Markalar tanış, keyfiyyət isə yox - Sədərəkdə saxta məhsul bolluğu
Aktual
340
14:42, Bu gün

Markalar tanış, keyfiyyət isə yox - Sədərəkdə saxta məhsul bolluğu

Son illərdə Azərbaycanda satışda olan bəzi xarici brendlərin – xüsusilə yuyucu vasitələr, qab şampunları və saç baxımı məhsullarının əvvəlki keyfiyyətdə olmadığı ilə bağlı istehlakçıların narazılığı artmaqdadır. Bir çox vətəndaş Ariel, Fairy, Head & Shoulders kimi məşhur brendlərin əvvəlki kimi effekt vermədiyini, hətta bəzi məhsulların  ölkə daxilində doldurulmuş və ya dəyişdirilmiş tərkibə sahib olduğunu iddia edir. Bununla yanaşı, bu malların qiymətləri isə gündən-günə bahalaşır.
Bu vəziyyət bir sıra vacib suallar doğurur: Ölkədə xarici brendlərin keyfiyyətinə nəzarət edən qurum varmı? 
Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bazarın bütün seqmentləri xaos içindədir. 
Onun sözlərinə görə, bunun əsas səbəbi ölkədə istehlak bazarının acınacaqlı vəziyyətdə olmasıdır:
 “1995-ci ildə "İstehlakçıların Hüquqları Haqqında" qanun qəbul edilsə də, sonrakı illərdə bu sahədə ciddi problemlər yaranıb və istehlakçının hüquqları zərər görüb. 3 mart tarixində Ombudsmanın illik hesabatı dinlənildi. Lakin 101 səhifəlik sənəddə bir dəfə də olsun "istehlak" sözü qeyd edilməmişdi. Bu, hökumətin istehlak siyasətində ciddi boşluqların olduğunu göstərir. İstehlakçıların müdafiəsi istiqamətində hökumətin siyasəti təcili olaraq dəyişməlidir. Müsbət dəyişikliklərdən biri uzun müddət İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və Dövlət Xidməti Prezident yanında bir quruma çevrilməsidir. Bu addım istehlak bazarında nəzarətin gücləndirilməsi baxımından ümidverici sayıla bilər. Ümid edirik ki, bu struktur dəyişikliyi real nəticələr verəcək və istehlakçılar üçün daha təhlükəsiz mühit yaradılacaq”.
E.Hüseynov  ölkədə saxta avtomobil hissələrinin geniş yayılması hallarının  ciddi problemlərə səbəb olduğunu vurğulayıb:
“İstehlakçılar bu keyfiyyətsiz məhsullara aldanır, nəticədə isə yol-nəqliyyat hadisələrinin sayı artır. Bu sahədə müəyyən tədbirlər görülsə də, problemin tam həlli üçün daha ciddi addımlar atılmalıdır. Məsələn, bir neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bəzi qanunsuz fəaliyyətlə məşğul olan qadın geyim mağazalarını ifşa etmişdi. Sonradan məlum oldu ki, brend adı altında satılan məhsullar əslində Çin istehsalıdır.
Oxşar vəziyyət yuyucu vasitələr sektorunda da müşahidə olunur. Gömrük orqanları öz rüsumlarını alır, lakin saxta sənədlərlə bu məhsullar bazara daxil edilir. Xüsusilə, saxta məhsulların ən çox satıldığı yerlərdən biri Sədərək Ticarət Mərkəzidir. Əgər dövlət orqanları bu sahədə real dəyişiklik etmək istəyirsə, ilk növbədə Sədərək bazarında ciddi nəzarət tədbirləri həyata keçirməlidir. Təəssüf ki, yuyucu vasitələr və digər kimyəvi məhsullara nəzarət demək olar ki, yox dərəcəsindədir. İstehlakçıların hüquqları açıq şəkildə pozulur. Bu işlə məşğul olan bəzi istehsalçı şirkətlər də bu hallara göz yumur. Nəticədə, ən məşhur brendlərin saxta versiyaları açıq şəkildə Azərbaycan bazarında satılır. İstehlakçı hüquqlarının qorunması üçün dövlət qurumlarının və ictimai təşkilatların bu məsələyə daha ciddi yanaşması, saxta məhsulların bazara daxil olmasının qarşısını almaq üçün effektiv mexanizmlər yaratması zəruridir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər