İran-Azərbaycan əməkdaşlığı: Siyasi və iqtisadi perspektivlər nə vəd edir?
Aktual
226
16:35, Bu gün

İran-Azərbaycan əməkdaşlığı: Siyasi və iqtisadi perspektivlər nə vəd edir?

Hikmət Hacıyevin İrana səfəri göstərir ki, Bakı və Tehran münasibətləri stabilləşdirmək üçün dialoqa açıqdır. Görüşlərdə tərəflərin dostluq prinsiplərini vurğulaması rəsmi səviyyədə pozitiv mesajdır. Lakin buna, hələ tam normallaşma demək olarmı? İranın Azərbaycana münasibəti tarixi olaraq dalğavari olub: bir tərəfdən, əməkdaşlığa açıq görünən Tehran, digər tərəfdən isə mühafizəkar dairələrin anti-Azərbaycan ritorikasını dayandırmır. Odur ki, stabillik üçün yalnız diplomatik görüşlər kifayət etməyəcək, həm də real addımlar atılmalıdır.
Azərbaycan-İran əməkdaşlığı nə vəd edir?
İran və Azərbaycanın coğrafi yaxınlığı bu iki ölkənin iqtisadi və enerji sahəsində əməkdaşlığını vacib edir. Xüsusilə Naxçıvana yük daşımaları, enerji layihələri və qarşılıqlı ticarət əlaqələri ikitərəfli münasibətlərdə önəmli yer tutur. Lakin İranın regionda balans siyasəti aparmağa çalışması və bəzi hallarda Ermənistanla daha sıx əməkdaşlıq etməsi bu əməkdaşlığın dərinləşməsinə mane olur. Əgər İran anti-Azərbaycan siyasətindən çəkinərsə, iki ölkə arasında enerji və nəqliyyat sahələrində yeni layihələr reallaşa bilər.
 İranın mühafizəkar dairələri yenidən təxribat törədə bilərmi?
İranın dini və mühafizəkar dairələri Azərbaycanın müstəqil siyasət aparmasını, dünyəvi dövlət kimi inkişaf etməsini daim qısqancla qarşılayıb. Bu dairələr ölkə daxilində Azərbaycan əleyhinə təbliğatı davam etdirir və müxtəlif yollarla təxribatlar törədir. Əgər İran dövləti bu qüvvələrə nəzarəti gücləndirməsə, əldə olunan müsbət nəticələrə kölgə düşə bilər.
 İran-Azərbaycan münasibətləri Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilərmi?
İran Zəngəzur dəhlizinə əvvəldən etiraz edib, çünki məqsəd Azərbaycanı Naxçıvana və Türkiyəyə öz ərazisi üzərindən bağlamaqdır. Ona görə də, İranın Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi hələ də sual altındadır. Əgər Azərbaycan və İran arasında münasibətlər tam normallaşsa və İran bu layihəni öz maraqlarına uyğun görsə, proses daha sürətli irəliləyə bilər. Əks halda, İran bu məsələdə manelər yaratmağa davam edəcək.
Hikmət Hacıyevin İrana səfəri və orada aparılan müzakirələr Azərbaycan-İran münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Lakin bu münasibətlərin uzunmüddətli stabilliyi İranın konkret addımlarından asılı olacaq. İran mühafizəkar dairələrinin təxribatlarından çəkinməsə, diplomatik səylər nəticə verməyə bilər. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır: ölkəmiz regionda sabitliyin və əməkdaşlığın tərəfdarıdır, lakin bu, birtərəfli olmayacaq.
Bu barədə Moderator.az-a danışan politoloq Əhəd Məmmədli  deyib ki, Azərbaycan və İran arasındakı münasibətlər siyasi və iqtisadi baxımdan böyük perspektivlər vəd edə bilər. Hər iki ölkənin zəngin tarixi keçmişi var. Azərbaycan, İran və Türkiyə tarixən eyni imperiyalar tərkibində olub:
 “Lakin İran hakimiyyətinin mövqeyi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın gözləntilərinə uyğun gəlmədi. İran bəzən açıq şəkildə, bəzən isə dolayı yollarla Azərbaycana qarşı qərəzli siyasət aparıb. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra İranın münasibətləri həmişə adekvat olmayıb. İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün zaman-zaman cəhdlər edilib. Birgə təlimlər keçirilib, müxtəlif səviyyələrdə görüşlər baş tutub. Lakin Azərbaycan səfirliyinə edilən hücum və bəzi İranın əyalət mollasının  Azərbaycan prezidentinə qarşı ifadələri bu münasibətlərin inkişafına ciddi mane olub. Bundan əlavə, İkinci Qarabağ müharibəsi zamanı İranın sərhədi keçərək Azərbaycan Ordusunun hərbi əməliyyatlarına mane olmağa çalışması da gərginliyin artmasına səbəb olub. Bütün bu hadisələr fonunda, iki ölkə arasında bir çox məsələlərin açıq şəkildə müzakirə olunması və münasibətlərin sağlam şəkildə tənzimlənməsi vacibdir”.
“Zəngəzur dəhlizi məsələsinə gəldikdə, mənim şəxsi fikrim budur ki, bu yol Ermənistan ərazisindən keçməlidir, İran ərazisindən yox. Çünki tarixi olaraq, torpaqlarımız işğal altında olduğu zaman Azərbaycan İran ərazisindən tranzit kimi istifadə edib. Naxçıvana getmək üçün alternativ yollar – Türkiyə və Gürcüstan üzərindən keçid – mövcud olsa da, məsafə baxımından ən çox İran ərazisindən istifadə olunub. Lakin bu, problemin həlli deyil. Əsas məqsəd Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsidir. İran ərazisi bu marşrut üçün alternativ hesab edilə bilməz, çünki bu, Azərbaycanın maraqlarına uyğun deyil. Prezident İlham Əliyevin son çıxışlarında da Zəngəzur dəhlizinin açılmasının vacibliyi xüsusi vurğulanıb. Azərbaycanın bu məsələdə geri addım atacağını düşünmürəm. 
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması hər iki dövlət üçün vacibdir. Lakin İranın Azərbaycana qarşı sabit siyasət yürütməsi də bu proses üçün əsas şərtlərdən biridir. Əgər İran öz seçimində yenə də Ermənistanı dəstəkləməyə davam edərsə, o zaman Azərbaycan-İran münasibətlərinin tam normallaşacağına inanmaq çətindir,- deyə Əhəd Məmmədli şərh edib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər