İranla Azərbaycan arasında YENİ SƏHİFƏ - Əfşar Süleymani AÇIQLADI
Aktual
494
12:57, Bu gün

İranla Azərbaycan arasında YENİ SƏHİFƏ - Əfşar Süleymani AÇIQLADI

Son günlər İran-Azərbaycan münasibətlərində qarşılıqlı dialoqun artması və yüksək səviyyəli səfərlərin intensivləşməsi müşahidə olunur. Xüsusilə nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlıq məsələləri gündəmdədir. İran və Azərbaycanın regional layihələrdə birgə iştirakı, həmçinin qarşılıqlı etimadın artması gələcəkdə münasibətlərin daha da normallaşmasına səbəb ola bilər. Bəs bu səfərlər və razılaşmalar İran-Azərbaycan əlaqələrində hansı konkret nəticələrə gətirib çıxara bilər?  İran Zəngəzur üçün yaşıl işıq yandıracaqmı? Tehran- Bakı münasibətlərinin normallaşması regiona hansı töhfələr verə bilər?
Bu barədə Moderator.az-ın suallarını cavablandıran İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani qeyd edib ki, İranın hazırkı prezidenti Pezeşkan dünya ölkələri, xüsusilə qonşu dövlətlərlə əlaqələri genişləndirmək və möhkəmləndirmək istiqamətində mühüm addımlar atır:
 “Bu məqsədlə həm prezident səviyyəsində, həm də Xarici İşlər Nazirliyi səviyyəsində müxtəlif addımlar atılır. İranın qonşu ölkələrlə münasibətləri genişləndirmək siyasəti Azərbaycanın da daxil olduğu regional kontekstdə nəzərdən keçirilir. Azərbaycan İran üçün ən yaxın qonşulardan biri hesab edilir və iki xalq arasında tarixi və mədəni bağlılıqlar mövcuddur. Bu səbəbdən İran Azərbaycanla münasibətləri yeni bir səviyyəyə çıxarmağa çalışır. Bununla yanaşı, İran ümumilikdə region ölkələri ilə əlaqələrini möhkəmləndirməyə üstünlük verir. Eyni zamanda, İran Trampın ABŞ prezidenti olduğu dövrdən etibarən Vaşinqtonun artan təzyiqləri ilə üzləşir. Tramp administrasiyası tərəfindən imzalanan aktlar və verilən bəyanatlar İran əleyhinə yönəlib və bu ölkəyə qarşı təzyiq siyasəti yürüdülür. Tramp təkcə İranı deyil, müttəfiqləri olan Avropa ölkələrini, Çin, Meksika, Kanada və digər dövlətləri də müxtəlif yollarla təzyiq altında saxlayır. Bu şəraitdə İran, xüsusilə müsəlman ölkələri ilə əlaqələrini möhkəmləndirməyə çalışır. İranın yürüdüyü diplomatiya yalnız Azərbaycanla məhdudlaşmır, ümumilikdə region ölkələrini əhatə edir. Pezeşkanın siyasəti bu istiqamətdə formalaşır və İranın xarici siyasətində yeni bir yanaşma kimi qiymətləndirilə bilər”.
Sabiq diplomat hesab edir ki, İranla İsrail arasındakı gərginlik məsələsində Azərbaycanın oynaya biləcəyi rol əsasən tərəflərin bu istiqamətdə iradə nümayiş etdirməsindən asılıdır:
“İranın İsrailə qarşı mövqeyi açıq şəkildə bəllidir – İran İsraili bir dövlət kimi tanımır və rəsmi əlaqələri yoxdur. Son dövrlərdə isə bu gərginlik daha da artıb. Əgər gələcəkdə İran və İsrail öz aralarındakı problemləri həll etmək üçün hər hansı bir qərara gəlsələr, o zaman Azərbaycan müəyyən dərəcədə vasitəçi rolunda çıxış edə bilər. Lakin hazırkı şəraitdə belə bir prosesin baş verəcəyini gözləmək çətindir. Hər iki tərəf arasında diplomatik mesajların ötürülməsi ehtiyacı yaranarsa, Azərbaycan bu məsələdə rol oynaya bilər. Yəni İsrail İrana mesaj göndərmək istəsə və ya əksinə, bu, Azərbaycanın vasitəçiliyi ilə mümkün ola bilər. Lakin bu yalnız tərəflər arasında konkret bir iradə formalaşarsa, baş verə bilər. Hazırkı vəziyyətdə isə İranın İsrailə münasibətində fundamental dəyişiklik gözlənilmir, çünki İran İsraili dövlət kimi tanımır və bu mövqeyini dəyişmək niyyətində deyil”.
Zəngəzur məsələsinə toxunan sabiq diplomat İranın bu məsələdəki mövqeyinin  indiyə qədər dəyişməz qaldığını xatırladıb. Onun sözlərinə görə İran əvvəllər Cənubi Qafqazda geopolitik dəyişikliklərə qarşı olduğunu bildirirdi və Ermənistanla sərhədin bağlanmasına razı olmadığını vurğulayırdı:
“Lakin Pezeşkanın hakimiyyətə gəlməsi ilə bu məsələdə kiçik bir dəyişiklik müşahidə olunur. Əvvəlki dövrdə İran tamamilə bu dəhlizə qarşı olduğunu bildirirdisə, indi məsələni texniki baxımdan nəzərdən keçirmək istədiyini ifadə edir. Lakin ümumilikdə İranın əsas prinsipləri dəyişməz olaraq qalır. İranın Zəngəzur dəhlizi məsələsində mövqeyində müəyyən dəyişiklik müşahidə olunur. Əvvəllər İran bu məsələyə qəti şəkildə qarşı çıxırdısa, indi rəsmi olaraq bildirir ki, bu məsələni Azərbaycan tərəfi ilə müzakirə edə bilər. Hazırda İran texniki baxımdan bu dəhlizin onlara nə kimi xeyir və ya ziyan gətirəcəyini araşdırmaq istəyir. Yəni mövqe tam dəyişməsə də, məsələyə daha praqmatik yanaşma hiss olunur. Zəngəzur dəhlizinə qarşı çıxan əsas qüvvənin Ermənistan olduğu görünsə də, əslində bu məsələdə regiondan kənar ölkələrin də təsiri var. Avropa, Amerika və bəzi digər güclərin mövqeyi prosesə təsir edir. Rusiya isə bu məsələdə əvvəl açıq mövqe bildirmirdi, lakin son dövrlərdə dəhlizə razılığını ifadə edib. Buna baxmayaraq, Rusiyanın mövqeyi müəyyən şərtlərdən asılıdır. Əgər Ukraynadakı müharibə sona çatsa, sanksiyalar qaldırılsa və Rusiyaya yeni imkanlar açılsa, bu mövqe dəyişə bilər. O zaman Rusiya Şimal-Cənub nəqliyyat dəhlizi və digər marşrutlarla bağlı strategiyasına yenidən baxa bilər. Ermənistana gəldikdə, dəhlizin açılması üçün əsas qərar verəcək tərəf formal olaraq Ermənistandır, çünki bu yol Ermənistan ərazisindən keçir. Dəhlizin uzunluğu təxminən 40-45 km təşkil edir və Ermənistanın bu məsələyə münasibəti qeyri-müəyyən qalır. Ermənistanın prosesə hansı istiqamətdə yanaşacağı həm Azərbaycanın mövqeyindən, həm də region və dünya güclərinin təsirindən asılı olacaq. Beləliklə, Zəngəzur dəhlizinin taleyi yalnız Ermənistanın deyil, həm də İran, Rusiya və Qərb ölkələrinin yanaşmasından asılıdır. Bu səbəbdən məsələ hələ də regional və beynəlxalq səviyyədə müzakirə mövzusu olaraq qalır.
Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sabit olaraq qalır: Bakı istəyir ki, bu yol Ermənistan ərazisindən keçsin. Lakin Ermənistanın bu məsələyə münasibəti hələ də qeyri-müəyyəndir. Rəsmi İrəvan açıq şəkildə razılıq vermir, bəzən dolayısı ilə fərqli mövqelər nümayiş etdirir, lakin əsas məsələ onun bu məsələdə hansı istiqamətdə qərar verəcəyidir. Ermənistanın qərarı, həmçinin ona təzyiq göstərən xarici güclərin təsirindən asılıdır. Xüsusilə Fransa, açıq şəkildə Ermənistanı dəstəkləyir və Zəngəzur dəhlizinə qarşı ehtiyatlı yanaşır. ABŞ-ın isə mövqeyi dəyişkən görünür, çünki Trampın və ya digər liderlərin xarici siyasəti zamanla dəyişə bilər. Hələlik Vaşinqtonun konkret mövqeyi bəlli deyil. Bu məsələdə İranın rolu da mühümdür. Azərbaycan və İran artıq razılığa gəliblər ki, alternativ olaraq yol İran ərazisindən keçə bilər. Lakin bu marşrut Ermənistan üzərindən keçən yola nisbətən 20-25 km daha uzundur. Azərbaycan və İran alternativ variantlar üzərində işləsə də, Ermənistanın mövqeyi həlledici olaraq qalır. Ermənistanın qərarı isə xarici təzyiqlər, xüsusilə Fransa, Avropa və digər region güclərinin mövqeyindən təsirlənə bilər. Hazırkı şəraitdə bu məsələ yalnız sülh sazişindən sonra daha konkret müzakirə edilə bilər”.
Müsahib onu da əlavə edib ki, Azərbaycan-İran münasibətləri tam olaraq sabit deyil və arada bəzi problemlər qalmaqdadır:
 “Siyasi, iqtisadi və təhlükəsizlik məsələləri bu münasibətlərin inkişafına təsir göstərir. Xüsusilə İsrail məsələsi burada mühüm yer tutur. İran, Azərbaycanın İsraillə əlaqələrindən narahatdır və bunu açıq şəkildə bildirir. Sadəcə diplomatik səfərlər və görüşlər kifayət etmir. Əsas olan, bu dialoqların real nəticəyə çevrilməsidir. Əgər hər iki tərəf qarşılıqlı maraqlarını nəzərə alaraq konkret razılaşmalara gələ bilsə, münasibətlərdə real irəliləyiş mümkündür. Azərbaycan və İran strateji səviyyədə əməkdaşlığı dərinləşdirə bilsələr, Zəngəzur dəhlizi, iqtisadi layihələr və digər regional məsələlər daha rahat həll edilə bilər. Lakin hazırda bu problemlərin qısa müddətdə həll ediləcəyi real görünmür. Qarşılıqlı etimadın güclənməsi üçün hər iki tərəf açıq və səmimi addımlar atmalıdır. İranın gözləntiləri, Azərbaycanın prioritetləri və regional güclərin təsiri bu prosesə yön verən əsas amillərdən olacaq. Gələcəkdə hadisələrin inkişafı daha çox real addımlardan və hər iki ölkənin kompromis imkanlarından asılıdır. Azərbaycan və İran arasında münasibətlərin normallaşması yalnız bu iki ölkəyə deyil, bütövlükdə regiona müsbət təsir edə bilər. Xüsusilə də iqtisadi və ticarət əlaqələrinin genişlənməsi, enerji sahəsində əməkdaşlıq, tranzit yolları və investisiya imkanlarının artması hər iki ölkənin maraqlarına uyğundur.  Azərbaycanla Ermənistan arasında  sülh sazişi imzalandıqdan sonra bölgədə yeni əməkdaşlıq formatları yaranacaq. "3+3" platformasının daha aktiv olması və İranın burada rolunun artması mümkündür. Hələlik Gürcüstan bu formata qoşulmur, amma İran, Azərbaycan və Ermənistan üçtərəfli əməkdaşlıq çərçivəsində müəyyən razılaşmalar əldə edə bilərlər. Əsas məsələ siyasi iradənin olmasıdır. Hər iki tərəf real addımlar atmağa hazır olarsa, münasibətlərdə ciddi dəyişikliklər mümkündür. Azərbaycan və İran arasında etimadın artması, qarşılıqlı gözləntilərin reallıq əsasında idarə olunması və regiondakı digər güclərin təsirinin balanslaşdırılması bu prosesi daha da sürətləndirə bilər. Gürcüstanda Rusiya məsələsi də həll olunsa, regionda bütün sahələrdə – iqtisadi, siyasi, nəqliyyat, enerji və s. – müsbət dəyişikliklər baş verə bilər. Lakin “3+3” platformasının reallaşması üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında konkret razılaşmaların əldə olunması vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi olmadan bu platformanın effektivliyini görmək çətindir. Nəticə etibarilə, əsas məqsəd region xalqlarının – Azərbaycan, İran, Türkiyə və digər ölkələrin – əməkdaşlığı vasitəsilə iqtisadi və sosial rifahın artırılmasıdır. Yalnız ölkələr öz aralarında səmimi dialoq və qarşılıqlı etimadın bərqərar olması ilə bu məsələlər həll olunaraq xalqların gündəlik həyatına müsbət təsir göstərə bilər. Hətta Trampın xarici siyasətinə dair mübahisələr olsa da, ölkələr öz qərarlarını verməli və hərtərəfli, real addımlarla problemlərin həllinə çalışmalıdırlar”.
 
 
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “millətlər arası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
 
Link kopyalandı!
Son xəbərlər