İşsizlik niyə artır? - Açıqlama
Aktual
334
09:11, Bu gün

İşsizlik niyə artır? - Açıqlama

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb. 2025-ci il avqustun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 231,3 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 49,7 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.
 
Moderator.az-a danışan iqtisadçı Rauf Qarayev bildirib ki, işsiz səviyyəsi əhalinin ümumi sayına deyil, işçi qüvvəsinə əsaslanır:
 
“İşsizlik səviyyəsinin niyə aydan aya dəyişə biləcəyini başa düşmək üçün ilk növbədə “işsizliyi” dəqiq müəyyənləşdirməliyik. İşsiz kimi təsnif olunmaq üçün bir şəxs üç meyara cavab verməlidir:
 
İşi yoxdur
 
İş axtarır
 
İş üçün iş yerlərinə giriş yoxdur
 
Gəlin bu gün sizlərə strukturlaşma işsizliyindən nümunə çəkim. Hesab edək, siz Sabirabadda yaşayırsınız və burada iş axtarırsınız. Yerli qəzet olan "Muğanın səsi" qəzetində bir iş elan yerləşdirilir. Sabirabad rayonunda innovasiya texnologiyaları ilə bağlı 500 nəfərlik iş yeri açılacaq. Siz sevinərək CV hazırlayırsınız. Nəhayət işim olacaq deyirsiniz və sizlərlə birgə bir çoxları belə düşünür. İnnovasiya Texnologiyaları Mərkəzi açılır. Amma sizin və Sabirabadda yaşayanların ixtisası və bilik səviyyəsi iş tələblərinə cavab vermir. Nəticədə yerli əhalinin işsizlik səviyyəsi olduğu kimi qalır. İş verən isə məcbur olur digər regionlardan işçi axtarsın. Demək, hər hansı iş yerinin açılması, işsizlik səviyyəsinin həmin region üzrə azalması demək deyil. Azalması üçün həmin yerdəki əhalinin bilik və bacarıqları əsasdır”.
 
Dövrü işsizlik
 
İqtisadçının sözlərinə görə, inflyasiya prosesi işsizliyə də təsir edən amildir:
 
“Ölkədə dövrü işsizlik mövcuddur. Dövrü işsizlik iqtisadi proseslərlə bağlıdır. Bu əsasən ən önəmli işsizlik növlərindən biridir. Bu zaman insanların bazarda alıcılıq qabiliyyəti aşağı düşür, nəticədə istehsalçıların mənfəəti azalır. Onlar isə ən birinci işçiləri ixtisar etməyə başlayır. Halbuki bazar daxili prosesə qismən yönəlsə idi, əsas bazarları digər ölkələr olsa idi, kütləvi ixtisarlara gedilməzdi”.
 
Rauf Qarayev friksion işsizlik – müvəqqəti işsizlik məsələsinə də diqqət çəkib:
 
“Friksion işsizlik — o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun vaxt lazımdır. Azərbaycanda da bu işsizlik növü mövcuddur. Aylarla iş axtaranlar olur. Məsələn, bir şəxs ali təhsil ocağını bitirir və iş axtarır. Onun iş axtarış dövrü müvəqqəti olsa da, amma tələblər çox olduğundan tapa bilmir. Şəxs 400 manat maaş alır və toksik iş mühitində çalışır və bununla razı olmayıb iş axtarır.
Çox zaman da vətəndaş rayonda yaşayır, iş yeri rayonda olmadığı üçün Bakıya üz tutur və paytaxtda iş axtarmağa başlayır. Bundan əlavə, ailənin bir üzvü Bakıda oxuyur, ailə başçısı öz ailəsini bütöv saxlamaq üçün regionda olan işindən imtina edib, Bakıda məskunlaşıb və iş axtarmağa başlayır”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər