Rusiyada artan nifrət dalğası: Arxasında nə dayanır?
Aktual
1110
15:03, Bu gün

Rusiyada artan nifrət dalğası: Arxasında nə dayanır?

Rusiya Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşdən sonra səssizliyini pozaraq bəyan etdi ki, tərəflər arasında hələ bütün məsələlər razılaşdırılmayıb. Bu açıqlama ilə Moskva hansı mesajı vermək istəyir? 
Eyni zamanda, getdikcə gərginləşən münasibətlər fonunda Rusiya Moskvada  yaşayan azərbaycanlılara qarşı zor tətbiq edərək  nəyə nail olmağa çalışır? 
Moderator.az-a danışan Millət vəkili Sahib Alıyev bildirib ki, Rusiyanın rəsmiləri uzun müddətdir ki, diplomatik etiketi və diplomatik dili bir kənara qoyublar:
 
Millət vəkilinin sözlərinə görə,  xarici işlər nazirinin son açıqlamalarını diplomatik dildən çevirməli olsaq, bu, Moskvanın Vaşinqton danışıqlarının nəticələrindən narazı olduğunu açıq şəkildə nümayiş etdirməsi və həmin razılaşmaların reallaşmasına mane olmaq üçün bütün vasitələrdən istifadə edəcəyinə dair xəbərdarlığıdır:
 
 “Ola bilsin ki, Vaşinqton danışıqlarından sonra ilk dəfədir ki, Sergey Lavrov bu qədər açıq şəkildə Rusiyanın mövqeyini ifadə edir. Baxmayaraq ki, “səmimiyyət” və “Lavrov” sözləri nadir hallarda yanaşı işlənir.
Öz adı ilə çağırmalı olsaq, Rusiyanın Azərbaycana qarşı apardığı hibrid savaşın və orada yaşayan soydaşlarımıza yanaşmada yeridilən ksenofob siyasətin arxasında dayanan səbəblərdən biri dövlətimizin regionda yaratdığı geosiyasi  reallıq və özünün sülh planını dünyaya qəbul etdirməsi, Ermənistanın da müstəqil dövlətə çevrilməsi üçün şans yaratmasıdır.  Lakin bu qisasçılıqla yanaşı Rusiyanın hərəkətlərində təzyiq motivliləri də var.
Əlbəttə, Kremldə yaxşı bilirlər ki, Azərbaycanı təzyiq göstərməklə getdiyi yoldan geri döndərmək demək olar ki, mümkünsüzdür. Məncə, Moskva belə təzyiqlərlə bizim  Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gətirilməsinə göz yummamızı istəyir.  Lakin ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan münaqişə tərəfdarlarının hakimiyyətə gətirilərək yenidən regionu qarışdırmalarına laqeyd qala bilməz və qalmayacaq. Ona görə də Moskvanın bu istiqamətdəki planlarının uğur qazanması real görünmür.
Ötən əsrin əvvəllərində və ortalarında Rusiyada “qaragüruhçular” kimi tanınan qruplar əslində açıq şəkildə nasist və şovinist elementləri təmsil edirdilər. Bu ideologiya indi yenidən dövlət siyasətinin əsas xəttinə çevrilməkdədir. Əgər o zaman “Yəhudiləri döy, Rusiyanı xilas et!” şüarı əsas idisə, bu gün “Müsəlmanları, türkləri, Qafqaz xalqlarını döy, Rusiyanı xilas et!” çağırışları aktuallaşıb”.
 
Millət vəkili vurğulayıb ki, hətta Azərbaycanla Rusiya arasındakı mövcud gərginliklər olmasa belə, yaxın perspektivdə soydaşlarımız  yenə sərt yanaşmalarla üzləşə bilərdilər:
 
“Soydaşlarımızın atmalı olduğu addımlara gəldikdə isə, bir çoxları deyir ki, onlar öz ölkələrinə qayıtmalıdırlar. Amma əslində böyük əksəriyyətinin vətəni Rusiya sayılır, çünki onlar Rusiya vətəndaşlarıdır. Hazırkı reallıqları nəzərə alaraq proqnozlaşdırıram ki, təzyiqlər onlara qarşı daha da güclənəcək. Bununla bağlı qərar isə birbaşa oradakı soydaşlarımızın özlərinə aiddir. Onların bir çoxu biznes təcrübəsinə malikdir və kifayət qədər kapitalı var. İlk növbədə ən düzgün addımı özləri düşünməli və qərarlarını özləri verməlidirlər”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər