Zelenskidən təcili tapşırıq: Kiyev genişmiqyaslı hücuma başladı – Ukraynalı politoloqdan kritik açıqlama
Aktual
1722
02 Sep 2025 | 13:06

Zelenskidən təcili tapşırıq: Kiyev genişmiqyaslı hücuma başladı – Ukraynalı politoloqdan kritik açıqlama

Rusiya-Ukrayna cəbhəsində qeyri-sabitlik davam edir. Nizamsız döyüşlər və Rusiyanın yay əməliyyatlarının uğursuzluğu sülh imkanlarını məhdudlaşdırır. Ukrayna prezidenti Zelenski isə yeni hücumların olacağını təsdiqləyib. Bəs Kiyev niyə atəşkəs tələb etdiyi bir dövrdə belə addım atır? Tərəflər arasında yaxın zamanda sülh mümkündürmü? 
Moderator.az-a Dünya Siyasəti İnstitutunun direktoru (Ukrayna), Ukrayna Milli Texniki Universitetinin dosenti Evgen Maqda  bildirib ki,  tərəflər arasında sülhün əsas təminatı Rusiya Federasiyasının qərarından aslıdır:
 
“Hələlik Rusiyadan sülhə dair konkret addım görünmür. Zelenskinin döyüş əməliyyatları və yeni hücumlarla bağlı açıqlamaları isə müharibə aparan bir dövlətin prezidentinin normal məntiqinə uyğundur. Sülhün açarı Ukraynanın mövqeyində deyil, əsas məsuliyyət Rusiyanın  üzərinə düşür. Ukrayna müharibədə sistemli və strateji yanaşma nümayiş etdirir. Cəbhədəki taktiki irəliləyişlər və ya geriləmələr Ukraynanın uzunmüddətli planlarına ciddi təsir etmir. Ukraynanı dəstəkləyən tərəflər açıqdır: NATO üzvü Qərb ölkələrinin mövqeyi birmənalıdır. Bu dəstək Ukraynanın müharibə prosesində üstünlük qazanmasına imkan yaradır. Ukrayna uzunmüddətli hazırlıq tələb edən əməliyyatlarla müharibənin gedişatını öz xeyrinə dəyişməyə çalışır. Əsas məqsəd Rusiya tərəfinin işğalçı siyasətinin qarşısını almaq və Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdir”.
 
Qeyd edək ki, hazırda Rusiya Ukrayna ərazisinin 19 faizini işğal altında saxlayır. Belə ki, Ukraynanın ümumi ərazisi 603 min kv. km-dir, Rusiya bu ərazinin təxminən 114 min 500 kv. km-nə nəzarət edir. Bu sahəyə Krım, eləcə də ölkənin şərq və cənub-şərqindəki geniş ərazilər daxildir. Ukrayna isə beynəlxalq səviyyədə tanınmış Rusiya ərazilərinə nəzarət etmir. Moskva 1991-ci ildə SSRİ dağılanda beynəlxalq səviyyədə Ukraynanın tərkib hissəsi kimi tanınan Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiya Federasiyasının subyektləri hesab edir. Kiyev issə işğalı heç vaxt tanımayacağını bildirir. Əksər ölkələr Ukraynanın mövqeyini dəstəkləyir. Krımı Rusiya ərazisi kimi tanıyan azsaylı ölkələr sırasında Suriya, Şimali Koreya və Nikaraqua var. BMT Baş Assambleyası 2014-cü ildə Krımın ilhaqını qanunsuz elan edən qətnamə qəbul edib.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər