Deputat:
Aktual
830
23 Jan 2025 | 14:19

Deputat: "Azərbaycan Cənubi Qafqazda  ABŞ üçün strateji tərəfdaşdır"

ABŞ- ın yeni seçilmiş prezidenti Donald Trampın İran siyasəti Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarının reallaşmasına təkan verə bilər.  Erməni politoloq Artur Xaçikyanın fikrincə, hazırda Azərbaycan və Türkiyə ABŞ administrasiyası ilə daha sıx əməkdaşlıq edir. Ermənistanın isə bu istiqamətdə kifayət qədər təcrübəli və peşəkar kadrlara malik olmadığı vurğulanır. Xaçikyan əlavə edir ki, Tramp Administrasiyasının Ermənistanı prioritet hesab etmir. ABŞ-ın bu regiondakı əsas tərəfdaşı Azərbaycan və Türkiyədir. Trampın xarici siyasət strategiyasında diqqət Yaxın Şərqə yönəlmiş vəziyyətdədir. Onun ABŞ-ı Ukrayna münaqişəsindən uzaqlaşdıraraq resurslarını Yaxın Şərqə cəmləmək niyyətində olduğu qeyd edilir. Bu prosesin gedişində Vaşinqtonun ya İranı nüvə proqramından geri çəkilməyə məcbur edəcəyi, ya da birbaşa hərbi müdaxiləyə əl atacağı ehtimal olunur. Xaçikyanın sözlərinə görə, İranın üzərində toplanan qara buludları, xüsusən də Ermənistan üçün ciddi risklər yaradır. Bu dəyişikliklər fonunda bölgədəki geosiyasi vəziyyətin dinamik olaraq dəyişməsi Azərbaycan və Türkiyənin planları üçün yeni imkanlar açır.
Bu barədə Moderator.az- a  danışan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qeyd edib ki, Cənubi Qafqazda ABŞ üçün ən önəmli ölkə Azərbaycan hesab olunur:
“Bunun əsas səbəblərindən biri Azərbaycanın ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan İsrail üçün strateji tərəfdaş rolunu oynamasıdır. Azərbaycanın regiondakı coğrafi mövqeyi və enerji ehtiyatlarına çıxış imkanları da bu əlaqələrin əhəmiyyətini artırır. Azərbaycan, həmçinin Mərkəzi Asiya ilə ABŞ-ın maraqlarını birləşdirən əsas ölkə kimi diqqət çəkir. Regiondan keçən nəqliyyat və kommunikasiya dəhlizləri Mərkəzi Asiya ölkələrinə çıxış üçün vacib imkanlar yaradır ki, bu da Vaşinqtonun Azərbaycanla əlaqələrini gücləndirmək istəyini daha da artırır. ABŞ üçün strateji baxımdan Azərbaycan, həm enerji təhlükəsizliyi, həm də regional sabitlik üçün vacib tərəfdaşdır”.
Deputat Zəngəzur dəhlizinin açılması məsələsini şərh edib. 
R.Musabəyovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması  o qədər də asan həll olunacaq məsələ deyil:
 “Bu layihə ABŞ  prezidenti Donald Trampın prioritet maraqları sırasında deyil. Onun əsas hədəfi İranda rejimi dəyişdirmək və ya ən azından ölkənin nüvə proqramını dayandırmağa nail olmaqdır. Zəngəzur dəhlizi Tramp üçün strateji əhəmiyyət kəsb etməsə də, bu layihə Azərbaycan və Türkiyə üçün vacibdir. Türkiyənin NATO çərçivəsində ABŞ-ın yaxın müttəfiqi olması və Yaxın Şərqdəki strateji əhəmiyyəti regiondakı proseslərdə onun təsirini artırır. Yaxın Şərqdə Türkiyəni nəzərə almadan hər hansı bir siyasət yürütmək çətin olduğu kimi, onun Azərbaycanla strateji tərəfdaşlığı da ABŞ-ın bölgə siyasətinə dolayısı ilə müsbət təsir göstərir”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər