarixinin ən dəyərli, ən şanlı günlərindən biri kimi xatırlanmalıdır. Gələcək dövrlərdə Azərbaycanın iqtisadi, siyasi və hərbi cəhətdən daha da güclənməsi üçün bu günün əhəmiyyətini xüsusi olaraq vurğulamalıyıq və bizdən sonra gələn nəsillər də bunun fərqində olmalıdırlar”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər