Son illərdə Azərbaycanda satışda olan bəzi xarici brendlərin – xüsusilə yuyucu vasitələr, qab şampunları və saç baxımı məhsullarının əvvəlki keyfiyyətdə olmadığı ilə bağlı istehlakçıların narazılığı artmaqdadır. Bir çox vətəndaş Ariel, Fairy, Head & Shoulders kimi məşhur brendlərin əvvəlki kimi effekt vermədiyini, hətta bəzi məhsulların ölkə daxilində doldurulmuş və ya dəyişdirilmiş tərkibə sahib olduğunu iddia edir. Bununla yanaşı, bu malların qiymətləri isə gündən-günə bahalaşır.
Bu vəziyyət bir sıra vacib suallar doğurur: Ölkədə xarici brendlərin keyfiyyətinə nəzarət edən qurum varmı?
Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, 1995-ci ildə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun qəbul edilsə də, bazarın bütün seqmentləri xaos içindədir.
Eyyub Hüseynovun sözlərinə görə, hökümətin istehlakçı siyasəti bərbad gündədir:
“3 mart tarixində Ombudsmanın illik hesabatı dinlənildi. Lakin 101 səhifəlik sənəddə bir dəfə də olsun "istehlakçı" sözü qeyd edilməmişdi. Hökumətin istehlakçi siyasəti dəyişməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması müsbət dəyişikliklərdən biri oldu. Bu addım istehlak bazarında nəzarətin gücləndirilməsi baxımından ümidverici sayıla bilər".
E.Hüseynov ölkədə saxta avtomobil hissələrinin geniş yayılması hallarının ciddi problemlərə səbəb olduğunu vurğulayıb:
“İstehlakçılar bu keyfiyyətsiz məhsullara aldanır, nəticədə isə yol-nəqliyyat hadisələrinin sayı artır. Bu sahədə müəyyən tədbirlər görülsə də, problemin tam həlli üçün daha ciddi addımlar atılmalıdır. Məsələn, bir neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bəzi qanunsuz fəaliyyətlə məşğul olan qadın geyim mağazalarını ifşa etmişdi. Sonradan məlum oldu ki, brend adı altında satılan məhsullar əslində Çin istehsalıdır.
Oxşar vəziyyət yuyucu vasitələr sektorunda da müşahidə olunur. Gömrük orqanları öz rüsumlarını alır, saxta sənədlərlə bu məhsullar bazara daxil edilir. Xüsusilə, saxta məhsulların ən çox satıldığı yerlərdən biri Sədərək Ticarət Mərkəzidir. Əgər dövlət orqanları bu sahədə real dəyişiklik etmək istəyirsə, ilk növbədə Sədərək bazarında ciddi nəzarət tədbirləri həyata keçirməlidir. Təəssüf ki, yuyucu vasitələr və digər kimyəvi məhsullara nəzarət demək olar ki, yox dərəcəsindədir. İstehlakçıların hüquqları açıq şəkildə pozulur. Bu işlə məşğul olan bəzi istehsalçı şirkətlər də bu hallara göz yumur. Nəticədə, ən məşhur brendlərin saxta versiyaları açıq şəkildə Azərbaycan bazarında satılır".
Mehin Mehmanqızı