Siyasi şərhçi Ramiyə Məmmədova ölkədə dövlət qurumlarının fəaliyyəti ilə bağlı ciddi narazılığını ifadə edib.
Moderator.az xəbər verir ki, siyasi şərhçi qeyd edb ki, vətəndaşlara xidmət etməli olan sistem əksinə, daha çox problem yaradır:
“Təəssüf ki, nəticə hər yerdə eynidir. Qurumların adı var, amma real iş yoxdur. İnsanlara xidmət etməli olan sistem, əksinə, daha çox problem yaradır.
Xüsusilə TƏBİB adlanan qurum ayrıca faciədir. Guya vətəndaşın sağlamlığını qorumaq üçün yaradılıb, amma insanların cibinə girməkdən başqa bir şey etmir. Pulsuz dərman ehtiyacı olan vətəndaşa çatmır, insanlar məcbur qalır öz vəsaiti ilə almağa. Üstəlik, sürücülük vəsiqəsinin dövlət rüsumu 50 manat olduğu halda, vətəndaşlara əlavə olaraq 100 manatlıq “tibbi arayış” zorla satılır. Bu, açıq-aşkar soyğunçuluqdur və xalqın səbrini tükəndirir.
Nazirlərin və məmurların televiziya çıxışlarına baxanda da insan təəccüb edir – savadsızlıq, məsuliyyətsizlik göz önündədir. Xalqın dərdinə çarə olmaq əvəzinə, daha çox zərər vururlar. Azərbaycanda həkim həkim deyil, müəllim müəllim deyil, nazir də nazir deyil – sistem bütövlükdə çöküb.
Təəssüf ki, vətəndaş narazılığını dilə gətirəndə, problemi həll etmək əvəzinə, onu “düşmən” elan edirlər. Halbuki dövlət qurumlarının işi xalqın cibinə girmək, ümidini sındırmaq və səbrini tükətmək yox, xidmət göstərmək olmalıdır.
Mənim şəxsi xahişim odur ki, mövcud problemlərə cənab Prezident İlham Əliyev özü çarə tapsın. İnsanlarımız bu qədər biganəliyi və ədalətsizliyi haqq etmir”, – deyə R.Məmmədova bildirib.