İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış
Aktual
847
17:35, Bu gün

İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış

Son dövrlərdə iş elanlarında "Xanım işçi axtarılır" kimi ifadələrə tez-tez rast gəlirik. Bunun səbəbi, xüsusən xidmət və ofis sahələrində xanım işçilərə olan tələbatın artmasıdır. Bu, həm də xanımların əmək bazarına daxil olmasının getdikcə asanlaşdığını göstərir. Amma Tap.az elan saytında yayımlanan bir çox iş elanları xüsusilə diqqət çəkir. Elanda ofisiant xanım işçi üçün 3000 manat məvacib təklif olunur. Maraqlıdır ki, bu yüksək maaşla müqayisədə tələblər çox sadədir. İşə götürənlər yaş həddini 19-25 arasında müəyyənləşdiriblər və əsas şərtlərdən biri işçinin gülərüz və xarici görünüşünün gözəl olmasıdır.
Belə elanlar bir çox suallar doğurur. Bu cür yüksək maaş təklif edən vakansiyaların arxasında hansı məqsədlər gizlənir? Cinsi və yaş məhdudiyyətləri ilə bağlı elanlar etik və hüquqi baxımdan nə dərəcədə düzgündür? Bu cür elanlar insan alveri və ya başqa qanunsuz fəaliyyətlərin təzahürü ola bilərmi? Şübhəli vakansiyaların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Movzuyla bağlı Moderator.az-a danışan Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev diqqətə çatdırıb ki, 3 Oktyabr 1997-ci ildə  qəbul edilmiş reklam haqqında Azərbaycan Respublikasının Qanunu var. Reklam, fiziki və hüquqi şəxslərin məhsul, xidmət, ideya və ya yeniliklər haqqında ictimaiyyətdə maraq yaratmaq və ya bu marağı davam etdirmək məqsədilə yayılan məlumatdır:
“Onun əsas hədəfi istehlakçını müəyyən bir məhsul və ya xidmət haqqında məlumatlandırmaq, bu məhsula maraq oyatmaq və nəticədə onun satışını və ya tətbiqini təşviq etməkdir. Reklamın rolu sadəcə kommersiya məqsədlərini deyil, həm də maarifləndirmə, sosial problemlərin həlli və innovasiyaların təşviqi istiqamətində də əhəmiyyətlidir. Son illərdə müxtəlif onlayn platformalarda yayımlanan iş elanları arasında qanunvericiliyin tələblərinə zidd olan reklamlarla qarşılaşmaq adi hala çevrilib. Təəssüf ki, bu tip elanlar, yalnız haqsız reklam nümunəsi olmaqla kifayətlənmir, həm də qeyri-etik və qeyri-dəqiq xarakter daşıyır. Qeyri-etik reklam, öz məzmununda və tərtibatında cəmiyyətin qəbul etdiyi sosial, hüquqi və mənəvi dəyərlərə zidd olan ifadələr və ya tələblər ehtiva edən reklam növüdür”.
Ş. Əliyev xatırladıb ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurani-Kərimə and içərək, xalqın milli-mənəvi dəyərlərinə sadiq qalacağını və onları daim uca tutacağını vurğulayıb. Bu and, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə xüsusi önəm verildiyini bir daha təsdiqləyir. Lakin bəzi reklamların məzmunu və yayılma forması bu dəyərlərə tamamilə ziddir:
“Reklamın əsas prinsiplərindən biri həqiqətə uyğun olmasıdır. Təəssüf ki, bəzi reklamlar bilərəkdən yalan məlumatlar yaymaqla insanların yanlış istiqamətə yönləndirilməsinə səbəb olur. Bu reklamlar:
Milli-mənəvi dəyərlərə zidd olan ifadələrdən istifadə edir və ictimaiyyətin mənəvi dünyasına zərər vurur.
Eyni zamanda, bu tip reklamlar tamah məqsədilə yalan və manipulyativ məlumatlardan ibarət olur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 198-ci maddəsi "bilərəkdən yalan reklam" anlayışını tənzimləyir. Bu maddəyə əsasən, qulluq və xidmətlər haqqında bilərəkdən yalan məlumatların yayılması cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunvericilikdə bu əməllər üçün aşağıdakı cəzalar nəzərdə tutulur:
İslah işləri: Bir ilə qədər.
Azadlıqdan məhrumetmə: İki ilə qədər.
Ziyanın Ödənilməsi: Əgər cinayət külli miqdarda ziyan vurmaqla törədilirsə, ziyan ödənilməklə yanaşı eyni cəza qüvvədə qalır.
Təəssüf ki, hüquqi baxımdan sanksiyalar yetərincə yumşaqdır və yalan reklamlarla mübarizədə effektiv nəticə vermir. Bu da, manipulyativ reklamların yayılmasına səbəb olur. Xüsusilə milli dəyərlərə, əxlaqi prinsiplərə zidd olan reklamlara qarşı daha sərt tədbirlərin görülməsi vacibdir”.
Şəmsəddin Əliyev onu da diqqətə çatdırıb ki, müasir cəmiyyətdə bəzi iş elanlarının məzmunu yalnız qeyri-etik xarakter daşımır, həm də insan alveri və cinsi istismar kimi ciddi cinayətlərin qurbanlarına çevrilmə riski yaradır:
“Bu problem xüsusilə yaş, görünüş və cinsiyyət kimi diskriminativ tələblərin yer aldığı iş elanlarında daha da qabarıq şəkildə özünü göstərir. 2005-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı qanunun qəbul olunması bu sahədəki hüquqi boşluqların aradan qaldırılmasına yönəlmiş mühüm addım idi. Bununla belə, insan alveri cinayətləri hələ də ciddi narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Statistik məlumatlara görə:
İnsan alveri qurbanlarının 90%-dən çoxu qadınlardan ibarətdir.
Cinayətlərin əksəriyyəti cinsi istismar məqsədilə törədilir.
Qurbanlar, əsasən, sosial müdafiəsiz və ya iqtisadi çətinliklər içində olan şəxslərdən seçilir.
Bəzi reklamlar, xüsusən də konkret yaş aralığı, görünüş və saat məhdudiyyətləri ilə bağlı tələblər irəli sürən iş elanları, insan alverinə "dəhliz" yaradır. Bu cür elanların əsas problemləri:
Diskriminasiya və Obyektivləşdirmə: Yaş, cins və xarici görünüşə dair tələblər insanları yalnız fiziki xüsusiyyətlərinə görə dəyərləndirir.
Cinsi İstismar Riski: Elanlarda göstərilən iş saatları və tələblər cinsi istismar məqsədinə xidmət edə bilər.
Hüquqi Boşluqlardan İstifadə: Bu tip reklamlar insan alveri və istismar cinayətlərinə hüquqi şəkildə dəhliz açır.
Müəyyən prosessual araşdırmalar nəticəsində bu insanların əvvəlki təhlükəli əməlləri də kifayət qədər ortaya çıxacaq. Ona görə mənim heç şübhəm yoxdur ki, bununla bağlı müvafiq qurumlar da öz işlərini görəcəklər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər