Zəngəzur dəhlizinin TRIPP modeli kontekstində “Oyun nəzəriyyəsi” ilə təhlili
Aktual
268
14:44, Bu gün

Zəngəzur dəhlizinin TRIPP modeli kontekstində “Oyun nəzəriyyəsi” ilə təhlili

2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış tarixi razılaşma, Cənubi Qafqazda onilliklər boyu davam edən Ermənistan–Azərbaycan münaqişəsinin transformasiyası istiqamətində yeni mərhələnin əsasını qoydu. Razılaşmanın mərkəzində Ermənistanın cənubundan keçəcək strateji nəqliyyat marşrutu – Zəngəzur dəhlizi dayanır. Bu dəhlizin xüsusilə diqqətəlayiq cəhəti, onun ABŞ prezidenti Donald Trampın adı ilə – “Trump Route for International Peace and Prosperity” (TRIPP) – adlandırılması və bu infrastruktur layihəsinin inşası və istismarı üzrə Birləşmiş Ştatlara 99 illik xüsusi hüquqların verilməsi ilə bağlıdır. TRIPP modeli, bölgədə sülh və əməkdaşlıq imkanlarını yenidən gündəmə gətirsə də, bu təşəbbüsün əsasında yeni hüquqi konstruksiyalar, qlobal aktorların maraqlar balansı və çoxaktorlu strateji oyunlar kimi mürəkkəb məsələlər dayanır.
TRIPP razılaşmasının siyasi-hüquqi əsasları 
Vaşinqton görüşündə imzalanmış birgə bəyannamə və ikitərəfli memorandumlar əsasında Ermənistan, öz ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur nəqliyyat dəhlizinin inkişafı üçün ABŞ-a eksklüziv səlahiyyətlər tanımağı öhdəsinə götürdü. Sazişə görə, dəhliz Ermənistanın suverenliyində qalır və ölkənin milli qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək, lakin infrastrukturun qurulması və idarə edilməsi üçün ABŞ tərəfi uzunmüddətli (qeyd olunduğu kimi, 99 illik) “xüsusi inkişaf hüququ” əldə edir. ABŞ hökuməti marşrutu konsorsium vasitəsilə sub-icarəyə verməklə yolun tikintisini və istismarını təşkil etməlidir. Beləliklə, TRIPP hüquqi baxımdan müvəqqəti imtiyaz (konsessiya) mexanizminə söykənir – yəni bir dövlət öz ərazisində müəyyən funksiyaları digər dövlətə və ya onun təyin etdiyi quruma həvalə edir, ancaq formal suverenliyini saxlayır. Beynəlxalq hüquq praktikasında analoji nümunələr mövcuddur: məsələn, Honq-Konqun 99 illik icarəsi (1898–1997) və ya Panama kanalı zonası (1903–1999) uzunmüddətli icarə müqavilələrinin presedentlərini göstərir. Bununla belə, TRIPP-in spesifikliyi ondadır ki, o, birbaşa münaqişənin nizamlanması çərçivəsində sülhün institusional təminat aləti kimi dizayn edilmiş imtiyazdır.
Birgə bəyannamədə tərəflər nəqliyyat əlaqələrinin “dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında” açılacağını vurğuladılar. Bu formulyasiya Ermənistanın başlıca tələbinə – ərazisindəki yollara eksteritorial “dəhliz” statusunun verilməməsinə cavab verməyə yönəlib. Həqiqətən də, rəsmi mətn “dəhliz” anlayışından yayınır, onun yerinə “maneəsiz keçid” termininə istinad edir. Bununla belə, “maneəsiz keçid” anlayışı hüquqi baxımdan qeyri-müəyyən olub siyasi-hüquqi müstəvidə diskussiyalara səbəb olmuşdur. Belə ki, Azərbaycan “maneəsiz” ifadəsini “gömrük-sərhəd nəzarəti olmadan, bir ölkədən digərinə azad keçid” kimi nəzərdə tutur. Digər tərəfdən, Ermənistanın Baş naziri Vaşinqton görüşündən sonra bəyan etdi ki, Ermənistanın suverenlik alətləri zəiflədilə bilməz və pasport-gömrük nəzarəti tətbiq olunacaq, sadəcə, müəyyən sadələşdirmələr nəzərdə tutula bilər. O, texnoloji həllərin (elektron bəyannamə, “virtual sərhəd” və s.) gələcəkdə fiziki nəzarətə ehtiyacı azalda biləcəyini də qeyd etdi. Bu, mahiyyət etibarilə kompromis modellərin axtarışına işarədir: elə bir mexanizm ki, formal suveren nəzarət saxlanılır, lakin tranzit praktik olaraq fasiləsiz həyata keçir. Hüquqşünasların vurğuladığı kimi, bu tip hibrid həllər beynəlxalq hüquqda tam kodifikasiya olunmasa da, 1965-ci il Beynəlxalq Tranzit Konvensiyası (TIR Konvensiyası) və 1994-cü il Ticarətin Asanlaşdırılması Sazişi (Trade Facilitation Agreement, TFA) ev sahibi dövlətin suveren hüquqlarını qorumaqla tranzitin asanlaşdırılmasını şərtləndirir. Deməli, Ermənistan sərhəddə minimal nəzarət imkanından tam imtina etmədən prosedurların sürətləndirilməsini öhdəsinə götürə bilər. 
TRIPP modelinin tətbiqi Ermənistanın daxili hüquq nizamı prizmasından da suallar doğurur. Əvvəla, Ermənistan Konstitusiyasında Dağlıq Qarabağa dair müddəalar mövcuddur. Azərbaycan tərəfi sülh sazişi üçün şərt kimi Ermənistan Konstitusiyasından Qarabağla bağlı hər hansı ərazi iddiası mənasına gələn ifadələrin çıxarılmasını tələb etmişdir. Azərbaycan rəsmiləri bunu “sülhün qarşısındakı yeganə maneə” kimi qiymətləndirərək, “Ermənistan konstitusion səviyyədə ərazi iddiasından imtina edən kimi Azərbaycan dərhal sülh sazişini imzalamağa hazırdır” bəyanatını vermişdir. Baş nazir Paşinyan artıq konstitusiya dəyişikliyi üzrə referendum çağırışı etsə də, hələlik dəqiq tarix müəyyənləşdirilməyib; ehtimal olunur ki, 2026-cı ilin iyunundakı parlament seçkilərindən əvvəl yeni konstitusiya layihəsi hazırlanacaq. Bu tələbin Ermənistan daxilində ciddi siyasi polemika yaratdığı müşahidə olunur: müxalifət bunu “məğlub tərəfin alçaldıcı güzəşti” kimi dəyərləndirir, hökumət isə sülhün əldə olunması üçün zəruri addım kimi əsaslandırır.
Bundan başqa, TRIPP imtiyazının Ermənistanın milli qanunvericiliyinə inteqrasiyası da gündəmə gəlir. Sazişin ratifikasiyası üçün Ermənistan parlamentinin qərarı tələb olunur ki, ABŞ-a 99 illik hüquqlar rəsmən tanınsın. Bu nöqtədə sual yaranır: Ermənistan Konstitusiyası ölkə ərazisinin müəyyən sahələrinin idarəçiliyinin faktiki olaraq xarici subyektə verilməsinə imkan verirmi? Formal suverenlik saxlanılsa da, müxalif mövqelər bunu “Ermənistan ərazisinin beynəlxalq konsessiyaya verilməsi” kimi şərh edə bilər. Hüquqi baxımdan, beynəlxalq konsessiyalar dövlətin razılığına söykəndiyindən (yəni Ermənistan özü buna razıdırsa) konstitusiyaya zidd sayılmaya da bilər.
Geosiyasi aktorların TRIPP-də maraqları və mövqeləri
Zəngəzur dəhlizi ideyasının başlıca təşəbbüskarı Azərbaycan Respublikasıdır. Bakı uzun illərdir ki, ölkənin əsas ərazisi ilə eksklav statuslu Naxçıvan Muxtar Respublikasını birləşdirən quru yolunun bərpasına çalışır. 2020-ci il 44 günlük Vətən Müharibəsindən sonra Prezident İlham Əliyev bu məsələni milli prioritetə çevirərək açıq şəkildə bəyan etmişdi ki, “istər xoşluqla, istər zorla bu dəhliz açılacaq”. Bu ritorika ölkə daxilində “tarixi torpaqlara qayıdış” və “Turan yolu” kimi konseptual çərçivələrlə müşayiət olunur. TRIPP razılaşması çərçivəsində Azərbaycan istədiyi quru əlaqəsini əldə edir. Bu layihə artıq yalnız ikitərəfli deyil, bütün regional aktorlar, o cümlədən əvvəlki proseslərdən kənarda qalmış Rusiya üçün də açıqdır və bu səbəbdən inklüziv regional inteqrasiyaya töhfə verir. Bundan əlavə, Vaşinqtonda əldə olunmuş razılaşma nəticəsində Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu da formal şəkildə ləğv edilir ki, bu da uzun müddətdir nəticəsiz fəaliyyətinə görə tənqid olunan bu formatın arxivləşdirilməsi deməkdir və Azərbaycan diplomatiyasının strateji məqsədlərindən biri sayılır. Digər mühüm dönüş nöqtəsi isə ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış fərmanla Freedom Support Act-in 907-ci bəndinin (1992-ci ildən etibarən ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığını məhdudlaşdıran norma) dayandırılmasıdır ki, bu da Bakıya ABŞ-dan birbaşa hərbi yardım imkanını açır. Beləliklə, Azərbaycan eyni anda həm nəqliyyat, həm də hərbi-strateji sahələrdə yeni imkanlara yiyələnir. 
TRIPP razılaşması Ermənistan üçün həm mürəkkəb, həm də yüksək siyasi qiymətə başa gələn bir kompromis kimi qiymətləndirilə bilər. Rəsmi İrəvanın bu razılaşmadan əsas qazancı – ölkənin ərazi bütövlüyünün tanınması, Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya xətlərinin açılması və uzunmüddətli sülh perspektivinin təmin edilməsidir. Müqavilənin birinci maddəsində qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması ayrıca qeyd olunur ki, bu da onilliklər boyu silahlı münaqişə yaşamış iki dövlət arasında əhəmiyyətli diplomatik irəliləyiş kimi çıxış edir.
Sənəd eyni zamanda Zəngəzur üzərindən keçəcək yolun Ermənistanın yurisdiksiyasında qalacağını təsbit etməklə, İrəvana “dəhliz” anlayışının qarşısını alma və suverenlik hüququnu qoruma imkanını verir. Bu səbəbdən, Paşinyan hökuməti TRIPP razılaşmasını daxili auditoriyaya “Ermənistanın suveren nəzarətində olan, lakin beynəlxalq dəstəklə həyata keçirilən kommunikasiya təşəbbüsü” kimi təqdim edir. Belə bir təqdimat Ermənistanın Rusiya asılılığından uzaqlaşaraq Türkiyə və Azərbaycanla iqtisadi əlaqələri normallaşdırmaqla blokadadan çıxmasını və regionda tranzit ölkə rolunu gücləndirməsini hədəfləyir.
Baş nazir Paşinyan bu razılaşmanı “tarixi uğur” kimi qiymətləndirir və vurğulayır ki, Meğri (Zəngəzur) üzərindən keçəcək yol Ermənistanın suverenliyi çərçivəsində idarə olunacaq və bu, ölkənin milli maraqlarına xidmət edəcək. Bu yanaşma ilə paralel şəkildə, Ermənistan və ABŞ arasında imzalanmış “Sülh yollarının kəsişməsi” (Crossroads of Peace) adlı tərəfdaşlıq memorandumu da diqqətəlayiqdir. Memorandumun şərtlərinə əsasən, ABŞ investisiyaları vasitəsilə Ermənistanın nəqliyyat və infrastruktur sisteminin müasirləşdirilməsi planlaşdırılır. Bu da öz növbəsində, İrəvanın Rusiya təsirindən qurtularaq yeni strateji tərəfdaş – ABŞ-ın dəstəyini qazanmaq istəyi kimi şərh olunur.
Lakin bütün bu müsbət təqdimatlara baxmayaraq, ciddi suallar da mövcuddur. Məsələn, ABŞ bu təşəbbüsü 99 il ərzində davam etdirmək öhdəliyinə sadiq qalacaqmı? Və ya TRIPP marşrutu üzrə təhlükəsizlik riskləri (təxribatlar, silahlı qarşıdurmalar və s.) yaranarsa, ABŞ bu hallara faktiki müdaxilə edəcəkmi? Bu cür fundamental suallar hələlik açıq qalır və cavablandırılmayıb.
Türkiyə, TRIPP layihəsinin ən böyük geosiyasi qaliblərindən biridir. Ankara uzun illərdir Azərbaycanla paralel şəkildə, bütövlükdə türk dünyasını birləşdirəcək nəqliyyat dəhlizlərinin inkişafını strateji prioritet kimi irəli sürür. Bu baxımdan Zəngəzur dəhlizi mərkəzi əhəmiyyət kəsb edir; çünki məhz bu marşrut vasitəsilə Türkiyə Naxçıvan üzərindən birbaşa Azərbaycanın əsas ərazilərinə, oradan isə Xəzər dənizini keçməklə Mərkəzi Asiyaya çıxış imkanı əldə edir. Beləliklə, Türkiyə regionda önəmli bir tranzit aktora çevrilə bilər və bu, eyni zamanda İran ərazisindən keçən alternativlərə olan asılılığın azaldılmasına xidmət edir.
TRIPP modelində ABŞ əsas iştirakçı olsa da, Türkiyənin bu layihədə rolu dolayı yolla strateji mahiyyət daşıyır və Ankaranın maraqları ilə üst-üstə düşür. Yolun açılması, Azərbaycanın strateji hədəflərinə çatması və Ermənistanla münasibətlərin normallaşması perspektivlərinin yaranması Türkiyə üçün də əlverişli nəticələr yaradır. Bu kontekstdə bəzi müşahidəçilər qeyd edirlər ki, TRIPP layihəsi daxilində təhlükəsizlik və idarəetmə mexanizmlərində ABŞ-ın Türkiyənin təcrübə və potensialına arxalanacağı ehtimalı var. Anlaşmanın elan olunmasının ardından Türkiyə rəsmilərinin bunu açıq şəkildə alqışlaması da bu yanaşmanı gücləndirir.
Bununla belə, müəyyən məqamlar Türkiyənin imkanlarını tam sərbəst şəkildə reallaşdırmasına əngəl yarada bilər. ABŞ, bölgədə balansı qorumaq və regional güclər arasında hegemoniyanın bir tərəfə keçməsinin qarşısını almaq məqsədilə, Türkiyənin həddən artıq möhkəmlənməsinə də müəyyən çərçivələr qoymaq niyyətində ola bilər. Bu mənada, TRIPP layihəsi Türkiyə üçün strateji qazanc vəd etsə də, layihənin hüquqi-siyasi əsaslarında ABŞ-ın dominant mövqeyi müəyyən məhdudiyyətlər də doğurur. Məsələn, Çin tərəfindən dəstəklənən və Türkiyənin önəm verdiyi “Orta Dəhliz” (Middle Corridor) təşəbbüsünün Zəngəzur üzərindən keçməsi TRIPP çərçivəsində daha çox ABŞ-ın nəzarətinə tabe olacaq. Bu isə həmin marşrutun Çin üçün istifadəsində məhdudiyyətlərin tətbiqinə yol aça bilər.
Bundan başqa, TRIPP-in təhlükəsizlik infrastrukturunda Türkiyə hərbi qüvvələrinin iştirakı nəzərdə tutulmur. Bu, Türkiyənin layihədən əsasən iqtisadi və tranzit mənfəət əldə edəcəyi, lakin geosiyasi idarəetmədə ikincili mövqedə qalacağı anlamına gəlir. Yəni, TRIPP layihəsi Türkiyəyə iqtisadi imkanlar təqdim etsə də, layihənin strukturunda geopolitik dominantlıq ABŞ-a məxsus qalır.
Bütün bunlara baxmayaraq, Türkiyə TRIPP təşəbbüsünü özünün “Turan yolu” vizyonunun gerçəkləşməsində əhəmiyyətli bir mərhələ kimi qiymətləndirir. Ankara, Azərbaycanın bu kontekstdə əldə etdiyi uğurları birbaşa öz uğuru kimi qəbul edir və bu uğurları regional geosiyasi təsir dairəsinin genişlənməsi istiqamətində istifadə etməyə çalışır. Layihənin icrası həmçinin Türkiyə-Rusiya-İran üçbucağında Türkiyənin mövqeyinin möhkəmlənməsinə də xidmət edir. Əvvəllər daha çox Moskvanın moderatorluğu ilə oynanan Cənubi Qafqaz geosiyasi səhnəsində indi Türkiyə, ABŞ kimi qlobal aktorun da daxil olduğu çoxaktorlu oyunda iştirak imkanı qazanır. Bu isə Ankaraya daha çevik və balanslı regional siyasət yürütmək imkanı verir.
Rusiya üçün TRIPP layihəsi acı sürpriz oldu. Xatırladaq ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat çərçivəsində, Zəngəzur dəhlizinin açılması təşəbbüsünün əsas himayədarlarından biri məhz Rusiya idi. Həmin sənədin 9-cu bəndinə əsasən, Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət etməli idi. Lakin bu razılaşma real həyata keçirilmədi və zaman keçdikcə kağız üzərində qalmış bir niyyət bəyanatına çevrildi.
Belə bir kontekstdə Vaşinqtonun ev sahibliyi etdiyi yeni razılaşma faktiki olaraq həmin üçtərəfli bəyanatın hüquqi və siyasi çəkisini zəiflətdi. Bununla da Rusiya, Cənubi Qafqazda uzun illər ərzində formalaşdırdığı əsas vasitəçi və tənzimləyici rolunu ciddi şəkildə itirmək təhlükəsi ilə üzləşdi. Bu zərbə Kreml üçün təkcə simvolik deyil, həm də strateji əhəmiyyət daşıyır, çünki bölgənin əsas dəhlizlərinə nəzarətin əldən çıxması, Rusiyanın “arxa bağça” kimi qəbul etdiyi Cənubi Qafqazda nüfuzunun azalması deməkdir.
Rusiya Xarici İşlər Nazirliyi ilkin reaksiyasında qeyri-müəyyən və ikili mövqe sərgilədi. Bir tərəfdən, Vaşinqtonda aparılan sülh təşəbbüsünü alqışladığını bildirdi, digər tərəfdən isə "region ölkələrinin — Rusiya, İran və Türkiyənin vasitəçiliyi ilə həll" konsepsiyasını irəli sürdü. Bununla yanaşı, kənar güclərin regionda yaratdığı “acı təcrübələrə” istinad etməklə, Qərbin bu coğrafiyadan uzaq durması barədə dolayı bir xəbərdarlıq verdi. Rusiya dövlət mediası isə daha açıq və sərt mövqe ortaya qoydu, TRIPP-i “böhran” kimi xarakterizə edərək onun region sabitliyini pozacağını vurğuladı.
Kreml üçün əsas narahatlıq ondan ibarətdir ki, ABŞ kimi qlobal rəqib güc regiona daxil olur və həm Ermənistan, həm də Azərbaycanla yeni münasibətlər qurur. Azərbaycan TRIPP layihəsində Rusiyanın deyil, ABŞ-ın rolunu qəbul edir, Ermənistan isə Moskva ilə strateji müttəfiqliyinə baxmayaraq, Vaşinqtona yaxınlaşmaqda davam edir. Bu geosiyasi reallıqlar Rusiya üçün nəinki narahatedici, hətta strateji məğlubiyyətin ilkin əlamətləri kimi qiymətləndirilə bilər.
Lakin Kremlin əlində hələ də müəyyən rıçaqlar mövcuddur. Məsələn, Ermənistan dəmir yolları Rusiyanın nəzarətində olan bir operator tərəfindən idarə olunur. Bu isə TRIPP çərçivəsində planlaşdırılan marşrutun Ermənistan daxilində Rusiya infrastrukturu ilə kəsişməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan, Ermənistan Baş naziri Paşinyanın Rusiya Prezidenti Putinlə son danışıqlarında “bu yoldan Rusiyanın da faydalana biləcəyini” vurğulaması təsadüfi deyil və mümkün yumşaldıcı siqnal kimi də oxuna bilər.
Bundan əlavə, Rusiya layihəyə inteqrasiya olunmaqla özü də TRIPP dəhlizindən iqtisadi baxımdan faydalana bilər. Əgər Moskva bu dəhliz vasitəsilə Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə quru çıxış əldə edərsə, bu, yeni iqtisadi imkanlar yarada və ümumi mənzərədə balanslaşdırıcı rol oynaya bilər. Ancaq əks ssenari də mümkündür. Əgər Rusiya TRIPP layihəsinə açıq şəkildə qarşı çıxmaq qərarına gələrsə, əlində bir sıra təsir mexanizmləri var. Azərbaycana təzyiq üçün Qarabağ ermənilərinin taleyi məsələsi və enerji layihələrinə yönəlik dolayısı təhdidlər, Ermənistana qarşı isə iqtisadi və sosial asılılıqlar (ticarət, enerji, miqrant axını) vasitəsilə təsir imkanları real olaraq qalır.
Son aylarda müşahidə edilən bəzi hadisələr — məsələn, rus hərbi qüvvələrinin Ukraynada Azərbaycanla əlaqəli neft infrastrukturlarına zərbələr endirməsi Kremlin Bakıya dolayı mesaj göndərmək üçün qeyri-rəsmi yollar da istifadə etdiyini göstərir. Bu cür mesajlar Rusiyanın TRIPP-in arxasında Vaşinqtonun durmasına qarşı narazılığını nümayiş etdirir və “bizsiz bu işə girişməyin” xəbərdarlığıdır.
TRIPP layihəsinin digər geosiyasi nəticələrindən biri də Rusiya-İran yaxınlaşmasının sürətlənməsi ola bilər. Hər iki dövlətin ABŞ-ın Cənubi Qafqazda artan rolundan narahat olduğu aşkardır. Bu kontekstdə Tehran və Moskvanın ortaq narazılığı onları daha koordinasiyalı mövqe tutmağa sövq edə bilər.
Hazırda Kremlin TRIPP layihəsinə münasibəti “açıq qarşıdurma” səviyyəsinə keçməyib. Bunun əvəzinə “gözlə və gör” strategiyası seçilmişdir. Bu strategiya həm Vaşinqtonun növbəti addımlarını izləməyi, həm də regional tərəfdaşların – xüsusilə Ermənistan və Azərbaycanın davranışlarına uyğun adaptasiya olunmağı nəzərdə tutur.
Əgər TRIPP uğurla həyata keçirilərsə, bu, Rusiya üçün yalnız bir layihənin uğursuzluğu deyil, həm də Cənubi Qafqazda son 30 ildə formalaşdırdığı geosiyasi arxitekturanın ciddi şəkildə sarsılması anlamına gələcək. Bu isə bölgədəki qüvvələr balansında “paradiqma dəyişikliyi” deməkdir.
İran üçün Zəngəzur dəhlizi məsələsi hələ ilkin mərhələlərdən etibarən həssas geosiyasi mövzu kimi qiymətləndirilmişdir. Tehran Ermənistanla 44 kilometrlik quru sərhədini paylaşır və bu coğrafi zolaq Azərbaycanla Türkiyə arasında ardıcıl geosiyasi bağlantını kəsən yeganə fiziki maneə rolunu oynayır. İran tərəfi bu sərhədin potensial olaraq ləğvi və ya funksional qeyri-müəyyənliyə məruz qalması halında, Cənubi Qafqazda Türkiyə-Azərbaycan strateji oxunun güclənəcəyindən, eyni zamanda Ermənistanla birbaşa əlaqələrinin zəifləyəcəyindən ciddi narahatlıq keçirmişdir. Bu səbəbdən İran 2021–2022-ci illərdə Azərbaycanla sərhədyanı bölgələrdə genişmiqyaslı hərbi təlimlər keçirmiş və “regionda sərhədlərin dəyişdirilməsinə yol verilməyəcəyi” barədə kəskin siyasi bəyanatlarla çıxış etmişdi.
TRIPP təşəbbüsünün ictimaiyyətə açıqlanması ilə yanaşı, İranın siyasi elitasından sərt reaksiyalar səsləndi. İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti, açıq şəkildə bildirərək bəyan etdi: “Bu dəhliz Trampın özəl yolu olmayacaq, əksinə, Trampın muzdlu əsgərlərinin məzarlığına çevriləcək”. Bu ritorik ifadə əslində ABŞ-nin TRIPP çərçivəsində bölgədə hərbi iştirakının mümkünlüyünə qarşı yönəlmişdi. Vilayətinin qeyd etdiyi “Trampın muzdlu əsgərləri” ifadəsi, yolun təhlükəsizliyinin təminində xarici özəl hərbi podratçılardan istifadə edilə biləcəyi barədə yayılan informasiyalara istinad edir.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyi (XİN) məsələyə daha balanslı və diplomatik yanaşma nümayiş etdirərək, TRIPP razılaşmasını regionda sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş addım kimi qiymətləndirmişdir. Lakin XİN eyni zamanda bəyan etmişdir ki, “regionda sərhədlərin dəyişdirilməsi və xarici müdaxilələr regional təhlükəsizlik üçün ciddi təhdid yarada bilər”. Bu, Tehranın açıq hərbi qarşıdurmadan yayınmaq istədiyini göstərsə də, proseslərə diqqətlə nəzarət etdiyini və müəyyən şərtlərlə layihəyə loyal yanaşacağını ehtiva edir.
Analitik təhlillər göstərir ki, İran hazırda həm daxili, həm də xarici təzyiqlərin təsiri altındadır. İqtisadi baxımdan sanksiyalar nəticəsində ciddi sıxıntılar yaşanır, siyasi müstəvidə isə beynəlxalq təcrid riski mövcuddur. Bundan əlavə, 2025-ci ilin iyun ayında İsraillə yaşanan 12 günlük qarşıdurma İran ordusunun hərbi imkanlarını zəiflətmiş, müdafiə qabiliyyətini şübhə altına almışdır. Bu şəraitdə İranın TRIPP layihəsini güc yolu ilə dayandırmaq imkanları olduqca məhdud görünür. Əlavə olaraq, layihə Ermənistan ərazisində həyata keçirildiyindən və İran torpağından keçmədiyindən, Tehranın layihəni texniki və hüquqi baxımdan bloklama imkanları da yoxdur.
Bununla belə, İran Ermənistanla sərhəddə öz nəqliyyat və təhlükəsizlik infrastrukturunu gücləndirərək, İrəvanın Tehrandan iqtisadi və geosiyasi baxımdan uzaqlaşmasının qarşısını almağa çalışa bilər. Belə bir strategiya, İranın öz maraqlarını daha çox müdafiə etməyə yönəlmiş preventiv yanaşmasının nümunəsi sayıla bilər. Maraqlıdır ki, bəzi İran mənbələrində ehtiyatlı bir optimizm müşahidə olunmaqdadır. Əgər TRIPP layihəsinin texniki parametrləri Ermənistan–İran əlaqələrinin tam kəsilməsini ehtiva etmirsə və İran bu kommunikasiya kanalları vasitəsilə Ermənistanla iqtisadi münasibətlərini davam etdirə biləcəksə, Tehran layihəyə açıq və tam qarşı çıxmaqdan çəkinə bilər.
Bundan əlavə, İranın siyasi elitasına yaxın çevrələr Rusiya ilə bağlı da müəyyən narazılıq ifadə etmişdir. Belə ki, bəzi İran mənbələri Moskvanı bu razılaşma fonunda İranın maraqlarını kifayət qədər nəzərə almamaqda ittiham etmişdir. Bu, İran-Rusiya münasibətlərində gərginliyin artma ehtimalına işarə kimi qəbul edilə bilər. Halbuki Rusiya regionda balanslaşdırıcı güc kimi çıxış edərək, Tehran üçün uzun illər strateji tərəfdaş rolunu oynamışdır.
Nəticə etibarilə, İran TRIPP təşəbbüsünə qarşı rəsmi şəkildə sərt mövqe sərgiləmir, lakin “qırmızı xətlər” olaraq qəbul etdiyi iki əsas prinsipin pozulmamasını açıq şəkildə bəyan edir. Bu xətlərdən birincisi, Ermənistanla İran arasında mövcud olan sərhəd əlaqələrinin tam şəkildə kəsilməməsidir. İkincisi isə, layihə çərçivəsində sərhədyanı ərazilərdə ABŞ və ya digər xarici hərbi qüvvələrin mövcudluğunun təmin olunmamasıdır.
İrəvan bu vəziyyəti nəzərə alaraq, İranla əlaqələri qorumağa xüsusi diqqət göstərmiş və Tehranla yüksək səviyyəli təmaslara başlamışdır. Ermənistan tərəfi Tehranı əmin etməyə çalışmışdır ki, TRIPP layihəsi çərçivəsində yol Ermənistanın suverenliyində qalacaq, hər hansı xarici hərbi qüvvə layihədə iştirak etməyəcək və İran–Ermənistan arasında mövcud olan iqtisadi və logistik bağlantılar bağlanmayacaq. Bu diplomatik gediş İranın layihəyə münasibətini yumşalda və regional sabitliyin qorunmasına töhfə verə bilər.
TRIPP modelinin memarı və ən fəal aktoru Amerika Birləşmiş Ştatlarıdır. Prezident Donald Trampın 2025-ci ildə yenidən vəzifəyə başlamasından sonra, özünü qlobal arenada “sülhməramlı lider” kimi təqdim etməyə çalışmış və bir neçə beynəlxalq münaqişədə vasitəçi rolunu ön plana çıxarmışdır. Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş razılaşma da Tramp administrasiyası tərəfindən mühüm diplomatik uğur kimi təqdim edilir. Hətta Ağ Ev rəsmiləri bu təşəbbüsə Trampın adını verərək layihəni geniş ictimaiyyətə çatdırmaqda PR fürsətindən yararlanmış və onu Nobel Sülh Mükafatına layiq namizəd kimi təqdim etmişlər.
Strateji baxımdan TRIPP ABŞ-ın Cənubi Qafqaz regionunda indiyə qədər müşahidə edilməmiş dərəcədə dərin iştirakı ilə nəticələnir. Belə ki, Vaşinqton ilk dəfə olaraq bu bölgədə iri infrastruktur layihəsini birbaşa nəzarətə götürmüş və 99 illik konsessiya hüququ qazanmışdır. Ağ Ev nümayəndələrinin fikrincə, bu addım regionun iqtisadi potensialını kommersiya vasitələri ilə reallaşdırmaq və eyni zamanda yeni münaqişələrin qarşısını almaq üçün bir mexanizm rolunu oynayacaq. Bu yanaşma ABŞ-ın iqtisadi inkişafı dəstəkləməklə regional sabitliyə töhfə vermək strategiyasına uyğundur.
Bununla yanaşı, TRIPP layihəsinin geostrateji ölçüləri də diqqətəlayiqdir. ABŞ rəsmiləri açıq şəkildə bildirirlər ki, bu təşəbbüs eyni zamanda Rusiyanın, İranın və Çinin regiondakı təsir imkanlarını məhdudlaşdırmağa yönəlib. Layihə çərçivəsində Vaşinqton Azərbaycanı İbrahim Sazişləri adlanan prosesə – İsraillə əlaqələrin normallaşdırılması təşəbbüsünə cəlb etməyi də planlaşdırır. Bu yanaşma həm də İran əleyhinə regional ittifaqların gücləndirilməsi strategiyasına xidmət edir. Bundan başqa, TRIPP vasitəsilə ABŞ enerji və ticarət axınlarını Qərbin maraqlarına uyğun istiqamətləndirmək imkanı qazanır. Ağ Ev nümayəndələri dəhlizin Xəzər regionunun enerji resurslarının ixracını asanlaşdıracağını vurğulamışlar.
Bütün bu məqsədlər “Yeni Böyük Oyun”un elementləri kimi dəyərləndirilə bilər. Belə ki, ABŞ bu layihə vasitəsilə Rusiya-İran-Çin oxunu zəiflətmək, Türkiyəni nəzarətli şəkildə təşviq etməklə öz tərəfinə çəkmək və nəticədə regionu Qərb düzəninə inteqrasiya etmək niyyətindədir. Lakin bu strateji yanaşmanın ABŞ üçün risklərdən azad olmadığını da qeyd etmək lazımdır. Belə ki, Vaşinqton bu layihə ilə yalnız iqtisadi konsessiya əldə etməklə kifayətlənir, lakin real təhlükəsizlik təminatı təmin olunmamış qalır. Nə Ermənistan üçün, nə də planlaşdırılan dəhlizin özünün təhlükəsizliyi baxımından hüquqi və praktiki zəmanətlər təqdim olunmayıb. Bu isə onu göstərir ki, əgər regional vəziyyət gərginləşərsə, ABŞ daha dərindən müdaxilə etməyə (məsələn, sülhməramlı qüvvələrin yerləşdirilməsi) məcbur ola bilər və ya əks halda ciddi nüfuz itkisi ilə üzləşə bilər.
Bununla belə, qısamüddətli perspektivdə TRIPP layihəsi Tramp administrasiyası üçün mühüm siyasi uğur kimi təqdim olunur. ABŞ mediasında bəzi analitiklər bu təşəbbüsü “Tramp Körpüsü” adlandıraraq onun simvolik məna daşıyan, tarixi bir layihəyə çevriləcəyini irəli sürürlər. Bu ifadə həm Trampın öz mirasını formalaşdırmaq cəhdini, həm də ABŞ-ın regionda möhkəmlənmək üçün irəli sürdüyü yeni yanaşmanın mahiyyətini təcəssüm etdirir.
Zəngəzur dəhlizinin “Oyun nəzəriyyəsi” ilə təhlili
Zəngəzur dəhlizi ətrafında baş verən geosiyasi prosesləri oyun nəzəriyyəsi çərçivəsində, çoxaktorlu interaktiv oyun kimi modelləşdirmək mümkündür. Bu oyunun əsas iştirakçıları Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və ABŞ-dır. Hər bir aktor öz spesifik maraqları və strateji yanaşması ilə qərar qəbul edərək oyundakı mövqeyini formalaşdırır. 2020-ci ildən sonra yaranan şəraitdə Azərbaycanın əsas strategiyası "təzyiq və güc tətbiqi" idi. Bakının oyun planında seçim sadə idi: ya Ermənistan marşrutu güzəştə gedərək açacaq, ya da Azərbaycan hərbi gücdən istifadə edəcəkdi. Bu yanaşma klassik "Chicken Game" ssenarisini xatırladır: iki tərəf bir-birinə doğru irəliləyir və kimin ilk geri çəkiləcəyi nəticəni müəyyən edir. Hər ikisi inad etsə, toqquşma qaçılmazdır (müharibə); bir tərəf geri çəkilərsə, digəri qalib sayılır. Azərbaycan tərəfi yüksək riskə hazır olduğunu göstərərək, ardıcıl hərbi təhdidlər vasitəsilə qarşı tərəfi geri addım atmağa məcbur etməyə çalışırdı.
Ermənistan isə bu təzyiqlərə qarşı daha fərqli strategiya – “vaxt qazanmaq və beynəlxalq dəstək axtarmaq” taktikasını seçdi. Baş nazir Paşinyan bir tərəfdən Rusiya ilə 2020-ci il sazişini işə salaraq onu prosesə cəlb etməyə çalışır, digər tərəfdən isə Avropa İttifaqının müşahidəçilərini dəvət etməklə status-kvonu dondurmağa səy göstərirdi. Bu da növbəti oyun mexanizmini – "uzatma və gecikdirmə strategiyasını" əks etdirirdi. Ermənistan hərbi qarşıdurmadan qaçaraq ümid edirdi ki, zamanla beynəlxalq şərtlər dəyişəcək və Azərbaycan təzyiqlərdən əl çəkəcək.
Lakin bu oyun statik deyil, təkrarlanan xarakter daşıyır. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ardıcıl olaraq “qələbə kartını” masaya qoyaraq müxtəlif təzyiq vasitələrindən istifadə etdi: Qarabağ ermənilərinə qarşı iqtisadi blokada, sərhəddə lokal hərbi irəliləyişlər və kəskin ritorika. Ermənistan bu şərtlərdə öz strategiyasını dəyişməyə məcbur oldu: ilkin mərhələdə "dəhliz olmaz" deyən İrəvan sonrakı mərhələdə "dəhliz mümkündür, lakin suverenlik şərtilə" mövqeyini qəbul etməyə başladı. Bu transformasiya, oyun nəzəriyyəsində “Məhbus dilemması” kontekstində izah oluna bilər – bir tərəf digərinin təkrarən anlaşmanı pozduğunu gördükcə, əməkdaşlıq meyli azalır və güzəşt strategiyası ehtiyatla dəyişdirilir.
Oyun mexanizmini dəyişdirən əsas amil isə ekzogen müdaxilə – yəni ABŞ-ın oyuna daxil olması oldu. Bu, oyun nəzəriyyəsində "üçüncü oyunçunun iştirakı ilə koalisiya formalaşması" kimi izah olunur. ABŞ həm Azərbaycan, həm də Ermənistan üçün əlavə təşviqlər təklif etdi: Bakıya sülh sazişini imzalamaqla beynəlxalq legitimlik, diplomatik dividendlər və İbrahim Sazişlərinə qoşulmaq potensialı vəd edildi; Ermənistana isə təhlükəsizlik təminatları, iqtisadi investisiyalar və blokadadan çıxmaq imkanı təqdim olundu. Bu isə "yan ödənişlər" (side payments) vasitəsilə iki tərəfi əməkdaşlığa təşviq edən strategiya idi. Eyni zamanda, ABŞ bir növ “hakim oyunçu” kimi çıxış edərək oyunun qaydalarının təminatçısı rolunu öz üzərinə götürdü. Məsələn, "maneəsiz keçid" məsələsində Ermənistanın suverenlik iddiası ilə Azərbaycanın nəzarətsiz keçid tələbi arasında balans yaratmaq üçün hibrid hüquqi model irəli sürüldü – formada suverenlik qorunur, məzmunda isə praktiki keçid asanlaşdırılır. Bu isə interaktiv oyunda etimadı artıran və kooperativ oyun mühitinin formalaşmasına töhfə verən mexanizmdir.
Bununla belə, oyun hələ başa çatmayıb – yəni Nash balansına hələ tam nail olunmayıb. Sülh müqaviləsinin imzalanması və konstitusiya dəyişikliyi kimi əsas mərhələlər hələ qarşıdadır. Bu isə o deməkdir ki, mövcud razılaşma daha çox oyunun bir raundunun nəticəsi kimi qiymətləndirilməlidir, nəinki yekun oyun nəticəsi. Əgər Ermənistan daxildə konstitusiya dəyişikliyini qəbul etməzsə və ya Paşinyan hökuməti daxili təzyiqlər nəticəsində devrilərsə, oyun yeni bir fazaya keçə bilər – bu halda Azərbaycanın yenidən təzyiq taktikasına qayıtması və ya hərbi variantlara əl atması istisna deyil. Eyni ilə Ermənistan da növbəti mərhələdə əməkdaşlıqdan imtina edə bilər.
TRIPP prosesi oyun nəzəriyyəsi baxımından "təkrar etimad oyunu" kimi də xarakterizə edilə bilər. Təkrarlanan Məhbus dilemması modelinə əsasən, əgər oyunçular qarşılıqlı əlaqədə olacaqlarsa, əməkdaşlıq strategiyası daha dayanıqlı və faydalı olur. Bu zaman "tit-for-tat" – yəni yaxşılığa yaxşılıq, xəyanətə cavab prinsipinə əsaslanan qarşılıqlı balanslı davranış mühüm rol oynayır. İndiyə qədərki mərhələdə Azərbaycan üstünlük əldə etmək üçün güc tətbiq edib, lakin ABŞ-ın iştirakı ilə ilk dəfə real əməkdaşlıq çərçivəsi qurulub. Bu, gələcək raundlarda hansı strategiyanın üstünlük təşkil edəcəyinə dair ciddi suallar doğurur. Məsələn, əgər Azərbaycan TRIPP çərçivəsində istədiklərinin əksəriyyətini əldə etdiyini hesab edərsə, gələcəkdə daha konstruktiv strategiyaya üstünlük verə bilər. Əks halda, istəklərini tam təmin etmədiyini düşünərsə, yenidən təzyiq və defeksiya yoluna qayıda bilər.
Ermənistan üçün də bənzər qeyri-müəyyənliklər mövcuddur. Paşinyan hökuməti güzəşt etmiş, lakin müqabilində təhlükəsizlik zəmanəti almamışdır. Əgər bu razılaşmanın faydaları gerçəkləşməzsə və ya qarşı tərəf öhdəliklərə əməl etməzsə, Ermənistan cəmiyyətində "aldadılma sindromu" yarana bilər və bu, növbəti mərhələdə əməkdaşlıqdan imtina ilə nəticələnə bilər.
Bütün bu proseslərdə qeyri-müəyyənliklərin rolu əhəmiyyətlidir. Oyun nəzəriyyəsi baxımından, müqavilədəki boşluqlar və qeyri-müəyyən mexanizmlər asimmetrik informasiya mühiti yaradır ki, bu da tərəflərin etimadını zəiflədir və hər iki tərəfdə qarşı tərəfi aldatmaq təşəbbüsünü stimullaşdıra bilər. Məsələn, gömrük prosedurlarının, təhlükəsizlik mexanizmlərinin, qarşılıqlı tranzit imkanlarının detalları hələ də tam razılaşdırılmayıb. Beynəlxalq Böhran Qrupunun analitiki Coşua Kuçeranın qeyd etdiyi kimi: “Əsas detallar (gömrük nəzarəti necə olacaq, Ermənistanın Azərbaycandan qarşılıqlı tranzit imkanları nə dərəcədə təmin ediləcək) hələ də qeyri-müəyyəndir və bu, gələcəkdə ciddi tıxanma nöqtələrinə çevrilə bilər.”
TRIPP modelinin uzunmüddətli sabit oyun tarazlığına çevrilməsi üçün institusional monitorinq və mexanizmlərin hüquqi dəqiqliyi həlledici rol oynayır. ABŞ-ın moderator rolu bu baxımdan mühüm etimad amili olsa da, Vaşinqtonun prosesdə davamlı iştirakına şübhələr qalarsa, oyun pozula bilər. Bundan əlavə, oyunun cari mərhələsində kənarda qalan Rusiya və İran da “spoiler” – yəni oyunu pozan iştirakçılar kimi prosesə müdaxilə edə bilərlər. Bu müdaxilə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik təhdidləri formasında gerçəkləşə bilər.
Nəticə etibarilə, TRIPP razılaşması hələlik sabit sülh tarazlığı deyil, çoxaktorlu və dinamik qarşılıqlı təsir oyununda yeni bir mərhələni təmsil edir. Bu mərhələdə yaranmış koalisiya və əməkdaşlıq təşəbbüsü – əgər davamlı sadiqlik və siyasi iradə ilə müşayiət olunarsa – davamlı sülh və əməkdaşlığa yol aça bilər. Əks halda, oyun ənənəvi münaqişəli tarazlığa qayıda və regionu yenidən qarşıdurma mühitinə sürükləyə bilər. TRIPP razılaşması bu mənada “çoxaktorlu oyun”un çətinliklə əldə olunmuş, lakin hələ də kövrək olan əməkdaşlıq mərhələsidir.
Beləliklə, Zəngəzur dəhlizi və TRIPP modeli müasir dövrün hüquqi, siyasi və geostrateji reallıqlarını birləşdirən nadir və çoxqatlı bir fenomendir. Hüquqi müstəvidə bu layihə Ermənistanın suveren ərazisində beynəlxalq konsessiya mexanizminin tətbiqi baxımından yeni presedent formalaşdırır. Geosiyasi baxımdan isə TRIPP, böyük güclər – ABŞ, Rusiya, Çin, İran və Türkiyə arasında Cənubi Qafqaz uğrunda nüfuz rəqabətinin yeni alətinə çevrilir. Strateji baxımdan bu model çoxaktorlu oyun nəzəriyyəsinin praktik sınağına bənzəyir: burada əməkdaşlıq və rəqabət arasındakı incə balans daim dəyişir, aktorların mövqeləri dinamik şəkildə yenilənir. Beynəlxalq media və ictimai rəy TRIPP-i eyni zamanda həm sülh və inteqrasiyanın açarı, həm də yeni gərginliklər üçün potensial risk kimi dəyərləndirir.
Layihənin uğurla həyata keçməsi üçün hüququn siyasi vasitəyə çevrilməsi təhlükəsi ilə hüququn sülh və ədalətə xidmət edən institut kimi bərqərar olması arasında düzgün tarazlıq qurulmalıdır. Əgər bu balans qoruna bilərsə, TRIPP Cənubi Qafqaz tarixində ilk dəfə olaraq davamlı sülh və beynəlxalq hüquqa əsaslanan sabitlik modelinin əsasını qoya bilər. Bu isə yalnız o halda mümkün olacaq ki, bütün tərəflər üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalsınlar və yaranmış tarixi imkanı dəyərincə qiymətləndirərək konstruktiv mövqe sərgiləsinlər. Əks təqdirdə, TRIPP layihəsi öz adındakı “sülh və rifah” vədlərinə zidd olaraq, yeni gərginliklərin və hüquqi qeyri-müəyyənliklərin mənbəyinə çevrilə bilər. Bu kritik keçid mərhələsində həm region dövlətlərinin, həm də beynəlxalq ictimaiyyətin üzərinə ciddi məsuliyyət düşür: ya TRIPP uğurlu və öyrədici bir presedentə çevriləcək, ya da gələcəkdə riskləri artıran, ziddiyyətli bir presedent kimi qalacaq.
 
Hüquqşünas Əli Qədimov
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər