Panik atak niyə bu qədər sürətlə yayılır? - Müsahibə
Aktual
1536
09 Sep 2025 | 16:48

Panik atak niyə bu qədər sürətlə yayılır? - Müsahibə

Son zamanlar panik atakdan əziyyət çəkənlərin sayı artır. Bir çox insan gündəlik həyatda bu problemdən şikayətlənir.
 
Moderator.az mövzu ilə bağlı klinik psixoloq Rövşən Nəcəfov ilə müsahibəni təqdim edir:
 
– İlk olaraq,  panik atak nədir?
–Panik atak qəfil, gözlənilməz və çox güclü qorxu dalğasıdır. Bu zaman insan orqanizmində adrenalin sürətlə yüksəlir, ürək döyüntüləri artır, nəfəs daralır, başgicəllənmə, titrəmə, tərləmə və boğulma hissi meydana gəlir. Panik atak yaşayan insan tez-tez “infarkt keçirirəm”, “boğuluram”, “öləcəyəm” və ya “ağlımı itirirəm” kimi düşüncələrə qapılır. Ən çətin tərəfi isə tutmaların qəfil baş verməsi və həmin an nəzarətin itirildiyini hiss etdirməsidir. Bu hallar tez-tez təkrarlandıqda insanlarda gözləmə qorxusu formalaşır, yəni yenidən tutma olacaq deyə qorxu yaranır və vəziyyəti daha da ağırlaşdırır.
 
– Panik atakın simptomları hansılardır?
–Panik atak zamanı insan həm fiziki, həm də psixoloji əlamətlər yaşayır. Bunlara ürək döyüntülərinin sürətlənməsi və taxikardiya, bədənin tərləməsi, əllərin və ayaqların titrəməsi, nəfəs darlığı və boğulma hissi, sinədə ağrı, ürəkbulanma və qarın ağrısı daxildir. Başgicəllənmə və yıxılacaq kimi olmaq, ətraf aləmin qeyri-real görünməsi və ya özündən ayrılma hissi də tez-tez rast gəlinir. Nəzarəti itirmək və ya ağlını itirmək qorxusu, ölüm qorxusu, bədənin müxtəlif hissələrində uyuşma və qarışqa gəzir kimi paresteziyalar, isti və ya soyuq dalğalarının bütün bədəni bürüməsi də müşahidə olunur. Diaqnozun qoyulması üçün sadalanan əlamətlərdən ən azı dördünün eyni anda ortaya çıxması vacibdir.
 
– Son illərdə panik atak hallarının artmasının səbəbləri nədir?
– Burada əsas diqqət risk faktorlarına yönəlməlidir. Müasir dövrdə insanlar həm sosial, həm də bioloji baxımdan daha həssas vəziyyətə düşüb. COVID-19 pandemiyasından sonra qorxu, tənhalıq və qeyri-müəyyənlik gücləndi, bu da təşviş pozuntularının sayını artırdı. İqtisadi gərginlik, gündəlik stress və sosial təzyiqlər vəziyyəti daha da kəskinləşdirdi. Sosial media və fasiləsiz informasiya axını insanlarda daimi həyəcan və narahatlıq hissi formalaşdırdı. Yuxusuzluq, iş yükü, qeyri-sağlam həyat tərzi və genetik meyllilik də panik atak üçün risk faktorları hesab olunur. Müharibə və onun doğurduğu itkilər, daimi təhlükə hissi, köçkünlük və travmatik xatirələr də panik atakların yaranmasına və mövcud simptomların daha da güclənməsinə səbəb ola bilər. Bütün bu səbəblərə görə panik atakı yalnız fərdi problem kimi deyil, həm də cəmiyyətin dəyişən həyat tərzinin və travmatik təcrübələrinin nəticəsi kimi görmək lazımdır.
 
– Panik atakın yalnız psixoloji səbəbləri var, yoxsa fiziki amillər də rol oynayır?
– Yalnız psixoloji səbəblərdən danışmaq doğru olmaz. Panik atak həm bədənin, həm də zehnin birgə reaksiyasıdır. Fiziki tərəfdə adrenalin sürətlə yüksəlir, ürək döyüntüləri artır, nəfəs daralır, əzələlər gərginləşir. Bunlar əslində orqanizmin “qaç və ya mübarizə apar” mexanizminin işə düşməsidir. Psixoloji tərəfdə isə insan bu əlamətləri təhlükə kimi qəbul edir, infarkt keçirirəm, boğuluram, öləcəyəm kimi avtomatik düşüncələr yaranır. Həmin an bu düşüncələrin əsassızlığını dərk etmək mümkün olmur. Fiziki dəyişikliklər qorxunu gücləndirir, qorxu isə bu dəyişiklikləri daha da artırır və nəticədə panik atak meydana çıxır.
 
–Panik atakdan tamamilə sağalmaq mümkündürmü?
–Panik atakdan tam sağalmaq mümkündür. Əgər tutmalar çox sıx olur, insanın həyat keyfiyyətini ciddi şəkildə pozur və ya depressiya ilə müşayiət olunursa, psixiatr dərman müalicəsini, klinik psixoloq isə psixoterapiyanı tətbiq edir. Dərman müalicəsi başlanğıcda simptomların yüngülləşdirilməsi və pasiyentin terapiyaya daha rahat qoşula bilməsi üçün dəstək vasitəsi rolunu oynayır. Panik atak həyati təhlükə daşımır, o bədənin yanlış həyəcan siqnalından qaynaqlanır. Pasiyent bu siqnalları təhlükə kimi deyil, sadəcə keçici reaksiyalar kimi dərk etməyi öyrəndikdə qorxu azalır, simptomlar zəifləyir və zamanla tamamilə yox ola bilir. Bu dəyişiklikdə düşüncə çox önəmlidir, çünki koqnitiv davranış terapiyası, nəfəs məşqləri və gündəlik psixoloji texnikalar insana panik atakı idarə etməyi öyrədir.
 
– Adi psixoloq bu xəstəliyi müalicə edə bilərmi? Müalicə zamanı dərman müalicəsi mütləqdirmi, yoxsa psixoterapiya kifayətdir?
– Psixoloq psixiatrik diaqnoz qoymaq və dərman yazmaq səlahiyyətinə malik deyil. Psixiatrik diaqnozu yalnız psixiatr qoyur. Kliniki psixoloqun da diaqnoz qoymaq və dərman yazmaq haqqı yoxdur, lakin o, psixi pozuntuların psixoloji qiymətləndirilməsi və psixoterapiyanın aparılması üzrə ixtisaslaşıb. Buna görə də panik atak kimi hallarda məhz klinik psixoloq psixoterapiya aparır, adi psixoloq isə bu sahədə müalicəvi səlahiyyətə malik deyil. Ən düzgün yanaşma klinik psixoloqun psixoterapiya aparması, dərman müalicəsinin isə yalnız psixiatr tərəfindən təyin edilməsidir. Müalicə prosesi klinik psixoloq və psixiatrın əməkdaşlığı ilə aparıldıqda daha səmərəli nəticə verir. Bəzi hallarda nevroloqlar da panik atakı müalicə etdiklərini iddia edirlər, lakin nəzərə almaq lazımdır ki, panik atak nevroloji deyil, psixi pozuntudur və onun müalicəsi nevroloqun səlahiyyətinə daxil deyil. Doğru yanaşma psixiatr və klinik psixoloqun birgə fəaliyyətidir. Panik atakdan sağalmaq üçün kompleks yanaşma vacibdir. Psixiatrın dərman müalicəsi ilə klinik psixoloqun psixoterapiyası paralel aparıldıqda və pasiyent müalicəyə ciddi şəkildə əməl etdikdə, koqnitiv davranış terapiyasında verilən ev tapşırıqlarını yerinə yetirdikdə və dərmanları vaxtında qəbul etdikdə panik atakdan tam sağalmaq mümkündür.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər