Deepfake texnologiyasının iki üzü: faydaları və təhlükələri - Müsahibə
Aktual
587
12:12, Bu gün

Deepfake texnologiyasının iki üzü: faydaları və təhlükələri - Müsahibə

Deepfake, yüksək dəqiqlikli video, səs və şəkil manipulyasiyalarının yaradılmasına imkan verən bir texnologiyadır. Azərbaycanda da bu texnologiyanın istifadəsi getdikcə artır və bu, həm yeni imkanlar yaradan, həm də ciddi təhlükələr doğuracaq bir tendensiya kimi qiymətləndirilir. Həqiqi informasiyanı feykdən ayırmaq bacarığı getdikcə daha vacib hala gəlir.
 Deepfake texnologiyası barədə Moderator-az-a danışan hüquqşünas Yunis Xəlilovun müsahibəsini təqdim edirik:
– Yunis bəy, son zamanlar gündəmdə olan deepfake texnologiyası ilə bağlı bir neçə sual vermək istərdim. İlk olaraq, deepfake texnologiyası nədir və necə işləyir?
– “Deepfake” termini ingiliscə “deep learning”, yəni “dərin öyrənmə”  və “fake”, yəni  “saxta” sözlərinin birləşməsindən yaranmışdır. Bu söz internetdə ilk dəfə 2017-ci ildə anonim bir Reddit istifadəçisinin məşhurları əks etdirən real pornoqrafik videolar yaratmaq üçün texnologiyanı tətbiq edərkən ortaya çıxmışdır. Deepfake texnologiyası süni intellekt və maşın öyrənməsindən istifadə edərək şəkilləri, videoları və səsləri manipulyasiya edən texnologiyadır. Bu metod generativ adversarial şəbəkələrdən (GANs) istifadə etməklə mövcud materiallar əsasında yeni və real görünən saxta məzmun yaradır. “Deepfake”in əsas tətbiq sahələri aşağıdakılardır:
1. Video manipulyasiyası – Məsələn, bir insanın üzünü başqa bir insanın videosuna yerləşdirmək mümkündür.
2. Səsin təqlidi (“voice cloning”) – Bu zaman süni intellekt vasitəsilə bir insanın danışıq tərzi və səsi imitasiya edilir.
3. Foto manipulyasiyası – Mövcud şəkillərə dəyişikliklər edilərək real görünən saxta vizuallar yaradılır.
 
– Deepfake texnologiyasının müsbət tərəfləri nələrdir? Harada və necə tətbiq olunur?
– Deepfake texnologiyası düzgün istifadə edildikdə çox faydalı ola bilər. Belə ki, kino, təhsil, səhiyyə və təhlükəsizlik kimi sahələrdə onun potensialı böyükdür. Məsələn, sözügedən texnologiya kino sahəsində aktyorların cavanlaşdırılması, həyatını itirmiş aktyorların obrazlarını canlandırmaq və xüsusi effektlər yaratmaq üçün istifadə edilir. Nümunə kimi qeyd edək ki, hamımızın sevərək izlədiyi "Star Wars"da (Rogue One, 2016) Peter Cushingin artıq həyatda olmamasına baxmayaraq, onun "Grand Moff Tarkin" obrazı deepfake texnologiyası ilə yenidən yaradılmışdır. "The Irishman" (2019) filmində isə Robert De Niro və Al Paçino kimi aktyorların gənclik versiyalarını yaratmaq üçün deepfake əsaslı texnologiyalardan istifadə olunmuşdur.
Bundan başqa, Deepfake texnologiyası ilə dodaq hərəkətlərinə uyğun danışıq yaradılaraq filmləri və videoları fərqli dillərə dublyaj etmək mümkündür. Məsələn, Synthesia texnologiyası video məzmunun fərqli dillərə tərcüməsini asanlaşdırır. Misal üçün bir şəxs bir dildə danışdığı halda, texnologiya dodaq hərəkətlərini uyğunlaşdıraraq həmin şəxsi digər dildə danışan kimi göstərə bilər. 2019-cu ildə David Beckham deepfake texnologiyasının istifadəsi ilə qlobal malyariya ilə mübarizə kampaniyasında iştirak etmişdir. Kampaniya "Malaria Must Die, So Millions Can Live" (“Malyariya Ölməlidir ki, Milyonlar Yaşasın”) adlanırdı və “Malaria No More UK2” təşkilatı tərəfindən təşkil olunmuşdu. David Beckham videoda bir neçə fərqli dildə danışırdı, lakin əslində o, yalnız ingilis dilində çıxış etmişdi. Deepfake texnologiyası onun dodaq hərəkətlərini uyğunlaşdıraraq, Fransız, İspan, Hind, Çin, və digər dillərdə danışdığı görüntüsünü yaratdı.
Hazırda Deepfake texnologiyası təhsil sahəsində tarixdə yaşamış şəxslərin simasını və səsini bərpa edərək interaktiv dərslər üçün istifadə olunur. Məsələn, Harvard Universitetində Deepfake vasitəsilə tarixi şəxsiyyətlər "canlandırılır" və tələbələr üçün interaktiv mühazirələr keçirilir. ABŞ-ın Florida şəhərində Dali Müzeyində ispan rəssamı Salvador Dalinin görüntüsü deepfake ilə canlandırılıbdır. Belə ki, o, muzey ziyarətçiləri ilə virtual ünsiyyətə daxil olur.
Bu gün Deepfake texnologiyası nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək məqsədilə də istifadə olunur. Məsələn, Google-un süni intellekt üzrə tədqiqat bölməsi olan DeepMind ALS xəstəliyi (Amyotrofik Lateral Skleroz) və digər nitq pozğunluqlarından əziyyət çəkən xəstələrin öz səslərini qoruyub saxlamaq üçün deepfake texnologiyasından istifadə edir.
Deepfake texnologiyasından oyun personajlarının daha real görünməsinə kömək etmək məqsədilə də faydalanılır. The Matrix Awakens (Unreal Engine 5) layihəsində Deepfake texnologiyası istifadə edilərək Keanu Reevesin ultra-realistik virtual versiyası yaradılmışdır. Yaxud da “MetaHuman Creator” (Epic Games) texnologiyası oyun və filmlərdə real insan emosiyalarını süni intellektlə təqlid edir.
Bu texnologiya şahid ifadələrini analiz etmək və hüquq-mühafizə orqanlarına araşdırmalarda kömək etmək üçün də istifadə olunur. Interpol  Deepfake texnologiyası ilə şahid ifadələrini canlandırmaq və bəzi dəlilləri interaktiv analiz etmək üçün istifadə edir.
 
– Deepfake texnologiyasından mənfi və kriminal niyyətlərlə də istifadə edilir.
– Bəli, bütün bu müsbət və faydalı tərəfləri ilə yanaşı, təəssüf ki, Deepfake texnologiyasından mənfi və kriminal niyyətlərlə də istifadə edilir. Məsələn, Deepfake səs texnologiyası ilə insanların səsi imitasiya edilərək telefon vasitəsilə dələduzluq edilə bilər. Misal üçün bir şəxsin səsi təqlid edilərək onun yaxınlarına zəng vurulub pul istənilir. Ən məşhur nümunə kimi Böyük Britaniyada yaşanmış olan məşhur bir dələduzluq hadisəsini qeyd edə bilərik. Belə ki, bu ölkədə yerləşən bir şirkətin baş direktorunun səsini kopyalayaraq dələduzlar şirkətin Almaniyadakı tərəfdaş firmasına zəng edərək onlardan Bolqarıstandakı təchizatçılarının hesabına 243 min dollar köçürmələrini xahiş etmişlər. Yalandan bu ödənişin təcili olduğunu və müddətin gecikdiyini bildirən dələduz təəssüf ki, məqsədinə nail ola bilmişdir.
Bu texnologiyadan siyasi manipulyasiya məqsədilə də sui-istifədə edənlər ola bilir. Belə ki, sözügedən texnologiya ilə siyasətçilərin saxta çıxışları hazırlanaraq dezinformasiya yaymaq mümkündür. Nümunə üçün qeyd edək ki, 2020-ci ildə prezident seçkilərinə təsir etmək üçün ABŞ prezidenti Co Bayden şişirdilmiş koqnitiv tənəzzül vəziyyətlərində göstərən çoxsaylı deepfake videolarının qurbanı olmuşdur. Keçmiş prezidentlikləri dövründə Barak Obama və Donald Tramp da bəziləri dezinformasiya, bəziləri isə satira və əyləncə kimi yayılan deepfake videolarının qurbanına çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenskinin isə 2022-ci ildə qoşunlarından təslim olmağı xahiş etməsini əks etdirən deepfake videosu da çoxlarımıza yaxşı məlumdur.
Deepfake texnologiyası ilə məşhur şəxslərin və ya adi insanların üzləri pornoqrafik videolara montaj edilərək saxta məzmunlar da yaradıla bilir. Məsələn, 2019-cu ildə ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Ocasio-Kortezin saxta pornoqrafik videosu internetdə yayılması əksər insana məlumdur. Belə qurbanlar siyahısına Scarlett Johansson, Meghan Markle, Taylor Swiftin də adlarını çəkmək olar.
 
– Deepfake texnologiyasının hüquqi tənzimlənməsi ilə bağlı nə deyə bilərsiniz? 
– Bu tip texnologiyaların hüquqi və etik çərçivədə tənzimlənməsi zəruridir. Bəzi ölkələr artıq deepfake texnologiyasının cinayət məqsədilə istifadəsinin qarşısını alan qanunlar qəbul etmək mərhələsindədir. Məsələn, ABŞ-da deepfake texnologiyasının istifadəsi ilə bağlı qanunvericilik hələ də inkişafdadır. Virciniya, Nyu-York Corciya, Nyu-Cersi, Texas və Kaliforniya ABŞ-da deepfake texnologiyasının hüquqi tənzimləsini həyata keçirməyə çalışan ilk ştatlar hesab edilə bilər. ABŞ-ın bu ştatları deepfake ilə bağlı qanunlar qəbul etmişlər, lakin bu qanunların tətbiqi və effektivliyi barədə müzakirələr hələ də davam edir. Məsələn, 2023-cü ilin iyun ayında Kaliforniya ştatında deepfake texnologiyasının sui-istifadəsini cinayət sayan bir qanun qəbul edilmişdir. Lakin bu qanunun tətbiqi ilə bağlı bəzi hüquqi mübahisələr mövcuddur. ABŞ-ın Corciya ştatında isə Deepfake vasitəsilə hazırlanmış şəkilləri yayan və qəsdən istifadə edən şəxslər 100.000 dollardan çox olmayan cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırlar.
Avropa Birliyində deepfake texnologiyasının istifadəsi ilə bağlı məsələləri nizama salan birbaşa qanunvericilik aktı yoxdur. Lakin üzv dövlətlər öz milli qanunvericilikləri çərçivəsində deepfake ilə bağlı məsələləri tənzimləyirlər. Məsələn, Almaniyada deepfake texnologiyasının sui-istifadəsi ilə bağlı mövcud qanunvericilik çərçivəsində tədbirlər görülür.
Çində 18 noyabr 2019-cu il tarixində bir neçə dövlət orqanının təşəbbüsü ilə “Onlayn audio və video informasiya xidmətlərinin idarə edilməsi haqqında” Əsasnamə qəbul edilmişdir ki, adıçəkilən bu əsasnaməyə görə onlayn xidmət təminatçıları istifadəçilərin telefon nömrələri, şəxsiyyət vəsiqələri və ya digər üsullarla real şəxsiyyətini yoxlamaq üçün Kibertəhlükəsizlik Qanununun müddəalarına əməl etməlidirlər.
Ümumiyyətlə, deepfake texnologiyasının qanunla tənzimlənməsi sahəsində beynəlxalq səviyyədə vahid bir yanaşma yoxdur və hər bir ölkə öz milli maraqları və hüquqi sisteminə uyğun olaraq bu məsələyə yanaşır.
– Azərbaycanda bu sahədə hansı tədbirlər görülür?
– Azərbaycan Respublikasına gəldikdə, qeyd edək ki, ölkəmizdə deepfake texnologiyasının hüquqi tənzimlənməsi hələ də inkişaf mərhələsindədir. Mövcud qanunvericiliyimizdə bu texnologiyanın sui-istifadəsi ilə bağlı birbaşa xüsusi müddəalar yoxdur. Lakin əgər deepfake foto və videolar pornoqrafik məzmunludursa, o zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) və 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələrinə əsasən belə qanunazidd əməllərə yol vermiş şəxsləri cinayət məsuliyyətinə cəlb etmək olar.
Ümumilikdə götürdükdə isə, Azərbaycanda deepfake texnologiyasının hüquqi tənzimlənməsi sahəsində boşluqlar mövcuddur və bu sahədə hüquqi çərçivənin yaradılması zəruridir.
 
– Yunis bəy, müsahibə üçün təşəkkür edirik!
– Mən, təşəkkür edirəm. 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər