Boşanma, təkcə emosional deyil, eyni zamanda hüquqi və maddi çətinliklər yaradan bir prosesdir. Xüsusilə, ər-arvadın illər ərzində əldə etdiyi əmlakın necə bölünməsi məsələsi mübahisəli mövzulardan biridir. Qanunvericiliyə əsasən, nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət hesab edilir və boşanma zamanı müəyyən qaydalarla bölünür. Lakin burada bir sıra istisnalar və xüsusi hallar mövcuddur.
Bu barədə Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib ki, qanunvericiliyə əsasən, ailə mübahisələri (nikahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri, kommersiya və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir:
“Boşanma zamanı sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur.
Əlbəttə, bu onlar arasında fərqli qaydalar nəzərdə tutuan razılaşma olmadığı halda keçərlidir. Birgə mülkiyyətə tərəflərin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri həmçinin ümumi gəlirləri hesabına əldə edilən əşyalar daxildir. Nəzərə alınmalıdır ki, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud banklarda əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak onların birgə mülkiyyətindədir”.
Hüquqşünas vurğulayıb ki, tərəflərin birgə mülkiyyətində olmayan əmlakların çərçivəsinin müəyyən edilməsi bölgünün həyata keçirilməsi üçün zəruridir:
“Belə ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Boşanma zamanı mübahisələndirilən məqamlardan biri də ziynət əşyalarının bölgüsüdür. Ailə Məcəlləsinin 34.2-ci maddəsində deyilir, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, ziynət əşyaları, şəxsə hədiyyə şəklində verilmişlər istisna olmaqla, kimin istifadəsində olmasından asılı olmayaraq ümumi birgə mülkiyyətdədir və boşanma zamanı bərabər hissədə bölünür. Qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əşyanın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsini tənzimləyir. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli artırılmasına əsaslı təmir, avadanlığı dəyişdirmə və s. aid edilə bilər.
Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarəna əsasən bu əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək. Ali Məhkəmə Plenumunun martın 12 mart 2024-cü il tarixli Qərarında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər həllin tapıb və dəqiqləşdirmələr aparılıb: Ali Məhkəmə Plenumunun Qərarında boşanmalar zamanı tez-tez rast gəlinən problemli olan qeydiyyatsız və özbaşına tikililər barədədir. Yeni qərara əsasən, əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək. Eyni zamanda ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlı yeni qayda tətbiq olunub. Əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də hər ik tərəfdən ödəməlidir”.
Mehin Mehmanqızı