Hanı, Azərbaycandan pul
Aktual
376
14:05, Bu gün

Hanı, Azərbaycandan pul "yeyən" və diaspora adını daşıyanlar? - Siyasi ekspertdən sərt sözlər

Son günlərdə Türkiyənin keçmiş parlament üzvü və erməniəsilli siyasətçi Garo Paylanın qərəzli çıxışları yenidən gündəmdədir. Keçmiş Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili olan Paylan, son çıxışında Ermənistanın Azərbaycana cavab verə bilməsi üçün 3-5 il zamana ehtiyacı olduğunu vurğulayaraq, rəsmi İrəvanın Bakıya sülh əlini uzatmasının vacibliyini bildirdi. Paylan, uzun illər Türkiyə parlamentində təmsil olunduğu müddətdə də erməni diasporunun təsiri altında qalaraq, Ermənistanın siyasi maraqlarına uyğun açıqlamalar verib. Onun bəyanatları təkcə Azərbaycanı deyil, ümumilikdə Türk dünyasını hədəf alır və daim erməni revanşizmini təbliğ edir. Siyasətçi kimi fəaliyyəti dövründə Paylan, "erməni soyqırımı" iddialarını Türkiyə Böyük Millət Məclisində təkrarlamaqdan çəkinməmiş, ermənilərin "tarixi haqlarının" bərpa edilməsini tələb etmişdir. O, Türkiyənin daxili siyasətində milli maraqlara qarşı çıxaraq, separatçı və radikal erməni dairələrinin mövqeyini müdafiə etmişdir.
Moderator.az  xəbər verir ki, siyasi ekspert Ramiyə Məmmədova Garo Paylanın erməni əsilli olduğunu, 1972-ci ildə İstanbulda anadan olduğunu bildirib. Paylan əslən malatyalı olan Türkiyə vətəndaşıdır, elm adamı və siyasətçidir. Onun ailəsi əsrlərdir ayaqqabı istehsalı ilə məşğuldur. "Garo" adını babasının adının kiçildilmiş forması kimi alıb. Garo Paylan kimi "Böyük Ermənistan" ideyası ilə yaşayan və bu məqsədlərini həyata keçirmək üçün çalışan ermənilər təkcə xaricdə deyil, Türkiyədə də kifayət qədərdir. Onların öz məktəbləri, kilsələri, cəmiyyətləri və fondları mövcuddur.
Siyasi ekspertin sözlərinə görə,  Paylan, məktəb direktoru olduğu dövrdən başlayaraq Türkiyə Böyük Millət Məclisinin üzvü olduğu illərdə də erməni kimliyini ön plana çəkmiş, Türkiyənin qondarma erməni soyqırımını tanımasını açıq şəkildə tələb etmişdir:
“O, kürd partiyasından seçilərək deputat olmuş və daim ermənilərin Türkiyədə soyqırıma məruz qaldığını iddia edərək onlara xüsusi imtiyazlar verilməsini tələb etmişdir. Bu çıxışları Türkiyə ictimaiyyətində və parlamentində böyük narazılıqla qarşılanıb. Lakin görünən odur ki, Paylan kimi şəxslər erməni lobbisindən kifayət qədər dəstək alırlar. Bu gün də Azərbaycan və Türkiyəyə qarşı təbliğatını davam etdirir. Son olaraq, "Karnegi Fondu"nda etdiyi çıxış da bu məqsədə xidmət edir. Yenə də köhnə fikirlərini təkrarlayır – gah Fransa və ABŞ-dan silah və maliyyə yardımı istəyir, gah da saxta soyqırım iddialarını qabardır. Sonra isə guya erməni xalqını rifaha aparmaq və regionda normal bir dövlət qurmaq istədiklərini bildirirlər .Ancaq həqiqət tam başqadır. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ermənilərə tarix boyu unutmayacaqları bir dərs verdi. Bunu bütün dünya gördü və qəbul etdi. Çünki artıq müasir dövrdə beynəlxalq hüquq deyil, güc və reallıqlar əsas rol oynayır”.
R.Məmmədova vurğulayıb ki,  həyata keçirə bilmədiyimiz ən vacib məsələlərdən biri güclü lobbi yaratmaqdır:
“Xüsusilə Türkiyədə bu fəaliyyətə ciddi ehtiyac var. Bəziləri iddia edir ki, Türkiyədə kifayət qədər Azərbaycan lobbi təşkilatı mövcuddur. Lakin real vəziyyət göstərir ki, Paylan kimilərinə ciddi və təsirli cavab verə bilən lobbi fəaliyyəti yoxdur. 
Hanı, o Azərbaycan kökənli millət vəkillərinin cavabı? Hanı, Azərbaycandan pul yeyən və diaspora adını daşıyanlar?
Bir-iki fərdi açıqlama verməklə və ya "Haber Global"da bir məqalə yayımlamaqla məsələ həll olunmur. Əsas problem budur: Biz hələ də güclü diaspora və lobbi yarada bilməmişik. Dövlətini və millətini qəlbən sevən, ona xidmət edən şəxslərdən ibarət diaspora olmalıdır. Azərbaycandan alınan pulları yeməklə, qulluq edirmiş kimi göstərən, amma heç bir şey etməyən insanların diaspora üzvü kimi tanınan, lakin bir Garonun belə cavabını verə bilməyən diasporumuz var”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər