“Asan İmza” ilə Asan dələduzluq - İnsanları bir gecədə
Aktual
725
14:00, Bu gün

“Asan İmza” ilə Asan dələduzluq - İnsanları bir gecədə "iş adamı" edənlər kimlərdir? - SENSASİON FAKTLAR

Bu gün Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkət açılması, bank krediti götürülməsi və ya vergi borcunun yaranması kimi hallara tez-tez rast gəlinir. İnsanlar təsadüfən – banka kredit üçün müraciət etdikdə, vergi borcu ilə bağlı bildiriş aldıqda və ya məhkəmə çağırışı ilə üzləşdikdə bu cür problemlərdən xəbər tutur. Bəs bu halların baş vermə mexanizmi necədir? 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyir ki, son dövrlərdə bir çox insanın adına xəbərləri olmadan şirkət açılması və bunun nəticəsində borc yükü ilə üzləşməsi barədə məlumatlar yayılır:
 “Lakin burada diqqət edilməli olan məqam odur ki, əslində vətəndaşların böyük əksəriyyəti bu prosesdən xəbərsiz olmur, sadəcə sonradan yaranan vergi və borc öhdəliklərindən yayınmaq üçün bu faktı inkar edirlər. Halbuki, Azərbaycanda və digər ölkələrdə bir şəxsin adına şirkət açmaq üçün onun şəxsiyyət vəsiqəsinin məlumatları və imzası mütləq lazımdır. Adına şirkət açılan şəxslərin əksəriyyəti bu prosesdən xəbərsiz olmur və sadəcə hüquqi məsuliyyətdən yayınmağa çalışır. Bəzi insanlar asan yoldan pul qazanmaq niyyəti ilə şübhəli təkliflərə razı olur və nəticədə dələduzların tələsinə düşürlər. Misal üçün, bir çox hallarda vətəndaşlara yüksək məbləğdə aylıq gəlir vəd edilərək onların adına şirkət açılır. Lakin sonradan bu şirkətlər müxtəlif maliyyə fırıldaqlarında istifadə edildiyi üçün həmin şəxslər böyük məbləğdə borc və vergi öhdəlikləri ilə üzləşirlər. Bu cür hallardan qorunmaq üçün insanlar hər hansı bir təkliflə qarşılaşdıqda onun qanunauyğunluğunu və təhlükəsizliyini araşdırmalı, xüsusilə imza atdıqları sənədlərin məzmununu diqqətlə oxumalıdırlar”
İqtisadçı vurğulayır ki, dələduzlar süni intellektdən, telefon tətbiqlərindən və ya müxtəlif fırıldaq üsullarından istifadə edərək vətəndaşların adına kredit götürə bilirlər:
“Bu halda, həqiqətən də, aldanma halları baş verə bilər. Vətəndaşların şəxsi məlumatlarını, xüsusilə kart və fin kod kimi bilgilərini heç kimlə paylaşmaması vacibdir. Çünki bu cür dələduzluq hallarının qarşısını almağın əsas yollarından biri şəxsi məlumatların qorunmasıdır. Maliyyə fırıldaqlarına qarşı ən yaxşı müdafiə vətəndaşların öz maariflənməsi və ehtiyatlı davranmasıdır. Bəzi rəhbər şəxslər əmlaklarını dövlətə bəyan etməmək üçün yaxın qohumlarının və ya işçilərinin adına keçirirdilər. Onlar notariuslarla əlbir olaraq bu prosesi həyata keçirirdilər. Ona görə də vətəndaşlar bu kimi məsələlərdə daha diqqətli olmalıdırlar”.
Hüquqşünas Ramil  Süleymanov  isə bildirir ki, insanların xəbəri olmadan adlarına şirkət açılması, bank krediti götürülməsi və ya vergi borcunun yaranması kimi hallar  dünyada baş vermir, bu yalnız Azərbaycanda və Azərbaycan kimi ölkələrdə baş verir. Vətəndaşın adından ümumi bir etibarnamə götürülür və həmin etibarnamə əsasında şirkətlər təsis olunur:
 “Azərbaycanda artıq şirkətlərin təsis edilməsi elektron qaydada həyata keçirilir. Lakin bəzi şəxslər bundan  sui-istifadə edərək “Asan İmza” SİM kartları əldə edir və başqalarının adından etibarnamə olmadan şirkətlər açırlar. Daha sonra özlərini həmin şirkətlərin qanuni təmsilçisi kimi qeydiyyata alır, müxtəlif maliyyə əməliyyatları aparır, dövriyyələr formalaşdırır və kreditlər götürürlər. Nəticədə kreditlər ödənilmədikdə, bütün məsuliyyət şirkətin adında olan şəxsə düşür. Belə halların qurbanı olmamaq üçün şəxslər yaşadıqları ərazi üzrə Vergilər İdarəsinə müraciət edərək adlarında hər hansı bir hüquqi şəxsin təsis olunub-olunmadığını yoxlamalıdırlar. Əgər belə bir fakt aşkar edilərsə, ilk növbədə həmin şirkətin vergi borclarını və dövriyyələrini araşdırmaq vacibdir. Şübhəli məqamlar olduqda, dərhal hüquqşünasa müraciət edərək məsləhət almaq və ya hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bu əməliyyatların saxta şəkildə həyata keçirildiyini bildirmək lazımdır. Azərbaycanda artıq bir çox insanın adına xəbəri olmadan şirkətlər açılıb və bu şirkətlər vasitəsilə dövriyyələr formalaşdırılıb, kreditlər götürülüb. Bu əməliyyatları həyata keçirən şəxslər gəlir əldə etsələr də, vergiləri ödəməyərək həmin şəxsləri dövlət qarşısında borclu vəziyyətə salıblar. Bu problemlə bağlı bir neçə məhkəmə və istintaq qərarları mövcuddur. Lakin zərərçəkmiş şəxslər şikayət etsələr də, çox vaxt məsuliyyət onların üzərinə qoyulur. Çünki onlar bu prosesin öz adlarından saxta şəkildə həyata keçirildiyini sübut edə bilmədiklərindən, məhkəmələr onların iddialarını qəbul etmir və nəticədə çətin vəziyyətə düşürlər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər