Kreml Ankaranın qapısını niyə döyür? - Lavrovun səfərinin pərdəarxası məqamları 
Aktual
1053
13:27, Bu gün

Kreml Ankaranın qapısını niyə döyür? - Lavrovun səfərinin pərdəarxası məqamları 

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri Rusiya üçün çox vacib bir prosesdir. Çünki Rusiya, Ukrayna ilə müharibədə çətin vəziyyətdədir və bir tərəfdən də  atəşkəsin təmin edilməsi üçün çalışır. Digər tərəfdən, Suriyadakı Rusiya hərbi bazasının gələcəyi ilə bağlı qərar vermək məqsədilə Türkiyə ilə müzakirələr aparılacaq. Yəni əsas diqqət mərkəzində olan bu iki məsələdir. Bundan əlavə, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasındakı sülh prosesi və Türkiyə-Ermənistan münasibətləri çərçivəsində Zəngəzur dəhlizinin taleyi də müzakirə olunacaq mövzulardan biri olacaq”.
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq İsmayıl Cingöz  Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə səfərini müzakirə edərkən deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti  Donald Tramp seçki kampaniyası dövründə bildirmişdi ki, əgər o prezident olsaydı, Ukrayna-Rusiya müharibəsi heç başlamazdı və o, 24 saat ərzində atəşkəs elan edib, daimi sülhü təmin edə bilərdi:
“Lakin 20 yanvar 2025-ci ildə vəzifəsinin icrasına başlayan  Donald Tramp ilk açıqlamaları arasında Ukrayna-Rusiya müharibəsində atəşkəsin və sülhün təmin edilməsi üçün ən azı 100 günə ehtiyac olduğunu vurğuladı. Bu isə müharibənin tezliklə bitməyəcəyini göstərir. Əvvəlki prezident Co Baydenin dövründə ABŞ Ukraynaya böyük həcmdə maddi və hərbi yardımlar göndərmişdi. Həmçinin ABŞ-ın təzyiqi və yönləndirməsi ilə Avropadakı NATO ölkələri də Ukraynaya hərbi və maddi dəstək vermişdilər. Baydenin təşviqi ilə Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin davam etdirilməsi siyasətinə sövq edilmiş və Ukrayna ordusunun cəbhədə dayanmasını təmin etmək üçün müxtəlif addımlar atılmışdır. Ancaq Baydendən fərqli olaraq, Donald Tramp müharibənin tez bir zamanda bitirilməsini istədiyini bildirsə də, bunun qarşılığında Ukraynanın yeraltı sərvətlərinin ABŞ şirkətləri tərəfindən istifadə edilməsini əsas şərt kimi irəli sürməsi diqqətçəkən məqam idi. Çünki Bayden dönəmində Ukraynanın yerüstü sərvətləri, xüsusilə də taxıl məsələsində  ABŞ böyük imtiyazlar əldə edərkən, Tramp administrasiyasının da Ukraynanın zəngin yeraltı resurslarına maraq göstərdiyi məlum oldu.  Ukrayna  böyük yeraltı sərvətləri ilə diqqət çəkən bir ölkədir və imperialist Qərbin, xüsusən də ABŞ-ın iştahını artırır. Uran və civə yataqları ilə yanaşı, dəyərinin 11,3 trilyon dollara çatdığı ehtimal edilən litium yataqları da Ukraynanı strateji baxımdan daha cəlbedici edir. Bununla yanaşı, Ukraynanın zəngin torpaq minerallarına, xüsusilə də berillium və niobium ehtiyatlarına sahib olması böyük əhəmiyyət kəsb edir. Bu minerallar nüvə reaktorlarında neytron uducularından tutmuş, aviasiya və kosmik sənayedə istifadə olunan materiallara, həmçinin raket sistemləri və silah texnologiyalarında tətbiq olunan müxtəlif modellərə qədər bir çox sahədə tələb olunan resurslardır. Digər mühüm məsələ isə Rusiyanın işğalı altında olan Donbas bölgəsində zəngin yeraltı sərvətlərinin mövcudluğudur. Bu da ABŞ və Rusiyanın Ukraynanın təbii sərvətlərini bölüşdürmək üçün gizli razılığa gələcəyi ehtimalını gündəmə gətirir”.
Politoloq Bayden dönəmində Ukraynaya dəstədək üçün səfərbər edilən Avropa ölkələrinin Tramp administrasiyası dövründə atəşkəs danışıqları masasında yer almaması ilə bağlı Trampın israr etməsini diqqətə çatdırıb:
“Bu, ABŞ-ın münaqişənin həllində Avropa ölkələrini kənarda saxlamaq istəyinin göstəricisi kimi qiymətləndirilir. Çünki Trampın Ukraynanın sərvətlərini Avropa ölkələri ilə paylaşmaq istəmədiyi aydın olur. Burada diqqətçəkən məqamlardan biri də ABŞ və Rusiyanın Ukraynanın taleyini Yalta Konfransına bənzər bir formatda öz aralarında bölüşdürməyə çalışmasıdır. Xüsusilə Donbas və Krım bölgələrinin Rusiyanın nəzarətinə keçməsi üçün Ukraynanın məcbur ediləcəyi ehtimalları gündəmə gəlir. Atəşkəs yol xəritəsi planlaşdırılarkən Ukraynanın iştirakı olmadan ABŞ və Rusiya rəsmilərinin bu məsələləri müzakirə etməsi, ilk növbədə Ukrayna və digər Qərb ölkələrinin ciddi reaksiyasına səbəb olub. Belə görünür ki, Ukraynanın təbii sərvətləri ABŞ və Rusiya arasında imperialist maraqlar çərçivəsində bölüşdürülmək üçün addımlar atılır. Bu çərçivədə Lavrovun Türkiyəyə səfəri xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki, Lavrovun səfərindən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin də Türkiyəyə gəlməsi diqqət çəkir. Çünki Zelenski üçün bu coğrafiyada ən etibarlı və sığınacaq tapa biləcəyi ölkənin Türkiyə olduğunu bir daha başa düşdü. Ukrayna-Rusiya müharibəsi başladığı gündən Türkiyə neytral və balanslı xarici siyasət yürütmüş, həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlaya bilmişdir. Bunun nəticəsində Türkiyə bəzən ABŞ və NATO ölkələrinin təzyiqləri ilə üzləşsə də, öz müstəqil diplomatiyasını davam etdirmişdir. Türkiyənin bu balanslı siyasətinin ən bariz nümunələrindən biri taxıl dəhlizi ilə bağlı sazişlər oldu. Müharibə dövründə taxıl dəhlizi problemi məhz Türkiyənin neytrallığı və diplomatik səyləri nəticəsində həll edildi. Əvvəlcə Türkiyənin bu rolu bəzi NATO və Qərb ölkələri tərəfindən tənqid edilsə də, nəticədə onlar Türkiyənin vasitəçiliyini qəbul etməyə məcbur oldular. Lavrovun Türkiyəyə səfəri təkcə Ukrayna məsələsi ilə məhdudlaşmır. 
Səfərin digər vacib aspektlərindən biri də Türkiyənin Suriya ilə bağlı siyasətidir. Türkiyə, hazırkı Suriya hökuməti ilə münasibətlərini normallaşdırmağa ən yaxın olan ölkələrdən biridir və bu da Moskvanın diqqətindən yayınmır. Lavrovun səfəri çərçivəsində Suriyanın indiki höküməti ilə bağlı danışıqların aparılması gözlənilir”.
 
 “Digər bir mühüm məsələ isə Suriyada PKK-nın qolu olan PYD-nin mövqeyi və Türkiyənin buna qarşı atacağı addımlardır. PKK və PYD uzun illərdir ki, Rusiya ilə müəyyən əlaqələrə malikdir, lakin hazırda əsas himayədarları ABŞ-dır. Türkiyə Suriyada PKK/PYD-yə qarşı mümkün bir hərbi əməliyyat keçirməyi planlaşdırdığı halda, ABŞ bu əməliyyata mane ola bilər. Bu vəziyyətdə, Rusiyanın mövqeyi vacibdir. Rusiya PYD-ni dəstəkləyərsə, Türkiyənin Rusiyaya münasibəti necə olacaq? Lavrovun Türkiyəyə səfəri çərçivəsində bu məsələnin də müzakirə ediləcəyi gözlənilir. 
Bundan başqa, Cənubi Qafqazdakı geosiyasi vəziyyət və burada sabitliyin qorunub-qorunmaması da müzakirə mövzularından biri olacaq. Xüsusilə Türkiyə ilə Rusiyanın bu bölgədə necə əməkdaşlıq edəcəyi məsələsi masada olacaq. Enerji məsələsi də Lavrovun səfərinin əsas gündəm mövzularından biridir. Türkiyə uzun müddətdir ki, Rusiya üçün vacib enerji dəhlizi rolunu oynayır və gələcəkdə də bu mövqeyini qorumağa çalışır. Xüsusilə Mersində inşa edilən Akkuyu Nüvə Elektrik Stansiyasının gələcəyi və inkişaf prosesi də gündəmdə olacaq. Türkiyə ilə Rusiya arasında enerji sahəsində əməkdaşlıq davam edəcəyi təqdirdə, bu mövzu da müzakirələrin əsas hissəsini təşkil edəcək. Lavrovun səfərinin strateji əhəmiyyəti təkcə Türkiyə-Rusiya münasibətləri ilə bağlı deyil, həm də ABŞ və Avropa ölkələri ilə münasibətlərin tənzimlənməsi baxımından da vacibdir”,- deyə İsmayıl Cingöz qeyd edib.
Politoloq onu da əlavə edib ki,  Rusiya hazırda Avropa ölkələrinin təhlükəsizlik siyasətini yenidən dizayn etməyə çalışır. ABŞ və NATO-nun Avropa ölkələrinə tam dəstək verməyəcəyi ehtimalları gücləndikcə, Avropa dövlətləri öz milli müdafiə sistemlərini gücləndirmək yollarını axtarırlar. Burada Türkiyə mühüm rol oynaya bilər:
“NATO üzvü olan Türkiyənin güclü müdafiə sənayesi və hərbi potensialı, Avropa ölkələrinin təhlükəsizlik siyasətində vacib yer tuta bilər. Bu baxımdan yaxın gələcəkdə Avropa ölkələrinin NATO və ABŞ-ın təsirindən uzaqlaşaraq öz təhlükəsizlik siyasətlərini formalaşdırmaq üçün Türkiyə ilə daha sıx əməkdaşlığa üstünlük verəcəkləri ehtimal edilir. Türkiyənin müdafiə sənayesindəki irəliləyişlər və müstəqil siyasəti Avropanın da diqqətini cəlb edir. Bu vəziyyət Lavrovun səfərinin əhəmiyyətini bir daha artırır və Türkiyənin gələcək beynəlxalq siyasətdə necə bir mövqe tutacağını müəyyənləşdirən amillərdən biri olur. Bu kontekstdə Lavrovun Türkiyəyə səfəri, yalnız ikitərəfli münasibətlər deyil, həm də qlobal güc balansında Türkiyənin artan rolunu bir daha önə çıxarır. Rusiya tarixdə heç vaxt bu qədər Türkiyəyə ehtiyacı olmamışdı.  Ukrayna müharibəsi göstərdi ki, Moskva Türkiyəni regionda vacib vasitəçi və strateji tərəfdaş olaraq görməyə məcburdur. Bunun əsas səbəbi, Türkiyənin sanksiyalara baxmayaraq Rusiya ilə ticarət və enerji əlaqələrini qoruyub saxlamasıdır. Hazırda Rusiya üçün dünya bazarına çıxış yolları məhduddur və Türkiyə bu çıxış qapılarından biri kimi mühüm rol oynayır. Belə bir şəraitdə, Türkiyənin nə qədər mühüm geostrateji mövqeyə sahib olduğu bir daha sübut olunur. Digər tərəfdən, atəşkəs və sülh danışıqları məsələsində Türkiyə olmadan bir prosesin uğurlu olma ehtimalı azdır. Həm Bayden, həm də Trampın Türkiyənin sülh danışıqlarında iştirak etməsini istəməsi, Ankaranın artan diplomatik təsirini göstərir. Türkiyənin bu rolu təkcə Ukrayna-Rusiya müharibəsi ilə məhdudlaşmır. Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi və Türkiyənin liderliyi, Ankaranı təkcə regional deyil, qlobal aktora çevirir. Türkiyənin atacağı addımlar bütün Türk dünyasına təsir edəcək və bu, regionda yeni güc balansının formalaşmasına səbəb ola bilər.
Beləliklə, Lavrovun Türkiyə səfəri təkcə Moskvanın diplomatik maraqları çərçivəsində deyil, həm də yeni dünya düzənində Türkiyənin hansı mövqeyə sahib olacağını müəyyənləşdirmək baxımından strateji əhəmiyyət kəsb edir. Bu səfər zamanı Türkiyə-Rusiya münasibətlərinin gələcəyi, Suriya məsələsi, enerji əməkdaşlığı və Ukrayna müharibəsində mümkün atəşkəs planları ətrafında ciddi müzakirələrin aparılması gözlənilir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər