Aktual
663
17:22, Bu gün

"Azpulmat" və "Manato"dan pul götürənlərin NƏZƏRİNƏ - Çıxış yolları və ...

Bu gün “Azpulmat” və “Manato” daha çox insanın müraciət etdiyi kredit təşkilatları sırasındadır. Bunun əsas səbəbi isə banklara nisbətən daha çevik və sürətli kredit rəsmiləşdirmə prosesidir. Lakin  “Azpulmat” və “Manato” kimi geniş müştəri bazasına malik BOKT-larla bağlı narazılıqlar artmaqdadır. Yüksək faizlə kredit götürən müştərilər borclarını banklara köçürməklə daha sərfəli şərtlər əldə etməyə çalışırlar. Lakin bankların bu müraciətləri qəbul etməməsi  suallar yaradır: Kredit tarixçəsi təmiz olan və aylıq ödənişlərində problem yaşamayan BOKT müştəriləri banklar üçün hansı risklər doğurur?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda kredit portfeli baxımından banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında ciddi fərqlər mövcuddur. Ümumiyyətlə, kredit portfelinin böyük əksəriyyəti banklar tərəfindən təmin edilir. Təxminən 98%-i banklara, yalnız 2%-i isə BOKT-lərə aiddir:
“BOKT-lərin banklardan fərqli olaraq daha az kredit vermələrinin bir neçə səbəbi vardır. BOKT-lərin maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar, geniş sərmayə və maliyyə bazarına çıxış imkanları sayəsində daha yüksək həcmdə kredit verə bilirlər. Banklar həmçinin böyük miqdarda depozit toplaya bilirlər, bu da onların daha əlverişli faiz şərtləri ilə kredit verə bilmələrini təmin edir. Banklar üçün borc alma imkanları daha geniş olduğundan, daha aşağı faizlə kredit təklif edə bilirlər. Digər tərəfdən, BOKT-lər daha çox riskli müştərilərə kredit verməyə meyllidirlər. Banklar isə kredit verərkən daha sərt tələblərlə hərəkət edirlər: rəsmi gəlir, kredit öhdəliklərinə nisbət və digər requlyativ tələblər banklar üçün vacibdir. Mərkəzi Bankın tələbləri banklara kredit verərkən riskləri minimuma endirməyə imkan verir. Buna görə də, banklar daha az riskli müştərilərə yönəlir və rəsmi gəliri olmayan, öhdəliklərini yaxşı idarə edə bilməyən şəxslərə kredit vermirlər. BOKT-lər isə bu sərt tələblərə tabe deyillər və banklardan kredit ala bilməyən şəxslərə daha çox kredit verirlər. Bu isə onların kredit portfellərinin daha riskli olduğunu göstərir. BOKT-lər, iqtisadiyyatın kiçik bir hissəsini təşkil etdikləri üçün, tənzimləyici orqanlar tərəfindən daha az sərt qaydalarla fəaliyyət göstərirlər və buna görə də riskləri özləri idarə etməli olurlar”.
İqtisadçının fikirincə,  BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə resurslarının məhdud olması və sərt tənzimləmə olmadığından qaynaqlanır. Buna baxmayaraq, bu təşkilatlar hələ də banklar üçün əlverişsiz vəziyyətdə olan müştərilərə kredit verirlər:
“Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə banklar arasında əsas fərq müştəri seçimində və risklərin idarə edilməsində ortaya çıxır. Banklar kredit verərkən daha çox rəsmi gəliri olan, borc öhdəliklərini vaxtında yerinə yetirən və kredit tarixçəsi təmiz olan şəxsləri seçirlər. Onlar üçün əsas risk, verilmiş kreditin vaxtında və faizlərlə birlikdə geri qaytarılmamasıdır. Banklar humanitar qurum deyillər – onların əsas işi kapitalı dövriyyəyə buraxıb faizlə geri qaytarmaqdır. BOKT-lər isə daha fərqli yanaşma tətbiq edirlər. Onlar bankdan kredit ala bilməyən şəxslərə kredit təklif edirlər. Müştərinin rəsmi gəliri olmasa belə, qeyri-rəsmi gəlirlərinin olub-olmamasını araşdıraraq kredit verə bilirlər. Lakin bu müştərilər bankların standartlarına cavab vermədiyi üçün daha riskli hesab olunurlar. Məhz bu risklərə görə BOKT-lər kredit faizlərini yüksək tutur. Banklar 15% ilə kredit verə bilirsə, BOKT-lərdə bu rəqəm 18-20%-ə qədər yüksələ bilər. Bu, onların risklərini kompensasiya etməsi üçün tətbiq olunan mexanizmdir. BOKT-lər hər bir müştərini ayrıca qiymətləndirir və fərqli üsullarla onların ödəmə qabiliyyətini analiz edir. Bununla belə, banklar üçün etibarlı müştərilər – rəsmi gəliri olan, öhdəliklərini vaxtında icra edən şəxslər – qızıl dəyərindədir. Onlar belə müştəriləri “göydə çıraqla axtarırlar”, çünki əsas məqsədləri verdikləri kreditlərin vaxtında geri qaytarılmasını təmin etməkdir. Bütün bu səbəblərdən, banklar riskli müştərilərə kredit verməkdən çəkinir, çünki bu, onlara əlavə problemlər yarada bilər. Bu sistemin nəticəsi isə odur ki, kredit ala bilməyənlər BOKT-lərə, daha da çarəsiz qalanlar isə lombardlara və hətta qeyri-qanuni yollarla borc verən şəxslərə müraciət edirlər”.
X.Kərimli hesab edir ki, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə bağlı yaranan problemlərin bir hissəsi müştərilərin öhdəliklərini vaxtında yerinə yetirməməsidir:
“Banklar üçün əsas problem odur ki, müştəri vəsaiti vaxtında ödəmədikdə, bu, bankların kredit resurslarını idarə etməsini çətinləşdirir. Banklar pulu alır, depozitləri satır və kredit verirlər, amma bu prosesin vaxtında düzgün idarə olunması vacibdir. Əks halda, müştəri banka aktiv olaraq qayıtmalı və öhdəliklərini yerinə yetirməlidir. Əgər müştəri vaxtında borcunu qaytarmırsa, bankın məhkəmə yolu ilə və ya başqa yollarla tələbi təmin etməsi lazım olur ki, bu da əlavə maliyyə və vaxt yükü yaradır.BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə strategiyası və risklə bağlı məsələlərdən qaynaqlanır. BOKT-lər, banklar üçün riskli olan müştərilərə kredit verirlər, lakin banklar daha sərt tənzimləyici qaydalara tabe olduğundan, yalnız rəsmi gəliri olan və kredit tarixçəsi təmiz olan müştərilərə müraciət edirlər. Bu, bankların daha aşağı faizlə kredit vermələrinə imkan yaradır. BOKT-lər isə məhdud maliyyə imkanları ilə fəaliyyət göstərirlər, buna görə də onlar daha yüksək faizlə kredit verməyə məcbur olurlar.Vətəndaşların BOKT-dan banklara keçid etməsi çətindir, çünki BOKT-lərdə yüksək faizlə verilən kreditlər banklarda daha münasib şərtlərlə yenidən maliyyələşdirilə bilməz. Yalnız riskli olmayan müştərilər, yəni rəsmi gəliri olan, kredit tarixçəsi təmiz və öhdəlikləri uyğun olan şəxslər banklardan daha sərfəli şərtlərlə kredit ala bilərlər. Bu səbəbdən, müştərilər BOKT-dan daha aşağı faizlə banklara keçid etmək istəyərkən, yalnız çox sərt tələbləri ödəyənlər bu imkandan faydalana bilərlər”.
“Alternativ olaraq, BOKT-dən daha yüksək faizlə kredit verən lombardlar və qanunsuz sələmçilər kimi digər maliyyə strukturları da mövcuddur. Lakin bu yollar qanuni olmadığı üçün risklidir və müştərilərin hüquqi baxımdan qorunmamış vəziyyətə düşmələrinə səbəb ola bilər. Bu səbəbdən, BOKT-dən banklara keçid imkanı çətin və məhdud olduğu halda, müştərilər riskli maliyyə strukturlarına müraciət etməkdən çəkinməlidirlər”,- deyə iqtisadçı Xalid Kərimli qeyd edib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər