Müharibənin 3 ili: Münaqişədən kim qazandı, kim itirdi?
Aktual
327
16:17, Bu gün

Müharibənin 3 ili: Münaqişədən kim qazandı, kim itirdi?

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasının 3 ili tamam olur. Üç il ərzində bu müharibə yalnız iki ölkə arasında silahlı qarşıdurma kimi qalmayıb, həm də qlobal siyasətə və iqtisadiyyata ciddi təsir göstərən genişmiqyaslı münaqişəyə çevrilib.  Bu gün, müharibənin ildönümündə, Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim etməyə hazırlaşır. Qoca qitənin məqsədi nədir? Avropa və Rusiya arasındakı gərginlik kimlərin maraqlarına xidmət edir? Üç il ərzində dünya bu münaqişədən nə qazandı, nə itirdi?
Bu barədə Moderator.az-a danışan politoloq Mehman İsmayılov deyib ki, Avropa ilə Rusiyanın arasında gərginliyin olması Birləşmiş Ştatların maraqlarına uyğun gəlir:
 “Birinci Dünya müharibəsində Avropa ilə Rusiyanı vuruşduran və ondan qalib çıxan Amerika Birləşmiş Ştatları oldu. İkinci Dünya müharibəsində Rusiya ilə Avropanı yəni kommunizmlə faşizmi  bir - birinə vurdurub qalib çıxan Amerika Birləşmiş Ştatları oldu. Yəni  Avropa ilə Rusiyanın arasındakı gərginlik Amerika Birləşmiş Ştatlarının milli çıxarlarına, strateji maraqlarına cavab verir. Ancaq Trampın Rusiya ilə yaxınlaşması və aqressora dəstək verməsi yəni Amerika Birləşmiş Ştatlarının bu gün apardığı siyasət qəti şəkildə  qarşısına qoyduğu hədəflərə cavab vermir. Çünki indi Avropa İttifaqı birmənalı şəkildə Rusiyadan gələn təhlükənin qarşısını almaq üçün birləşmək zorundadırlar. Ukraynanın Rusiya tərəfindən  işğalı Avropanın, Türkiyənin, Çinin maraqlarına tamamilə ziddir. Təbii ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin başlatdığı bu siyasət kökündən yanlışdır. Aqressiyanın qurbanına yəni Ukraynaya  iqtisadi basqı qurmaq, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının öz marağına vurulacaq zərbədir. 1994-cü ilin 5 dekabrında Budapeştdə memorandum imzalananda, Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə üç dövlət-  Böyük Britaniya, Rusiya və Amerika qarant olmuşdu. Bugünkü gün o iki qarantın biri olan Rusiya Ukraynanın ərazilərini işğal edir, şəhərlərini dağıdır, dinc əhalini qırır. Digər tərəfdən isə Rusiya Ukraynanı iqtisadi cəhətdən öz köləsinə çevirmək istəyir. Əlbəttə ki, bu, yanlış siyasətdir”.
Politoloq vurğulayıb ki,  Avropa İttifaqının kifayət qədər iqtisadi potensialı vardır ki, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünü müdafiə etsin. Həmin dövlətlərdən biri Türkiyə, digəri isə Çindir:
 “Əgər Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında münasibətlər pozulacaqsa, bu, Çinin işinə yarayacaqdır. Çin Avropa İttifaqı ilə ildə 700 milyard dollardan artıq ticarət dövriyyəsinə malikdir. Amerika ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşirsə, niyə Çin kimi nəhəng və müdrik ölkə bundan istifadə etməsin? Yəni Birləşmiş Ştatların indi başlatdığı siyasət həm Avropa İttifaqını birləşdirəcək,  həm Avropanın Ukraynaya verdiyi dəstək güclənəcək, həm də  bölgəsəl rolu artacaqdır. Eyni zamanda Çinin həm Ukraynanın müdafiəsində, həm həmin bölgənin təhlükəsizliyinin təmin edilməsində, həm də bütövlükdə Avropa İttifaqının Çinlə ticarət əlaqələrinin Çinin xeyrinə güclənməsində çox böyük rol oynayacaqdır".
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər