İşçi xəbərdarlıq olunmadan işdən çıxarıla bilər?- Hüquqi rəy
Aktual
2169
16 May 2025 | 15:45

İşçi xəbərdarlıq olunmadan işdən çıxarıla bilər?- Hüquqi rəy

Müasir əmək münasibətlərində həm işəgötürənin, həm də işçinin hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir. Əmək müqaviləsinin ləğvi və işçinin işdən azad edilməsi halları da bu münasibətlərin ən həssas və önəmli istiqamətlərindən biridir. Bu prosesin qanuni əsaslarla aparılması, tərəflərin hüquqlarının qorunması baxımından vacibdir. Bəzən işçilər xəbərdarlıq edilmədən işdən azad oluna biləcəklərini düşünür və bu, müəyyən narahatlıqlara səbəb olur. Eyni zamanda, işdən ayrılmaq istəyən bir işçinin rəhbərliyə nə qədər əvvəl məlumat verməli olduğu da tez-tez qarşılaşılan suallardandır. Bəs işçi xəbərdarlıq olunmadan işdən çıxarıla bilərmi? İşçi işdən çıxmaq istəyirsə, neçə ay əvvəl rəhbərliyi xəbərdar etməlidir?
Bu barədə Moderator.az-a danışan hüquqşünas Azər Quliyev  bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, əgər işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilirsə, o bu barədə əvvəlcədən xəbərdar edilməlidir:
“Məsələn, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl, işəgötürən əmək stajından asılı olaraq işçini 2 həftədən 6 həftəyədək müddətdə rəsmi qaydada xəbərdar etməlidir.
Əmək şəraitinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, kollektiv müqavilələr və ya tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş digər hallarda da əmək müqaviləsinə xitam verilərkən işçi əvvəlcədən xəbərdar edilməlidir”.
 
Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi hansı qaydada həyata keçirilir?
Hüquqşünas qeyd edib ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin:  68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir:
“Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
Əmək müqaviləsi ləğv edilmiş işçinin məhkəməyə müraciət hüququ: Əmrin qanunsuz olmasını hesab edən işçi, əgər müəssisədə fərdi əmək mübahisələrinə baxan orqan vsrs,  işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində bu quruma müraciət edə bilər.Əgər idarə, müəssisə və təşkilatlarda brlə qurum yoxdursa, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 
Məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəyə Mediasiyada baxılmalıdır. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür”.
Bəs işçi, işdən çıxmaq istəyirsə, bu barədə neçə ay əvvəl işəgötürəni xəbərdar etməlidir? 
 
A.Quliyev vurğulayıb ki, işçinin öz istəyi əsasında  işdən çıxması və ya Əmək müqaviləsinin əsası və ya qaydası -Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a) bəndi və 69-cu maddəsinə əsasən tənzimlənir:
“Bu hüquq normalarına əsasən, Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də- tərəflərdən birinin, o cümlədən işçinin təşəbbüsü ilə Əmək müqaviləsi ləğv edilməsidir. İşçinin xahişi ilə Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası aşağıdakı qaydada həyata keçirilir:
 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər”.
 
“Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır”, deyə hüquqşünas Azər Quliyev  bildirib.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər