Avropa İttifaqı (Aİ) Ermənistanda xüsusi monitorinq missiyasının fəaliyyət müddətini iki il daha uzadıb. Bu qərar, regionda artan gərginlik və təhlükəsizlik narahatlıqları fonunda qəbul edilib. Zəngilan istiqamətində Aİ-nin fəallığının artması, regionda baş verə biləcək hər hansı bir insidentə qarşı yaranan məsuliyyət məsələsini gündəmə gətirir. Aİ-nin burada mövcudluğu regionun strateji dinamikasını necə dəyişdirəcəyinə dair suallar doğurur.
Bu barədə Moderator.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Avropa Birliyinin Ermənistanda xüsusi monitorinq missiyasının fəaliyyət müddətini uzatması, regionda öz gücünü və təsirini qorumağa yönəlmiş bir addım kimi qiymətləndirilir:
“Bu, Aİ-nin Ermənistanla gələcəkdəki əlaqələrini davam etdirmək və ölkəni öz sıralarına daxil etmək istəyini göstərir. Lakin, bu proses, artıq Gürcüstanda müşahidə olunduğu kimi, əslində yanıltıcı ola bilər. Gürcüstana illərdir verilən bütün vədlərin heç birini nə Avropa Birliyi, nə Amerika tutmadı. Və sonda, Gürcüstanda baş verən son seçkilər və cəmiyyətin ayağa qalxması Avropa Birliyinə qarşı cəmiyyətdə yaranan inam və inamsızlıq məsələsini gündəmə gətirib. Gürcüstan vətəndaşları artıq Avropa Birliyinin illərdir verdiyi vədlərin reallaşmadığını və bu vədlərin bir çoxunun yalnış olduğunu başa düşüblər. Ona görə də yeni seçilən hökumət Avropa Birliyinin gələcəkdəki təkliflərinə və siyasətlərinə daha ehtiyatla yanaşmağı qərara alıb. Bugünkü gündə eyni tələyə Ermənistan da düşüb və bu məsələlərlə hələ ki “qulağını doldururlar”. Qərb söz verir ki, Ermənistan, Gürcüstan və Ukrayna simasında Avropa Birliyinə daxil ola bilər və nə vaxtsa NATO-ya üzvü ola bilər. Ancaq Ermənistanın da sonu elə Gürcüstan kimi olacaq. Avropa missiyasının Ermənistan sərhədlərində gecə- gündüz orada olmaları, oradakı nəzarətlər həyata keçirilməsi bu bir növ həm regiondakı vəziyyəti getdikcə gərginləşdirir və regiondakı qonşularla düşmən səviyyəsinə gətirib çıxardır. Və bu o deməkdir ki, Ermənistanın nəticə etibarıyla gələcəyi heç də yaxşı olmayacaq. Ermənistanın bugünkü gündə yaxın qonşularla olan münasibəti həm Rusiya, həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstanla bəllidir və Ermənistan mono dövlət olaraq bütün qonşularla da düşmən səviyyəsindədir. Avropa Birliyi fikirləşir ki, bu kəşfiyyat missiyasının regionda olmasıyla nəyəsə nail ola biləcək. Bu gün müharibə apardığı dövlət - Azərbaycan öz siyasətini və kursunu götürərək region dövlətləri ilə birlikdə tərəfdaş olaraq və iqtisadi baxımdan yüksəlməsi ilə regionda böyük bir rol oynayır. Azərbaycan, öz milli maraqlarını və regiondakı mövqeyini gücləndirərək, heç vaxt bu cür xarici dəstəklərə əsaslanmağa ehtiyac duymayıb”.
Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması, bugünkü gündə artıq regionda mühüm bir mövzuya çevrilib:
“Prezidentin dəfələrlə bu məsələni gündəmə gətirməsi, Azərbaycanın və Türkiyənin bu məsələyə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Ermənistanın bu prosesin qarşısını almağa çalışması və geri addımlar atması, heç bir nəticə verməyəcək. Zəngəzur dəhlizinin açılması, həm Türkiyə, həm də Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Çünki Naxçıvanla əlaqəmizi mütləq şəkildə bərpa etməliyik. Bu, ya Ermənistan, ya da İran üzərindən olacaq, fərqi yoxdur. Əgər Ermənistan bu məsələdə iştirak etsəydi, o, logistika baxımından İran deyil, öz ərazisi üzərindən fəaliyyət göstərə bilərdi. Bu, Ermənistan üçün iqtisadi baxımdan faydalı olardı. Lakin indi görürük ki, bu, mümkün deyil. Ermənistan bu məsələni getdikcə uzadır. Prezidentin son şərhlərindən görürük ki, sülh müqaviləsinin uzadılması artıq Ermənistan üçün heç bir mənada faydalı olmaya bilər. Lakin Zəngəzur dəhlizinin uzadılması ilə bağlı vəziyyət dəyişir. Ermənistan bu məsələni uzatdıqca, Azərbaycan və Türkiyə artıq öz yolunu İran üzərindən çəkəcək. Həmçinin, burada tikilən körpü Zəngəzur dəhlizini Naxçıvanla birləşdirən bir növ yeni bir İran tranzit yolu yaradacaq. İran bu halda iqtisadi baxımdan mühüm bir logistika mərkəzinə çevriləcək, amma Ermənistan artıq bu inkişafdan kənarda qalacaq”.
Politoloq onu da əlavə edib ki, Qərbin regionda oynadığı oyunlar, guya bütün məsələlərini həll etmək istəyini ortaya qoyur:
“Qərb regionu nəzarət altına almaq istəyindədir. Lakin bu, faktiki olaraq regiondakı gərginliyi daha da artırır və tərəflər arasında münaqişələri dərinləşdirir. Rusiyaya və Türkiyəyə qarşı atılan addımlar da bu gərginliyi artırır. Bu gərginliyin nəticəsi olaraq, yeni bir müharibə və ya lokal toqquşmaların yaranması ehtimalı artacaq ki, bu heç bir dövlətin xeyrinə deyil. Azərbaycan, Türkiyə və Rusiya bu cür münaqişələrin meydana gəlməsinə razı olmayacaq. Buna görə də, tərəflər bu toqquşmadan mümkün qədər uzaq durmağa çalışacaqlar. Lakin Avropa Birliyinin regionda gördüyü dəqiq və aktiv müdaxilələr, xüsusilə kəşfiyyat fəaliyyətləri Ermənistanın gələcəyini ciddi şəkildə sual altına qoyur. Əgər Ermənistan bu oyunlarda Avropa Birliyinin çəkdiyi yolu izləməyə davam edərsə, onun gələcəyi olduqca qaranlıq olacaq, çünki o, daha çox təcrid olunmuş və gələcəkdə iqtisadi və siyasi baxımdan çətinliklərlə üzləşən bir ölkəyə çevrilə bilər. Ermənistan, əgər bu yanaşmalarına davam etsə, Gürcüstanın yaşadığı vəziyyətə daha da pis vəziyyətə düşə bilər və ya Ukraynada baş verən hadisələrin təkrarı ilə qarşılaşa bilər. Avropa Birliyinin mövqeyinə gəlincə, Avropa Birliyi bu gün öz gücünü müxtəlif vasitələrlə nümayiş etdirməyə çalışır. Avropa Birliyi, gücünü göstərmək üçün hər cür siyasi alətləri işə salmağa çalışır, amma region dövlətləri daha çox birləşərək, özlərinə daha müstəqil və üstün bir yol çizə bilərlər”.
Mehin Mehmanqızı