Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkədə “SİMA İmza” tətbiqi vasitəsilə kiberhücum nəticəsində insanların adına kreditlərin rəsmiləşdirilməsinə dair paylaşım öz əksini tapıb.
Moderator.az xəbər verir ki, paylaşımda qeyd edilib ki, son həftədə ikinci dəfədir ki, vətəndaşın adına “SİMA İmza” tətbiqi ilə kredit rəsmiləşdirilir və M10 vasitəsilə mənimsənilir:
“ Məbləğ kifayət qədər yüksəkdir(18 min manat və 9800 manat). Maraqlısı da bundadır ki, kreditlər Kapital Bank ASC-dən daha çox rəsmiləşdirilir. Proqram təminatında ciddi mənada boşluq var ki, bunu da kiber cinayətkarlar tutub. Banklar isə kiberhücumların qarşısında acizdir".
Məsələ ilə bağlı “SİMA İmza”ya sorğu unvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:
“SİMA rəqəmsal imza həlli müasir təhlükəsizlik standartlarına uyğun şəkildə hazırlanıb. Maliyyə təşkilatlarında “SİMA İmza” tətbiqi vasitəsilə kreditlərin rəsmiləşdirilməsi yalnız istifadəçinin razılığı əsasında aparılır. SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaşlıq etdiyi banklar arasında isə hazırda “Kapital Bank” ASC yoxdur. Yəni texniki olaraq heç bir vətəndaşın adına “SİMA İmza” ilə “Kapital Bank”dan kredit götürülməsi mümkün deyil. Bu tip dezinformasiyalar həm cəmiyyətin düzgün məlumatlandırılmasına mane olur, həm də ictimaiyyətdə əsassız narahatlıq yaradır. Ona görə də media və sosial şəbəkə istifadəçilərindən təsdiqlənməmiş məlumatlara inanmamağı və yalnız rəsmi mənbələrə istinad etmələrini xahiş edirik”.
Mehin Mehmanqızı