Çexovun silahı prinsipi: Ermənistan aldığı silahları nə vaxt işə salacaq?
Aktual
1299
09:45, Bu gün

Çexovun silahı prinsipi: Ermənistan aldığı silahları nə vaxt işə salacaq?

“Ermənistanın silahlanması intensiv şəkildə davam edir. İstər Hindistandan, istər Fransadan ölümcül silahların alınması bir daha onu göstərir ki, Ermənistanın ritorikası heç də bəyan etdiyi kimi sülhə xidmət etmir. Eyni zamanda, Ermənistanın həm daxilində, həm də xaricdəki diasporada revanşist və faşist fikirlər qalmaqda davam edir. Bütün bunlar silahlanmanın fonunda Ermənistanın gələcəkdə Azərbaycana qarşı ciddi təhdid ola biləcəyini ehtiva edir. Çexovun silahı prinsipi əgər silah alınırsa, silahdan istifadə olunacaq"
Bunu Moderator.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan aydındır ki, bu silahları Rusiya, İran üçün almır, ilk növbədə Azərbaycanı hədəfə almaq üçün alır:
 "İrəvan  bu addımları rəsmi bəyanatlarda təhlükəsizlik diversifikasiyası -Ermənistanın təhlükəsizliyinin təmin olunması kimi qələmə verir. Amma nə qədər ki, sülh sazişi imzalanmayıb, iki ölkə arasında həll olunmalı məsələlər qalmaqdadır, Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır, o silahların Azərbaycana qarşı yönəlməyəcəyinə əmin ola bilmərik. Yəni belə olan təqdirdə bu gün də olmasa , bir neçə ildən sonra  Ermənistanda yenidən Azərbaycana qarşı hərbi ritorikanı işə salmaq istəyi özünü göstərə bilər və bu, sözsüz ki, bütün bölgənin təhlükəsizliyinə təhdid göstərir. Bölgədə bir silah yarışı, “təhlükəsizlik leması"  deyilən bir vəziyyət yaradır ki, bu da bölgə ölkələrinə də təsirsiz ötüşməyəcəkdir”.
Politoloq vurğulayıb ki, hazırda  Fransanın Ermənistana  pulsuz silahların verilməsi məsələsi gündəmdədir:
“2023-cü ilin oktyabrında Fransa və Ermənistan arasında imzalanan razılaşmaya görə 50 "Bastion" zirehli maşını göndərilməli idi. Onların bir hissəsi artıq Ermənistana verilib, digər yarısının verilməsi isə hələ də gözlənilir. Bundan əlavə, Fransa Ermənistana "Sezar" öz yeriyən artilleriya qurğularını göndərib, həmçinin "Tales" şirkətinin istehsalı olan "Master 200" texnikalarını da təqdim edib. Bütün ehtimallara görə, bu silahların ardı gələcək və Fransa Ermənistana daha ölümcül texnikalar göndərməyə davam edəcək. Bu isə Ermənistana sözsüz ki, daha dekonstruktiv mövqe sərgiləməyə, təxribatlara əl atmağa və nəticədə müəyyən bir müddətdən sonra Azərbaycana qarşı hərbi aqressiv ritorika nümayiş etdirməyə səbəb ola bilər”.
 S.Zahidov  qeyd edib ki, Azərbaycanın hərbi gücü ilbəil daha da artır:
 “Həm büdcə, həm də alınan hərbi texnika baxımından Ermənistanın Azərbaycana qarşı silah yarışında qalib gəlmək şansı və imkanları sıfıra yaxındır. Sözsüz ki, bu prosesin uzanması, illər keçdikcə Ermənistanın iştahını daha da artıra bilər. Revanşizm və faşizm ideyalarının gücləndiyi bir dövrdə, Ermənistanın bu iştahını reallaşdırmaqda maraqlı ola biləcəyi ehtimal olunur. Bu isə, öz növbəsində, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, sülh prosesinə və ümumilikdə bölgənin təhlükəsizlik arxitekturasına ciddi təhdidlər yaradacaq”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər