İctimai nəqliyyat bir ölkənin inkişafını və vətəndaşlara göstərilən xidmətin səviyyəsini əks etdirən əsas sahələrdən biridir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son illər yeni avtobusların gətirilməsi ilə dəyişikliklər etdiyini bildirsə də, problemlər hələ də həllini tapmayıb. Bir çox yerlərdə sərnişinlər köhnə dayanacaqlarla, informasiya lövhələrinin və hərəkət qrafiklərinin olmaması, marşrutlarda gecikmələr və qarışıqlıqla qarşılaşırlar. Üstəlik, yaxın günlərdə yeni tədris ilinin başlanması ilə bu problemlərin daha da artacağı istisna edilmir.
Daimi izləyicimiz İlkin Məmmədkərimov məsələ ilə bağlı Moderator.az-a müracət edib.
O , Azərbaycanda ictimai nəqliyyat sahəsi illərdir islahat adı altında dəyişikliklərə məruz qalsa da, problemlərin kökündən həll olunmadığına diqqət çəkib:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxta və iri şəhərlərə yeni avtobuslar gətirməklə sanki işini bitmiş hesab edir. Amma real vəziyyət göstərir ki, bu qurum sadəcə vitrini bəzəməklə məşğuldur.
Bakıda və Sumqayıtda çoxlu dayanacaq ya köhnəlib, ya da ümumiyyətlə mövcud deyil. Sərnişinlər bəzən avtobusu yol kənarında gözləməyə məcbur qalır. Əksər dayanacaqlarda isə informasiya lövhələri, hərəkət qrafikləri yoxdur. Nəticədə insanlar avtobusun nə vaxt gələcəyini təsadüflərə buraxırlar.
Yeni avtobusların gətirilməsi yaxşıdır, amma bu avtobuslar vaxtında işləmirsə, sərnişin üçün fərqi yoxdur. Pik saatlarda marşrutlarda xaos hökm sürür. Sumqayıtda isə bütün marşurtları sərnişinlər dəqiqələrlə gözləyir. Dəfələrlə AYNA-nın call center-nə şikayət etsəm də hər dəfə zəng edib, şikayətinizlə əlaqədar daşıyıcıya xəbərdarlıq olundu cavabı verilir. Ancaq dəyişən heçnə yoxdur.
Bakıda və hətta Gəncədə kart sistemi tətbiq olunsa da, Sumqayıtda vəziyyət tamamilə fərqlidir. Əslində, burada illər əvvəl kart sistemi tətbiq edilsə də, cəmi bir ay sonra texniki problemlər səbəbindən dayandırıldı. O vaxtdan bəri bu məsələ bir daha bərpa olunmayıb. Bu da Sumqayıtı digər iri şəhərlərlə müqayisədə ictimai nəqliyyat sahəsində çox geri salır. XXI əsrdə belə bir gerilik sadəcə qəbuledilməzdir”.
Sumqayıtda hərəkəti dayandırılan bir çox marşrut xətləri illərdir yenidən bərpa olunmur. Məsələn, 503 saylı marşrut xətti Bakı-Sumqayıt-Saray körpüsü təmirə bağlanandan fəaliyyətini dayandırıb. Lakin fəaliyyətini dayandırandan sonra bu istiqamətdə heç bir alternativ yaradılmayıb”.
İlkin Məmmədkərimov deyib ki, oxşar vəziyyət bir neçə digər marşrut xətləri ilə də yaşanır:
“Bu isə sərnişinlərin gündəlik hərəkət imkanlarını məhdudlaşdırır, alternativsiz buraxır.
AYNA hər çıxışında islahatlardan danışır, amma sərnişinlərin gündəlik problemlərinə real həll tapa bilmir. Yeni avtobuslar gətirmək təkbaşına nəqliyyatı inkişaf etdirmir. Dayanacaqların qurulması, marşrutların dəqiq işləməsi, kart sisteminin bütün ölkə üzrə tətbiqi və sərnişin rahatlığının prioritetə çevrilməsi vacibdir.
Əks halda, bu sahədə görülən işlər sadəcə kağız üzərində qalacaq, reallıqda isə Azərbaycan vətəndaşı hər gün avtobus dayanacağında əsəbiləşməyə davam edəcək”.
Mehin Mehmanqızı