Trampın Rusiya ilə uzlaşması: Cənubi Qafqazın geosiyasi taleyi necə formalaşacaq?
Aktual
703
21 Jan 2025 | 17:02

Trampın Rusiya ilə uzlaşması: Cənubi Qafqazın geosiyasi taleyi necə formalaşacaq?

Donald Trampın Ağ Evdəki yeni dövrü başladı. Onun andiçmə mərasimi dünya mediasında geniş işıqlandırıldı və verdiyi bəyanatlar geniş rezonans doğurdu. Onun Meksika körfəzinin adını dəyişmək və Marsa bayraq asmaq kimi iddialı bəyanatları geniş müzakirələrə səbəb oldu. Lakin Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı əvvəlki vədlərinə toxunmaması yeni suallar doğurdu. Trampın prezidentliyinin ilk günlərindən etibarən verdiyi vədlərin hansılarını yerinə yetirəcəyi və hansı dəyişikliklərin baş verəcəyi maraqla gözlənilir. Xüsusilə Cənubi Qafqaz regionu bu dəyişikliklərin mümkün təsirlərini diqqətlə izləyir. Bəs yeni administrasiyanın siyasəti qlobal və regional dinamikanı necə formalaşdıracaq?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp inaqurasiya mərasimində bir sıra vacib məsələlərə toxundu:  “Əlbəttə,bütün dünyanın diqqəti Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı nə deyəcəyinə yönəlmişdi".
 
Ə.Zülfüqaroğlu bildirib ki, Tramp Rusiya-Ukrayna savaşına konkret olaraq toxunmasa da, “savaşları durduracağıq” ifadəsini işlətdi: “Bu isə onu deməyə əsas verir ki, Tramp seçkiöncəsi verdiyi vədləri böyük ölçüdə yerinə yetirəcək. O cümlədən Rusiya-Ukrayna savaşı ilə bağlı addımlar atacaq. Ukraynaya dəstəyi azaldacaq. Bu avtomatik olaraq Avropa İttifaqının da mövqeyinə təsir edəcək və beləliklə də Ukrayna Kiyev üçün arzuolunmaz mənzərə yaranacaq. Tramp üçün əsas istiqamətlər öncə ABŞ-ni daxili iqtisadi problemlərdən xilas etməkdir. Bunun üçün Vaşinqtonun müharibələrdən uzaqlaşması başlıca şərtdir. Trampın mesajlarından biri də ABŞ-da neft istehsalını artırmaq və enerji ixrac etməyə başlamasıdır. Hətta elektrikli  avtomobillərinin kütləvi istehsalına şərait yaradan bir sıra məhdudiyyətləri aradan qaldıracağını dedi. Tramp böyük ehtimalla Səudiyyə Ərəbistanını da neft istehsalını artırmasına məcbur edəcək. “Saudi Aramco”  dünya neft qiymətlərinə təsir edən əsas şirkətlərdən biridir. Bütün bunlar da dünyada neft qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Bu da Rusiyanın Ukrayna məsələsində ABŞ ilə daha rahat kompromisə getməsinə zəmin yaradacaq”.
 
Ə.Zülfüqaroğlu əlavə edib ki, Bayden adminstrasiyası hökuməti təhvilvermə ərəfəsində Ermənistanla strateji tərəfdaşlığa dair saziş imzladı: “Bu bölgə üçün yeni risklər yaradır. Amma bu saziş o demək deyil ki, Tramp bunu mütləq yerinə yetirəcək. Doğrudur, Trampın komandasında erməni lobbisi ilə sıx əlaqədə olan şəxslər var və onlar Trampın Cənubi Qafqaz siyasəti ilə bağlı korrektələr etməsinə çalışa  bilərlər. Amma erməni lobbisinə yaxın şəxslərin Tramp administrasiyasında təmsil olunması o demək deyil ki, Vaşinqton mütləq Ermənistanın maraqlarına uyğun siyasət həyata keçirəcək. 
Trampın Ukrayna məsələsi ilə bağlı Rusiya ilə uzlaşması Vaşinqtonun Cənubi Qafqaz siyasətində həlledici amil olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər