Bir gündə 18 nəfəri öldürən dəhşət - Bakıdakı faciənin DETALLARI
Aktual
586
13:21, Bu gün

Bir gündə 18 nəfəri öldürən dəhşət - Bakıdakı faciənin DETALLARI

Son günlər texniki spirtdən zəhərlənərək vəfat edənlərin sayı durmadan artır. Artıq 18 nəfərin bu səbəbdən həyatını itirdiyi bildirilir. Məsələ cəmiyyətdə böyük narahatlıq doğurur: İnsanlar nəyə görə texniki spirtdən istifadə edirlər? 
Bu barədə Moderator.az-a danışan  Qida təhlükəsizliyi sahəsi üzrə konsultativ məsləhətlər verən Refresh Group MMC şirkətinin İcraçı direltoru Seymur Qafarov deyib ki, texniki spirtin (metanol və ya sənaye etanolu) istehlak edilməsi əsasən bir neçə səbəbə görə baş verir:
“Ucuzluq – İnsanlar bahalı içkilərin alternativi kimi texniki spirti seçə bilərlər.
Səhvən istifadə – Bəzi insanlar onu içməli spirt (etanol) hesab edərək yanlışlıqla istehlak edə bilər.
Qeyri-qanuni alkoqol istehsalı – Bəzi hallarda texniki spirt ucuz xammal kimi istifadə edilir və saxta içkilərin tərkibinə qatılır.
Alkoqol asılılığı – Ağır asılılığı olan insanlar, adi spirtə əlçatımlılıq olmadıqda, riskə gedərək texniki spirt içə bilərlər.
Son günlər ölüm hallarının artmasının bir neçə səbəbi ola bilər:
Metanolun yüksək konsentrasiyası – Əgər bazara çıxarılan texniki spirtin tərkibində metanol daha çoxdursa, ölüm hallarının sayı artır. Metanol az miqdarda belə çox təhlükəlidir.
Keyfiyyətsiz saxta içkilər – Qeyri-qanuni istehsalçılar daha ucuz başa gəlməsi üçün etanol əvəzinə metanol istifadə edə bilərlər.
İnsanların maddi vəziyyətinin pisləşməsi – Bahalı içkilərin əlçatmaz olması daha çox insanı texniki spirtdən istifadə etməyə məcbur edə bilər.
Səhv məlumatlandırma – İnsanlar bəzi texniki spirt növlərinin təhlükəsiz olduğunu düşünə bilər, halbuki tərkibində ölümcül dozada metanol ola bilər.
Bundan qorunmaq üçün maarifləndirmə, texniki spirt satışına nəzarətin gücləndirilməsi və qeyri-qanuni alkoqol bazarının qarşısının alınması vacibdir”.
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, son illər ölkədə spirtli içkilərin qiymətində artım müşahidə olunur. Bu səbəbdən bəzi insanlar daha ucuz alternativlərə üz tutur:
“Azərbaycanda spirtli içkilərə tətbiq olunan aksiz dərəcələri və vergilər əhəmiyyətli dərəcədə artırılıb. Bu da bazarda spirtli içkilərin qiymətinin yüksəlməsinə səbəb olub. Hökumət eyni zamanda spirtli içkilər üçün minimum qiymət həddi müəyyənləşdirib ki, bu da ən ucuz spirtli içkilərin belə bahalaşmasına gətirib çıxarıb. Dünyanın hər yerində olduğu kimi, qiymət artımı ilə alıcılıq qabiliyyəti aşağı düşən istehlakçılar daha ucuz alternativlərə yönəlir. Azərbaycanda da bəzi insanlar ucuz başa gələn texniki spirtdən istifadə etməyə başlayıblar. Lakin bu, onların həyatına başa gəlir. Spirtli içkilərin qiymətinin qalxması ilə qeyri-qanuni yollarla satılan kontrafakt məhsulların bazara çıxması da mümkündür. Keyfiyyətsiz və qeyri-leqal şəkildə satılan spirtli içkilərin tərkibində metil spirti kimi zəhərli maddələrin olması onların ölümcül nəticələr doğurmasına səbəb olur”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər