İslam dininə görə, insan həyatda olduğu kimi, vəfat etdikdən sonra da ehtirama layiqdir. Son zamanlar qəbiristanlıqlarda yerlərin məhdud olması və dəfnin baha olması səbəbindən, bir çox insanlar öldükdən sonra yaxınlarının məzarında dəfn olunmasını vəsiyyət edir. Bəs bir neçə nəfəri bir qəbirdə dəfn etmək olarmı? İslam dininin qaydaları buna icazə verirmi?
Bu barədə Moderator.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyir ki, İslamın dəfn qaydalarına əsasən, bir qəbirdə bir nəfərin dəfn edilməsi əsas qaydadır:
“Lakin bəzi istisna hallar mövcuddur. Məsələn, döyüşlərdə və ya kütləvi ölümlər baş verdikdə, birdən çox insanın eyni qəbirdə dəfn edilməsi mümkündür. Bunun tarixi nümunələri vardır. Peyğəmbərimiz (s.ə.s.) Uhud döyüşündə şəhid olan səhabələri bir məzarda dəfn etməyə icazə vermiş və hətta bəzi şəhidlərin hansının əvvəl dəfn olunacağına dair qaydalar təyin etmişdir. Bu, məcburi hallar üçün nəzərdə tutulmuş bir güzəştdir.
Lakin adi hallarda, məzar açılaraq yeni bir şəxsin həmin yerdə dəfn edilməsi yalnız o halda icazəli hesab olunur ki, əvvəlki cəsəd tamamilə çürümüş və torpağa qarışmış olsun. Əgər hələ insan cəsədinin qalıqları mövcuddursa, bu zaman həmin məzarın yenidən istifadə olunması İslam qaydalarına uyğun sayılmır. Məzarların qorunması və ölülərə ehtiram göstərilməsi müsəlmanların mənəvi borcu hesab edilir”.
Ə.Həsənov vurğulayıb ki, maddi çətinliklər və qəbiristanlıq yerlərinin baha olması səbəbindən bir qəbirdə bir neçə nəfərin dəfn edilməsi məsələsinə diqqətlə yanaşılmalıdır:
“Əgər əvvəlki cəsəd tamamilə torpağa qarışmışsa, bu, dini baxımdan mümkün hesab edilə bilər. Lakin insanın sadəcə ailə üzvləri ilə eyni qəbirdə dəfn olunmaq istəməsi, cəsədin tam çürümədiyi halda məzarın açılmasına səbəb olmamalıdır. Məzarlar ölülərin istirahət yeri sayılır və bu istirahətin pozulmaması əsas prinsip olaraq qəbul edilir”.
İlahiyyatçı onu da əlavə edib ki, bir insanın yaxınlarının yanında dəfn olunmasını istəməsi təbii bir arzu olsa da, bunun dini və axirət baxımından xüsusi bir təsiri yoxdur:
“İslam inancına görə, insanın axirət taleyi onun hansı məzarlıqda dəfn olunması ilə deyil, imanına, əməllərinə və Allaha olan itaətinə bağlıdır. Bu baxımdan, dəfn yerinin ruhun vəziyyətinə və axirət taleyinə birbaşa təsiri yoxdur. Bununla belə, müsəlmanlar üçün qəbiristanlıqların abad saxlanılması, ziyarət edilməsi və ölülərə duaların oxunması önəmlidir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbir yerindən təkrar istifadə şərtləri yer alıb. Qanuna görə , qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra yol verilir.
Mehin Mehmanqızı