Xankəndidəki silahlı insidentin pərdəarxası - Açıqlama 
Aktual
603
14:28, Bu gün

Xankəndidəki silahlı insidentin pərdəarxası - Açıqlama 

 
Xəbər verildiyi kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü  Karen Albertoviç Avanesyan  “Kalaşnikov” avtomatı və 5 ədəd qumbara ilə Xankəndi şəhərində keçirilən tədbirə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub. Əməliyyat zamanı üç polis əməkdaşı yaralanıb. Qeyd edək ki, bu, Qarabağda antiterror əməliyyatından sonra baş verən ilk belə insidentdir. Bəs Xankəndidə baş verən bu insidentdə şəxsin davranışı tamamilə şəxsi təşəbbüsü idi, yoxsa onu buna yönləndirən xarici təsirlər ola bilər?
Moderator.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, nə Ermənistan, nə Azərbaycan dövləti hansısa vətəndaşın etdiyi cinayətə görə məsuliyyət daşımır. Onun sözlərinə görə,  Azərbaycanda olduğu kimi, Ermənistanda da cinayət törətməyə meyilli insanlar var.
 
“Digər tərəfdən, Ermənistanın şovinist və ermənipərəst ideologiyası heç vaxt bitməyib. İnsanlar bu ideologiya ilə yaşayır və bununla böyüyürlər. İllərlə davam edən təbliğat , Zori Balayan və Koçaryan kimi şəxslərin ideologiyası insanların beynində təsirini göstərir. Ermənistanda uşaqların beyninə türk millətinə qarşı nifrət aşılanır və bu, onların gələcəyinə və həyat tərzinə təsir edir. Təbii ki, bir insanın bugünkü hərəkətini Ermənistan hökumətinin günahı kimi qiymətləndirmək düzgün deyil. Bugünkü Ermənistan hökumətində Paşinyana qarşı müxalifət mövcuddur və bu müxalifət ideologiyanı geniş yayır. 30 illik işğaldan sonra Azərbaycana qarşı düşmənçilik edən kütlə hələ də mövcuddur. Ermənistanda torpaqların geri qaytarılması və "Artsax"ın Ermənistana aid olduğunu iddia edən insanlar var. Bu insanların beynindən bir anda Azərbaycana və türklərə qarşı nifrətin silinməsini gözləmək mümkün deyil. Dövlət orqanlarının və güc strukturlarının silahları insanların əlindən tam yığa bilməməsi müəyyən boşluqlar yaradır.  Bu hallar demokratik ölkələrdə də mövcuddur. Yeni müharibədən çıxmış ölkədə hər hansı bir şəxsin silah-sursatının olması təbiidir. Burada hər şeyi dövlətin üstünə atmaq düzgün deyil. Nə Ermənistan, nə Azərbaycan dövləti hansısa vətəndaşın etdiyi cinayətə görə  məsuliyyət daşımır”,- deyə politoloq bildirib.
 
Politoloq qeyd edib ki, bu ideologiyanı yaşayan insan Azərbaycana və ya öz hökumətinə qarşı təxribat törədə bilər:
 
“Həmin şəxs hansısa qruplara və ya təbliğat maşınlarına xidmət edə, beyni yuyula bilər. Bu, normal bir haldır, çünki 30 illik müharibədən sonra azərbaycanlılarla ermənilər normal münasibətində ola bilməzlər. Sovet dövründə olduğu kimi  iki ölkənin insanlarının bir-biri ilə dostlaşması artıq mümkün deyil və bu, gözlənilməməlidir.
Təbii ki, həmin insanın törətdiyi hadisələri oradakı dövlət strukturları da qarşısını almağa çalışır ki, Azərbaycanla sülh yolunda problemlər yaranmasın. Ona görə də bu şəxs tutulub və  cəzalandırılacaq.
Buna görə də bir vətəndaşın törətdiyi hadisə ilə dövləti tamamilə düşmən kimi göstərmək mənasızdır. Ermənistan anlayır ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır ki, regiondakı mövcudluğunu qoruyub saxlasın. 
Hər hansı bir vətəndaşın törətdiyi hadisə ideoloji baxımdan bəzi qrupların və təbliğat maşınlarının əlinə keçə bilər. Amma bu, o demək deyil ki, həmin şəxs sırf Azərbaycana qarşı yönəlmişdir". 
 
Ramiyə Məmmədova vurğulayıb ki, hər bir ölkədə xarici təsirlər var, çünki xarici təsirlərin agenturaları bütün ölkələrdə fəaliyyət göstərir:
 
 “Bu, Ermənistanda da, digər ölkələrdə də, Azərbaycanda da mövcuddur. Biz burada Rusiya və Qərb faktorlarını da nəzərə almalıyıq. Üçüncü dövlətlər isə regionda sakitliyi tam istəmirlər. Burada logistika məsələləri, “Bir kəmər, bir yol” və İpək yolu kimi strateji layihələr var ki, digər  ölkələrin maraqları burada toqquşur. Buna görə də bir vətəndaşın törətdiyi hadisəni bu dərəcədə siyasi böhran kimi təqdim etmək düzgün deyil”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər