“Günəş və Ay Allahın idarəsindədir və onların hərəkətində təsadüf deyil, İlahi nizam mövcuddur. Allaha inanan bütün müsəlmanlar Günəşin və Ayın hərəkətinin Allahın izni ilə baş verdiyinə inanırlar. Həm keçmiş əsrlərdə inanan insanlar belə inanıb, həm də müasir elm və texnikanın inkişaf sürəti artan ortamda da yenə də Allaha inanan insanlar belə inanırlar. Çünki, inanc üçün zaman və vaxt formulu yoxdur”.
Bu sözləri Moderator.az-a açıqlamasında ilahiyytaçı Əkrəm Həsənov deyib.
İlahiyyatçı qeyd edib ki, islam dini insanı kainatda baş verən hadisələri sadəcə zahiri təbiət qanunları ilə izah etməyə deyil, onların arxasında duran İlahi hikmətləri dərk etməyə dəvət edir:
“Günəş və Ay tutulmaları bu baxımdan mühüm əlamətlərdən sayılır. Qurani-Kərimdə Allah təala belə buyurur: “Günəşi və Ayı da (sizə ram etdi). Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir...” (ər-Ra’d, 2).
Digər ayədə belə buyurulur: “Günəş özünə məxsus olan yörüngədə axıb gedir. Bu, qüdrət sahibi və bilən Allahın təqdiridir. Biz Ay üçün də mərhələlər təyin etdik...” (Yasin, 38–39)”.
İlahiyyatçı bu məsələdə Peyğəmbərimizin mövqeyinə diqqət çəkib:
“Rəsulullah sallallahu əleyhi və səlləm dövründə Günəş tutulması baş vermiş və insanlar təlaş içində qalmışdılar. Bəziləri bunu böyük şəxslərin ölümü ilə əlaqələndirmişdi. Peyğəmbərimiz bu yanlış düşüncəni düzəldərək buyurdu: “Günəş və Ay heç kimin ölümü və ya doğumu üçün tutulmaz. Onlar Allahın ayələrindən iki ayədir. Onları gördükdə Allahı zikr edin, dua edin, namaz qılın və sədəqə verin.” (Buxari, Küsuf 1; Müslim, Küsuf 1).
Başqa bir hədisdə isə belə buyurmuşdur: “Onları gördükdə namaza durun və Allah bitirənə qədər dua edin.” (Müslim, Küsuf 2).
Bu hədislərdən aydın olur ki, Ay və Günəş tutulması müsəlmanı qəflətdən oyadan, onu Allaha yönəldən xüsusi bir hadisədir. Peyğəmbərimizin özü bu zaman xüsusi namaz – küsuf (şiələr ayət deyirlər) namazı qılmışdır.
Alimlər bu məsələdə yekdil olmuşlar ki, küsuf (ayət) namazı qılmaq vacib deyil, lakin müstəhəbdir. Yəni bu namazı qılmaqla insan savab qazanır, lakin qılmamaq günah sayılmır.
İmam Nəvəvi “Şərh Səhih Müslim” əsərində yazır: “Ümmətin icması var ki, küsuf namazı vacib deyil. Ən doğru rəy onun müstəhəb olmasıdır.”
İbn Qudamə “əl-Muğni”də qeyd edir: “Bu namaz sünnədir, çünki Peyğəmbərimiz qılmışdır. Sünnəni tərk etmək günah deyil, amma ona əməl etmək savabdır.”
Ə.Həsənov əlavə edib ki, küsuf namazı iki rükətdir, lakin adi namazdan fərqli olaraq hər rükətdə iki qiyam və iki rüku olur:
“Yəni insan birinci dəfə qiyamda Qurandan uzun ayələr oxuyur, rükuya gedir, qalxır, yenə Qurandan oxuyur və təkrar rüku edir. Bu namazın hikməti insanın Allaha yönəlməsini uzatmaq, kainatdakı bu hadisəni dərindən təfəkkür etməkdir. İmam camaatla qıldırarsa, xütbə oxuması da müstəhəbdir.
Ay tutulması zamanı namaz qılmaq müsəlmana bir neçə mesaj verir. Birincisi təvazö – insan kainatdakı qüdrət qarşısında aciz olduğunu anlayır.
İkincisi, təfəkkür – tutulmanın səbəbi İlahi qüdrətin təcəllisi olaraq düşünülür.
Üçüncüsü, dua və istiğfar – Peyğəmbərimiz bu anlarda duanı, zikri və sədəqəni tövsiyə etmişdir.
Bu ibadət həm fərdi, həm də ictimai baxımdan müsəlmanları Allaha bağlayan bir vasitədir".
İlahiyyatçı sonda deyib ki, ölkəmizdə də hər il müəyyən vaxtlarda Ay və Günəş tutulur:
"İndi ölkəmizdə 7–8 sentyabr tarixində müşahidə olunan Ay tutulması İslam baxımından sadəcə astronomik hadisə deyil, həm də Allaha yaxınlaşmaq üçün fürsətdir. Küsuf (ayət) namazı vacib deyil, lakin müstəhəbdir. Bu namazı qılmaq, dua etmək, sədəqə vermək və Allahı zikr etməklə insan kainatdakı İlahi nizamı daha dərindən dərk etmiş olur”.
Mehin Mehmanqızı