Azərbaycanda orqan transplantasiyası: Qanunvericiliyin tələbləri və əsas şərtlər
Aktual
914
15 Feb 2025 | 17:31

Azərbaycanda orqan transplantasiyası: Qanunvericiliyin tələbləri və əsas şərtlər

Bu gün tibbin inkişafı sayəsində orqan transplantasiyası minlərlə insanın həyatını xilas edir. Lakin bu proses çox zaman təkcə tibbi deyil, həm də hüquqi və dini baxımdan ciddi müzakirələrə səbəb olur. Dünyada bəzi ölkələrdə vətəndaşların orqanlarını ölümündən sonra bağışlaması avtomatik qəbul edilir, bəzi yerlərdə isə bu, yalnız şəxsən razılıq verildikdə mümkündür. Bəs Azərbaycanda orqan bağışlanması ilə bağlı qanunvericilik nə deyir? Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxs bunu rəsmi şəkildə necə sənədləşdirə bilər? Vəsiyyətnamədə orqan bağışlanması ilə bağlı qeyd etmək hüquqi baxımdan yetərlidirmi? 
Bu barədə Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov deyir ki, Azərbaycan Respublikasında insan orqan və toxumalarının donorluğu və transplantasiyası "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
“Orqan donorluğu canlı insan və ya meyitdən diaqnostik müayinədən sonra və ya ölüm faktı təsdiqləndikdən sonra həyata keçirilir. Bu proses insanın həyati funksiyalarını təmin etmək məqsədini daşıyır və donor orqanlarının saxlanılması, daşınması kimi fəaliyyətləri də əhatə edir. Canlı donorlar isə 18 yaşına çatmış və orqanlarını xəstəliyi olan şəxslərə könüllü şəkildə bağışlayan şəxslərdir. Meyit donorlar, bioloji ölüm, yəni beynin tam fəaliyyətsizliyi nəticəsində ölmüş və sağlığında orqanlarının transplantasiyasına razılıq vermiş şəxslərdir.Orqan transplantasiyasını yalnız dövlətin xüsusi icazəsi ilə fəaliyyət göstərən tibb müəssisələri həyata keçirə bilər. Bu müəssisələrin Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyası olmalı və həmin lisenziyada orqan transplantasiyasının aparılmasına icazə verildiyi qeyd olunmalıdır”.
Hüquqşünas əlavə edib ki,  canlı donordan orqanların götürülməsi yalnız yaxın qohumlar arasında mümkündür:
“Donorluq və transplantasiya prosesi tamamilə könüllülük prinsipinə əsaslanmalı və hər hansı bir ödənişin edilməsi qanunla qadağan edilir. Meyit donorlardan orqanların götürülməsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən, şəxsin ölümündən əvvəl verdiyi müvafiq yazılı razılıq əsasında həyata keçirilir. Əgər belə bir razılıq yoxdursa, şəxsin həyat yoldaşı, yetkinlik yaşına çatmış övladları və digər yaxın qohumlarının razılığı tələb olunur. Bu qaydalar, orqanların götürülməsi və transplantasiyasının hüquqi legitimliyini təmin edir və donorluq prosesinin şəffaf, qanuni çərçivədə aparılmasını təmin edir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər