Bu gün dünyanın siyasi xəritəsinin əsaslı şəkildə deformasiyaya uğradığını müşahidə edirik. Köhnə düzən pozulmaqda, qloballaşma isə böhranlara səbəb olmaqdadır. Geosiyasi qarşıdurmalar, iqtisadi maraqlar uğrunda rəqabət, regional münaqişələrin genişlənməsi və böyük dövlətlərin hegemonluq cəhdləri mövcud beynəlxalq sistemi daha da zəiflədib. Bu proseslər həm qlobal təhlükəsizliyi, həm də regional sabitliyi ciddi təhdid altında saxlayır. Geosiyasi qarşıdurmalar və böyük dövlətlərin hegemonluq mübarizəsi dünya üçün hansı təhlükələr yaradır?
Moderator.az-a danışan hüquqşünas Əli Qədimov deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış qaydalara əsaslanan beynəlxalq nizam – BMT, Bretton Woods maliyyə institutları və çoxtərəfli ticarət sistemi – uzun müddət qlobal sabitlik və inkişafın əsas dayaqları kimi çıxış etmişdir. O qeyd edib ki, lakin XXI əsrin üçüncü onilliyində bu sistem ciddi təzyiqlərlə üzləşir: geosiyasi gərginliklər, milli maraqların üstün tutulması və beynəlxalq hüququn selektiv tətbiqi mövcud nizamın dayanıqlığını zəiflədir:
“Avropa İttifaqının 2025-ci il Strateji Hesabatı ("Strategic Foresight Report 2025") bu tənəzzülü açıq şəkildə qəbul edir. Hesabat üç əsas mesaj verir: birincisi, təhlükəsizlik və hibrid təhdidlərin yeni arxitekturası; ikincisi, qaydalar əsasında nizamın sistematik eroziyası; üçüncüsü, Aİ-nin texnologiya, enerji və xammal sahəsindəki strateji asılılıqlarının artması. Hesabatda “hər şey silaha çevrilə bilər” ifadəsi vurğulanaraq dezinformasiya, kiberhücumlar və enerji təzyiqlərinin klassik müharibə-sülh çərçivəsini aşdığı göstərilir
Nizamın zəifləməsinin əsas səbəbləri sırasında Rusiyanın Ukraynaya qarşı təcavüzü, ABŞ-Çin rəqabəti, multipolyarlığın yüksəlişi və beynəlxalq hüququn seçici tətbiqi qeyd olunur. Rusiya-Ukrayna müharibəsi Avropa Şurası tərəfindən qaydalar əsasında nizamın ən frontal pozuntusu kimi dəyərləndirilir. ABŞ-ın təcridçi siyasətləri, Çinin Tayvan və Cənubi Çin dənizindəki mövqeləri də mövcud sistemi daha da gərginləşdirir. Bununla yanaşı, BRICS və digər alternativ platformalar Qlobal Cənubun beynəlxalq arenada daha iddialı rol almasına səbəb olur.
Hüquqşünas əlavə edib ki, beynəlxalq hüququn tətbiqindəki qeyri-ardıcıllıq da böhranı dərinləşdirir:
“Məsələn, Ukrayna ilə bağlı prinsipial mövqeyin digər regional münaqişələrdə tətbiq edilməməsi Qlobal Cənubda ciddi etimadsızlıq yaradır. Bu, qaydalara əsaslanan nizamın universal ədalət iddiasını sarsıdır. Avropa İttifaqı qarşısında strateji dilemma yaranır: bir tərəfdən demokratiya və hüququn aliliyi kimi universal dəyərləri müdafiə etmək, digər tərəfdən isə təhlükəsizlik və iqtisadi maraqları önə çəkmək. Aİ müdafiə xərclərini artırır, strateji avtonomiyaya can atır, lakin seçici tətbiqləri və ikili standartları səbəbilə reputasiya riskləri ilə üzləşir. Hesabat açıq şəkildə bildirir ki, əvvəlki status-kvoya geri dönüş qeyri-mümkündür və Aİ yalnız daha çevik, inklüziv və proaktiv siyasətlə sabitliyini qoruyub saxlaya bilər. Bu, təkcə Avropaya deyil, bütün beynəlxalq ictimaiyyətə ciddi xəbərdarlıqdır. Tənəzzülün səbəbləri geosiyasi rəqabət, çoxqütblülük, ABŞ-ın təcridçi siyasətləri, regional müharibələr və beynəlxalq hüququn selektiv tətbiqindən qaynaqlanır”.
Sonda müsahibimiz bildirib ki, qaydalar əsasında beynəlxalq nizam tamamilə məhv olmaq üzrə deyil, lakin ciddi transformasiya tələb edir.:
“Avropa İttifaqının hesabatları və liderlərinin bəyanatları təhlükələrin reallığını qəbul edir və Aİ-ni daha çevik, proaktiv və inklüziv strategiyalar qurmağa çağırır. Qlobal miqyasda isə islahatın taleyi yalnız Avropanın deyil, həm də ABŞ, Çin, Rusiya və Qlobal Cənubun iradəsinə bağlı olacaq”.
Mehin Mehmanqızı