18 yaşına çatmamış şəxs ölkəni tərk edə bilər? – Qanun nə deyir?
Aktual
501
09:24, Bu gün

18 yaşına çatmamış şəxs ölkəni tərk edə bilər? – Qanun nə deyir?

“Dünyanın qloballaşdığı bir dövrdə insanlar sərhədləri asanlıqla aşaraq səyahət edir, işləyir və təhsil alırlar. Ancaq məsələ yetkinlik yaşına çatmayan şəxslərin – yəni uşaqların ölkədən çıxışı olduqda, hüquqi müstəvi daha həssas xarakter alır. Çünki burada yalnız sərbəst hərəkət azadlığı deyil, həm də uşağın təhlükəsizliyi, valideynlərin hüquqları və dövlətin beynəlxalq öhdəlikləri bir araya gəlir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11-ci maddəsi də məhz bu tarazlığı qorumağa yönəlmişdir”.
 
Bu sözləri Moderator.az-a  hüquqşünas Yunis Xəlilov deyib.
 
Hüquqşünas qeyd edib ki, həmin Məcəllənin 11-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər:
 
“Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli qərarına əsasən burada "məhkəmə qərarı” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair  qətnaməni ehtiva etmir.
Əgər valideynlər arasında razılaşma olmazsa, mübahisəli məsələ məhkəmə qaydasında baxıla və uşağın mənafeyinə uyğun qərar qəbul edilə bilər.
Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər”. 
Yunis Xəlilov  diqqətə çatdırıb ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər:
 
“Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.
Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.
 Söhbət açılan məsələ ilə bağlı xarici ölkələrin qanunvericiliyinə də nəzər salmaq maraqlı olar. Məsələn, ölkəmizdə olduğu kimi Türkiyədə də uşağın təkbaşına və ya yalnız valideynlərdən biri ilə ölkədən çıxışı üçün digər valideynin notarial təsdiqli icazəsi tələb olunur. Əks halda hava limanında polis orqanları çıxışa icazə vermir. Rusiyada isə əgər uşaq yalnız valideynlərdən biri ilə gedirsə, digər valideynin yazılı icazəsi tələb olunmur. Ancaq digər valideyn uşağın ölkədən çıxışına etirazını rəsmi qaydada bildiribsə, səfərə icazə verilmir. Avropa ölkələrinə gəlincə, məsələn, Almaniya, Fransa, İspaniyada uşağın valideynsiz səyahət etməsi üçün notarial qaydada təsdiqlənmiş “səyahət razılıq məktubu” tələb olunur. Bu sənəd həm sərhəd-keçid məntəqələrində, həm də aviaşirkətlər tərəfindən yoxlanılır”.
 
Hüquqşünas müqayisə üçün qeyd edib ki, ABŞ və Kanadada əgər uşaq valideynlərdən biri olmadan səyahət edirsə, digər valideynin yazılı razılığı ilə bərabər, əlavə olaraq uşağın doğum şəhadətnaməsinin surəti də tələb olunur:
 
 “Göründüyü kimi, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsi beynəlxalq standartlara uyğun şəkildə tənzimlənib. Çünki Xüsusilə notarial icazənin tələb olunması təcrübəsi Avropa və ABŞ-da da geniş yayılmışdır. Bu cür tənzimləmə son dərəcə mühüm hüquqi-sosial əhəmiyyətə malikdir və burada qanunvericilik üç əsas məqsəd güdür:
Birincisi, uşağın mənafeyinin qorunmasıdır. Məhz bu yolla uşağın qaçırılmasının və ya icazəsiz aparılmasının qarşısı alınır.
Ikincisi, valideyn hüquqlarının balanslaşdırılmasıdır. Yəni hər iki valideynin bərabər hüququ nəzərə alınır.
Üçüncüsü isə dövlətin beynəlxalq öhdəliklərinin icrası ilə bağlıdır. 
Azərbaycan, Uşaq Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirir.
Beləliklə, Miqrasiya Məcəlləsinin 11-ci maddəsi uşağın təhlükəsizliyini təmin etməklə yanaşı, valideynlərin razılaşmasını zəruri edir və dövlətin beynəlxalq öhdəliklərinə uyğunluq yaradır. Bu baxımdan Azərbaycan qanunvericiliyi qlobal standartlara uyğun olub, uşaqların hüquqlarının qorunması üçün etibarlı hüquqi mexanizm formalaşdırır”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər