“Prezidentin köməkçisi Hikmət Hacıyevin bir neçə günlük səfəri və orda müxtəlif statuslu şəxslərlə görüşü İranla yaranmış gərginliyin aradan qaldırılmasına və münasibətlərin normallaşmasına yönəlib. Həmçinin, dövlətimizin bütün qonşularla, region ölkələri ilə bərabər hüquqlu əməkdaşlıq qurmaq siyasətinin göstəricisidir”
Bunu Moderator.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.
Politoloqun sözlərinə görə, təəssüflər olsun ki, İranda fars, molla rejiminin Azərbaycana münasibəti heç vaxt səmimi olmayıb:
“Bizə münasibətdə xarici siyasətləri də mehriban qonşuluq, dostluq qaydalarına uyğun qurulmayıb. Hər zaman müxtəlif yollarla ölkəmizə qarşı təsir etməyə çalışıblar. Etiraf etməsələr də Ermənistana hər zaman dəstək veriblər. Torpaqlarımızın işğalı dövründə Ermənistanın İranın köməkliyi ilə blokadadan çıxa bilib ki, bu da Azərbaycan torpaqlarının işğalda qalması müddətini uzadıb. Halbuki, xristian ölkəsi olan Gürcüstan Azərbaycanın təklifi ilə Ermənistanın silahlanmasının qarşısının alınması üçün öz quru və hava ərazisindən silah daşınmasına icazə vermədi. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə infrastrukturunun məhv edilməsində, yaşayış və istehsal sahələrinin xarabalığa çevrilməsində, cənub qonşumuzun “böyük rolu” var. Özünü din “təəsübkeşi” göstərən İran nədənsə işğal olunmuş ərazilərimizdəki məcidlərin ermənilər tərəfin dağıdılmasına, donuzların saxlanılmasına reaksiya vermir. Üstəlik həmin ölkəni qoruyacağını bəyan edir”.
Politoloq vurğulayıb ki, İran Azərbaycanda dünyəvi, demokratik, hüquqi dövlətin yaranmasına, inkişafına hər zaman qısqanclıqla yanaşıb:
“Öz dini “düşüncəsini”, molla rejimini ölkəmizə ixrac etməyə çalışıb. Bu məqsədlə Azərbaycan vətəndaşları İranda təhsil adı altında müxtəlif dini radikal qruplara üzv olunaraq təlimatlandırılıb, ölkəmizə qarşı təxribat xarakterli əməllərin törədilməsinə yönəldiliblər. İran Kəşfiyyatı tərəfindən ölkəmizə qarşı dəfələrlə təxribatlar törədilib.
İran Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarını işğaldan azad edilməsi ilə regionda yaranan yeni siyasi vəziyyəti qəbul edə bilmir. Açıq şəkildə Ermənistanı müdafiə edərək, regionda sülhün bərqərar olmasına mane olur. Azərbaycan sərhəddində 1960-70-ci illərdən qalmış silahları ilə təlim keçirərək, təhdid edib. Yəni İran ağlını, diqqətini, gücünü və enerjisini ölkəsindəki mövcud ağır problemləri aradan qaldırmağa sərf etmək əvəzinə, ənənəvi vərdişlərindən əl çəkmir”.
Y.Hacızadə onu da əlavə edib ki, Azərbaycanın qüdrətinin artması, xüsusən də Türkiyə ilə birlikdə regionda tarazlığı dəyişməsi İranın qorxusunu artırıb:
“İran açıq şəkildə bu dəyişikliyi öz təhlükəsizliyinə təhdid kimi görür. O, Azərbaycanın öz ölkəsində yaşayan 35 milyondan artıq azərbaycanlı üçün cazibə mərkəzi olmasından çox narahatdır.
İranın rəsmi mediası Azərbaycanın əleyihinə şər-böhtan xarakterli məlumatlar yayır. Azərbaycan dövlətinə qarşı fəaliyyət bu kanalların əsas mahiyyəti olub.
Bütün bunlardan İranın vaz keçməsi mənə inandırıcı gəlmir. Sadəcə olaraq bu gün İran beynəlxalq sanksiyalara, diskiriminasiyaya daha çox məruz qalıb. Eyni zamanda, ABŞ-də Trampın yenidən hakimiyyətə gəlməsi İran üçün yaxşı nəsə vəd etmir. İran ola bilsin ki, bunlara görə bizlə münasibətlərini yaxşılaşdırmaq istəyir kimi görünməyə çalışır.
Hikmət Hacıyevin İranda bildirdiyi kimi, biz veç vaxt İrana təhdid olmamışıq. Buna görə bizə təhdid edən, təzyiq göstərməyə çalışanlar da olub. Amma Azərbaycan dövləti qonşuları ilə xoş münasibətlərdə maraqlıdır. Biz hətta 30 il torpaqlarımızı işğalda saxlamış Ermənistanla da münasibətlərin bərpasına, sülhün yaranmasına çalışırıq".
"İranla münasibətlərimizin yaxşılaması hər iki ölkə ilə yanaşı regionumuz üçün də çox faydalı olar. Əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Hər iki ölkə önəmli coğrafi mövqedə yerləşir. İranın bizə baxışı dəyişərsə münasibətlərimiz inkişaf edə bilər.
Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın yumşalacağını hesab etmirəm. Çünki İranın bu layihənin əleyihinə olması da qeyri-səmimiliyidir. Zənəgəzur dəhlizin açılmasını regionun sərhədlərinin dəyişəcəyi, başqa qüvvələrin regiona gələcəyi kimi qiymətləndirən İran, nədənsə Ermənistanla Amerika arasında imzalanan strateji müttəfiqlik xartiyasına və ya Avropa Birliyinin “Mülki qüvvələr” adı altında Ermənistanda yerləşən silahl, kəşfiyyat qrupunun olmasına söz demir”,- deyə Yalçın Hacızadə şərh edib.
Mehin Mehmanqızı