Sabahdan 11 ayın sultanı Ramazan ayı başlayır. Müsəlmanlar üçün Ramazan, günahların bağışlandığı, duaların qəbul olduğu, səbir və iradənin sınağa çəkildiyi müqəddəs bir aydır. İbadətlərlə dolu bu ayda insanlar həm ruhən, həm də cismən saflaşmağa, yardımlaşmağa və Uca Yaradanın rəhmətinə daha yaxın olmağa çalışırlar. Bu gün isə mübarək Ramazan ayının niyyət axşamıdır. Müsəlmanlar üçün bu gecə xüsusi əhəmiyyət daşıyır, çünki sabahdan etibarən 30 günlük oruc ibadəti başlayır. Bu müqəddəs axşamda insanlar oruca niyyət edərək, günahlarından tövbə edir, xeyirxah niyyətlər tutur və qarşıdakı ayı ibadət və xeyir əməllərlə keçirməyə hazırlaşırlar.
Bu barədə Moderator.az-a danışan ilahiyyatçı Ağa Hacıbəylı deyib ki, Allah Təala bu mübarək ayı həm millətimiz, həm də ümmət üçün xeyirlərə vəsilə eləsin və doya- doya o rəhmətdən hər kəs yararlansın:
“Ramazan orucu hilal göründüyü zaman başlayır və müsəlmanlar bu zaman niyyət edirlər.
Niyyətin iki yolu var:
Hər gün üçün ayrıca niyyət etmək – "Sabah Allah rizası üçün oruc tutmağa niyyət etdim."
Ramazan ayının əvvəllində bir dəfə niyyət etmək – "Allahım, Sənin rizan üçün Ramazan ayının orucunu tutmağa niyyət etdim. Qurbətən ilallah."
Hər iki halda niyyət məqbuldur və bu, həm qəlbdən keçirməklə, həm də dilə gətirməklə mümkündür”.
Kimlərə oruc vacib deyil?
İlahiyyatçı vurğulayıb ki, bu şəxslərə oruc vacib deyil:
“Həddi-büluğa çatmamış uşaqlar
Yaşı çox irəliləmiş və özünü idarə edə bilməyən şəxslər
Ağır xəstə olan insanlar
Müsəlman olmayan şəxslər
Bunlar istisna olmaqla, həddi-büluğa çatmış, sağlam və səfərdə olmayan hər bir müsəlman üçün oruc vacibdir”.
Orucdan azad sayılan hallar
A.Hacıbəyli əlavə edib ki, Qurani-Kərim və hədislər müəyyən hallarda insanların orucdan azad sayıldığını bildirir:
“Səfərdə olan şəxslər – 48 km və ya bəzi fiqh məktəblərinə görə 90 km məsafə qət edən müsafirlər oruc tutmaya bilərlər.
Xroniki xəstə olan şəxslər – Şəkər, xərçəng kimi xroniki xəstəlikləri olan və oruc tuta bilməyən insanlar fidyə verməklə bu ibadəti əvəz edə bilərlər”.
Orucu tuta bilməyənlər nə etməlidir?
İlahiyyatçının sözlərinə görə, oruc tuta bilməyən insanlar iki qrupa bölünür:
“Müvəqqəti tuta bilməyənlər – Səfərdə olan və ya xəstəlik səbəbindən oruc tuta bilməyənlər daha sonra bu orucun qəzasını yerinə yetirməlidirlər.
Daimi tuta bilməyənlər – Xroniki xəstəlik səbəbindən heç vaxt oruc tuta bilməyən şəxslər fidyə verməlidirlər. Fidyə ilə ehtiyacı olan şəxslərə yemək verilir və bu şəkildə ibadət yerinə yetirilmiş olur.
Ramazan orucu, müsəlmanların mənəvi saflığını artıran və Allahın rizasını qazanmağa kömək edən bir ibadətdir. Allah-Təala hər kəsin ibadətini qəbul etsin!”.
Mehin Mehmanqızı