Qərb Ermənistanı Rusiyadan qoparır: Aİ-nin monitorinq missiyasının sirri
Aktual
896
12:58, Bu gün

Qərb Ermənistanı Rusiyadan qoparır: Aİ-nin monitorinq missiyasının sirri

Brüssel Ermənistanda fəaliyyət göstərən xüsusi monitorinq missiyasının müddətini daha iki il uzatdı. Bu addım, Avropa İttifaqının regiondakı iştirakını gücləndirməklə yanaşı, Cənubi Qafqazda mövcud güc balansına da təsir edə bilər. Bu proses fonunda Rusiyanın və İranın susqunluğu diqqət çəkir. Moskva və Tehran, indiyə qədər regiondakı əsas güclərdən biri olaraq qalmaqda idilər, lakin Aİ-nin bu cür uzunmüddətli iştirakına qarşı açıq reaksiya verməmələri müxtəlif siyasi və geosiyasi faktorlarla əlaqələndirilə bilər. Digər tərəfdən, Afrikada nüfuzunu itirən və Sahel bölgəsində ciddi uğursuzluqlarla üzləşən Fransa, Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır. Eyni zamanda, ABŞ-ın qlobal geosiyasi  genişlənməsi fonunda Cənubi Qafqaz məsələsi Vaşinqton üçün yeni strateji meydan kimi görünür. Bu proseslər regionda gərginliyi artıracaqmı, yoxsa yeni güc balansı formalaşdıracaq? Bu suallar Cənubi Qafqazda növbəti siyasi və diplomatik proseslərin əsasını təşkil edir.
Moderator.az-a danışan Yahudi media mərkəzinin politoloqu Rüstəm Tağızadə qeyd edib ki, Avropa İttifaqı missiyasının iki il uzadılması regionda müəyyən proseslərə hesablanmış bir amildir, bir müqavimət oxudur:
 “Çünki son üç il ərzində Avropa İttifaqının Ermənistan üzərindən oyunu daha da çoxalmışdır. Həmçinin ABŞ- ın Cənubi Qafqazda maraqları böyükdür. Hər zaman Rusiyanın Cənubi Qafqazda əsas pay sahibi olduğunu müşahidə etmişik. Təbii olaraq, Rusiya- Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya qarşı təzyiqlər artdı. ABŞ -ın təhriki ilə Avropa İttifaqı bəzi məsələlərdə Rusiyanı qabaqlamaq istəyir. Ümumiyyətlə, Cənubi Qafqazda  Fransadan çox ABŞ-ın  təsir dairəsi var. Müşahidə missiyasının iki il uzadılması məhz Rusiyaya qarşı tədbirdir. Hazırda, Ermənistanda  102- ci bazanın çıxarılması uğrunda mübarizə gedir. ABŞ Rusiyanın müxtəlif ərazilərdə nəzarət halqasını azaltmaq istəyir. Müşahidə missiyasının iki il uzadılması da Ermənistanda daxildəki proseslərə təsir edə bilər. İndiki, Nikol Paşinyan hakimiyyəti hələ ki, güclüdür. Daha sonra nələr olacaq, bunu zaman göstərəcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər