Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq siyasəti yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Onun Qəzza bölgəsindəki fələstinlilərin Misir və İordaniyaya köçürülməsi təklifi təkcə humanitar aspektlə izah olunmur. Bu planın arxasında daha geniş geosiyasi məqsədlərin dayandığı açıq şəkildə görünür. Digər tərəfdən, regionun vacib oyunçuları olan Türkiyə və İsrail arasındakı gərgin münasibətlərin yumşaldılması məsələsi də Tramp administrasiyasının diqqət mərkəzindədir. Ağ Ev, iki müttəfiqini barışdırmaq üçün yeni şərtlər irəli sürüb. Bəs, Tramp bu məqsədə çatmaq üçün hansı addımları atacaq? Türkiyə və İsrail eyni masa arxasında əyləşməyə razı olacaqmı? Və ən əsası, ABŞ-nin Yaxın Şərqlə bağlı böyük planı nədir?
Bu barədə Moderator.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Orta Şərqdə təhlükəsizlik konyukturası yenidən qurulur və qüvvələr balansı dəyişir:
“Suriyada altmış illik Əsəd rejiminə son qoyulması və Qəzza bölgəsində atəşkəsin ardından yeni addımlarla bağlı müzakirələrin intensivləşməsi buna bariz nümunədir. Trampın Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir, İordaniya və digər ərəb ölkələrinə köçürülməsi təklifi bu müzakirələri yenidən kənskinləşdirən əsas məsələlərdən birinə çevrilib. Bir tərəfdən humanitar məqsədlər ön plana çıxarılaraq Qəzza sakinlərinin qısa və ya uzun müddətli köçü məsələsi ətrafında fikir ayrılıqları dərinləşməyə davam edir, digər tərəfdən isə bu prosesin arxasında dayanan əsas məqsədlər araşdırılır. Heç şübhəsiz ki, İsrail tərəfinin Trampın bu təklifini dəstəkləməsi ərəb dünyasında birmənalı şəkildə qarşılanmayıb. İordaniya və Misir artıq fələstinlilərin öz torpaqlarında yaşamaq hüququnu müdafiə etdiyini bildirib. Fələstinin mövqeyi də açıq və konkret şəkildə ifadə olunub. Fələstinlilərin etnik təmizləməsi olaraq qəbul edilən bu təklif heç bir halda qəbul edilə bilməz deyə rəsmi bəyanatlarda qeyd olunub. Həmçinin ərəb dövlətlərinə də bu məsələdə həmrəylik nümayiş etdirməsi üçün müraciət olunub”.
Politoloq əlavə edib k, hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə olunur ki, Trampın Orta Şərq siyasətinin mərkəzində İsrailin maraqlarının müdafiə olunması istiqamətində addımların atılması dayanır:
“Təbii ki, bu addımlar təkbaşına atıla bilməz. Xüsusilə də, Türkiyənin regionun yeni konfiqurasiyasında əsas aktorlardan biri olduğunu nəzərə aldıqda, ABŞ-nin Orta Şərq siyasətinin uğurlu olmasının ilkin şərti Türkiyənin maraqlarının gözardı edilməməsidir. Təbii ki, bunun üçün iki əsas strateji tərəfdaşı olan ölkə, Türkiyə və İsrail arasındakı gərginliyə son qoyulması mütləqdir. Ona görə də, düşünürəm Tramp üçün bugün önəmli olan əsas məsələlərdən biri də Qəzza bölgəsində Türkiyə və İsrail arasındakı ziddiyyətləri yumşalda biləcək ortaq yol xəritəsinin müəyyənləşdirilməsidir. Türkiyənin Trampın “Fələstinsiz Qəzza planını” dəstəkləməsi ehtimalı heç bir halda real deyil. Belə olan halda Tramp administrasiyasının Türkiyə və İsraili bir masa arxasında əyləşdirəcək strateji həmləsi “nə olar” sualı daha çox müzakirə mövzusuna çevrilə bilər”.
Mehin Mehmanqızı