ABŞ-də tarixi görüş: Ərdoğan və Tramp nələri müzakirə edəcək? – Türkiyəli politoloq mühüm detalları açıqladı 
Aktual
328
10:30, Bu gün

ABŞ-də tarixi görüş: Ərdoğan və Tramp nələri müzakirə edəcək? – Türkiyəli politoloq mühüm detalları açıqladı 

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabrda Ağ Evdə keçirəcəyi görüş diqqət mərkəzindədir. Bəs bu görüş iki lider arasında hansı əsas mövzular ətrafında müzakirələrlə yadda qalacaq? Regional təhlükəsizlik, Ukrayna müharibəsi, Yaxın Şərq prosesləri, enerji əməkdaşlığı və ya müdafiə sənayesi kimi məsələlərin gündəmdə olacağı gözlənilirmi? Ümumilikdə, Tramp–Ərdoğan görüşü Türkiyə–ABŞ münasibətlərinə hansı yeni istiqamətləri vəd edir?

Moderator.az-a danışan türkiyəli politoloq İsmayıl Cingöz deyib ki, Cənab Prezident Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 2025-ci il sentyabrın 25-də Amerikada keçirəcəkləri rəsmi ikitərəfli görüşlər, təbii ki, ilk növbədə Türkiyə–Amerika münasibətlərinin inkişafına yönəlik olacaq:

"Türkiyə ilə Amerika arasında ticarət həcminin artırılması məsələsi də ön planda olacaq. Xatırladaq ki, ABŞ tərəfindən Türkiyəyə haqsız sanksiyaların tətbiq olunduğu dövrlər olmuşdu – 2017 və 2021-ci illərdə. Həmçinin Türkiyə F-35 proqramından çıxarılmış və ABŞ tərəfindən F-16 təyyarələrinin modernləşdirmə dəstlərinin tədarük edilmədiyi günlər yaşanmışdı. İndi isə Türkiyənin yenidən F-35 proqramına daxil edilib-edilməyəcəyi, Türkiyənin F-16 qırıcı təyyarələri ilə bağlı tələblərinin və modernizasiya üçün dəstək tələblərinin qarşılanıb-qarşılanmayacağı məsələlərinin gündəmə gələcəyi mütləqdir. Bununla yanaşı, ABŞ mediasında da göründüyü kimi, Türkiyəyə “Boeing” sərnişin təyyarələrinin satışı ilə bağlı məsələlərin də gündəmdə olma ehtimalı beynəlxalq mediada yer almaqdadır. Şübhəsiz ki, Fələstin–İsrail məsələsi və Qəzzada baş verən soyqırımlar da müzakirə mövzusu olacaq. İsrailin Qəzzada törətdiyi soyqırımların dayandırılması üçün ABŞ-ın prosesə müdaxilə etməsi məsələsinin Cənab Ərdoğan tərəfindən qəti şəkildə tələb ediləcəyi güman olunur”.

Politoloq həmçinin son dövrlərdə İsrail–Türkiyə münasibətlərində gərginliyə də diqqət çəkib:

“Hətta bəzi amerikalı və İsrail hökuməti rəsmilərinin Türkiyəyə qarşı hədəyə bənzər açıqlamaları mətbuatda yer almışdır. Məsələn, Maykl Rubinin İranla bağlı mövzulardan sonra Türkiyənin gündəlik sınaqlarının hədəfə alınmasına dair yönləndirmə xarakterli bir məqaləsi dərc edilmişdi. Bundan əvvəl İsrail hökumət rəsmilərinin “Qətərə vurduğu kimi, Ankaraya da vuracağıq” tipli açıqlamaları da mediada yer almışdı. İsrail üçün Türkiyə ilə mümkün bir müharibə vəziyyətinin əslində "intihar" olacağı açıqdır. Əgər İsrail Türkiyəyə qarşı hər hansı hücuma başlasa, ABŞ-ın təbii olaraq İsrailin yanında yer alacağı ehtimalı uzaq deyil. Avropa ölkələrinin də böyük ehtimalla İsraili dəstəkləyəcəyi, NATO-ya üzv olmayan İsrailin isə, NATO üzvü olan Türkiyənin qarşısında dəstək görməsi ehtimalı, bölgədə çox mürəkkəb bir müharibə ssenarisini gündəmə gətirir. Bu böhranın həlli üçün də Prezident Ərdoğanın Trampa müəyyən bir təklif təqdim edə biləcəyi istisna deyil. Netanyahu və İsrail hökumətinin Türkiyəyə qarşı mənfi mövqelərinin sonlandırılması ilə bağlı ayrıca bir müzakirə aparılması mümkündür”.

Politoloq qeyd edib ki, Ukrayna–Rusiya müharibəsində əvvəlcə atəşkəs, daha sonra isə daimi sülh məsələsi və bu prosesin necə reallaşa biləcəyi, həmçinin Türkiyənin və Amerikanın mövqelərinin nədən ibarət olduğu kimi mövzular da artıq məlumdur. Bu mövzunun da yenidən gündəmə gətiriləcəyi ehtimal olunur:

“Bundan başqa,  dəmir yolu və neft layihələri, həmçinin Zəngəzur dəhlizinin açılması prosesi çərçivəsində ABŞ şirkətlərinin Zəngəzura yerləşmək istəkləri  də müzakirə mövzusu ola bilər. Belə bir vəziyyət baş verərsə, ABŞ-ın hansı şərtlərlə və hansı səlahiyyətlərlə bölgəyə yerləşə biləcəyi kimi məsələlərin də gündəmə gəlməsi mümkündür. İlk növbədə İsrail–Türkiyə münasibətləri, Fələstində törədilən qətliamların dayandırılması, Yaxın Şərqdə davamlı sülhün təmin olunması və Ukrayna–Rusiya müharibəsinin qalıcı şəkildə sona çatdırılması müzakirə ediləcək məsələlər sırasında olacaq. Bununla yanaşı, Fələstin dövlətinin Fransa, İngiltərə, Kanada kimi bəzi ölkələr tərəfindən tanınması prosesi ilə bağlı ABŞ-ın sərt mövqeyinin yumşaldılması istiqamətində də tələb irəli sürülə bilər. Lakin qeyd etdiyimiz kimi, bu görüşmənin əsas mövzusu Türkiyə–Amerika münasibətlərinin inkişafı olacaq. Burada xüsusən Türkiyənin müdafiə sənayesi ilə bağlı ABŞ tərəfindən əngəllənən F-35 və F-16 məsələlərinin gündəmə gətiriləcəyi gözlənilir”. 

Mehin Mehmanqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər