Ermənistanın Qərb və Rusiya arasında yeni planı: Nə Qədər Dayanıqlı Olacaq? 
Aktual
1190
14 Jan 2025 | 16:20

Ermənistanın Qərb və Rusiya arasında yeni planı: Nə Qədər Dayanıqlı Olacaq? 

Rusiyanın təhdidləri nəticə verdi. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmayacağını, Avropa İttifaqına üzvlük prosesini paralel aparacağını açıqladı. Ermənistanın iki masada oturmaq planı baş tutacaqmı? Ermənistan nəyə nail olmağa çalışır?
Bu barədə Moderator.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov qeyd edib ki,  Ermənistanın bir sıra siyasi qüvvələri gözləyirdilər ki, Rusiya Ermənistanın onun orbitindən tam çıxması ilə bağlı prosesə qarşı olduğunu ortaya qoyacaq:
“Ermənistan Rusiyanın orbitində faktiki həm dövlət olaraq, həm də Rusiyanın nəzarəti altında olan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə mövcuddur.  Ermənistandakı həm rəsmi şəxslərin, həm ayrı-ayı insanların Rusiayaya  qarşı açıq şəkildə mövqe sərgiləmələri onsuz da Moskvada qəzəb formalaşdırmışdı, amma Rusiya hərəkətə keçmirdi. Rusiya Ermənistanın Avropaya üzvlük məsələsini bağışlamayacaqdı. Ermənistan əgər  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı konkret addım atacaqdısa, o halda Rusiya hərəkətə keçəcəkdi. Yaxın Şərqdə Rusiyanın mövqeyinin zəifləməsindən istifadə edən Ermənistan aktivlik göstərməyə çalışır. Çünki Ermənistan ikili siyasəti artıq aşkar şəkildə ortaya qoyub. İki istiqamətdə siyasət yürütmək heç də dalan dövləti olan Ermənistan üçün o qədər də uğur gətirməyəcək. Çünki Ermənistan faktiki olaraq siyasi, iqtisadi, enerji və və təhlükəsizlik baxımından Rusiyadan tam asılı vəziyyətdə olan bir dövlətdir. Və günlərin birində bu vəziyyətdən çıxıb fərqli siyasət ortaya qoymaq Ermənistana heç də ucuz başa gəlməyəcək. Bunu Ermənistan özü də çox gözəl anlayır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq əvəzinə, həmin təşkilatın tədbirlərində iştirak etməməklə, eyni zamanda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu iddia edirdi. Əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində belə bir müddəa olmasa da, Ermənistan bu mövqeyi sərgiləyirdi ki, təşkilatdakı fəaliyyətini  dondurub. Ermənistanın bu addımı  Qərbə özünü göstərmək üçün hesablanmışdı. Ermənistan çox gözəl anlayır ki, o nə Ukrayna deyil, nə də  Moldova deyil. Çünki Ermənistan faktiki olaraq o dövlətlərdən fərqli şəkildə Rusiyadan asılıdır. Ermənistanın Rusiyanın nəzarətindən çıxıb Qərbin nəzarəti altında mövcud olmağa cəhd göstərməsi  qeyri -mümkün görünür”.
Politoloq vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın həm Rusiyaya, həm də Rusiya-Ukrayna müharibəsinə  münasibəti  əvvəlki prezident Cozef Baydenin mövqeyindən fərqlidir.
"Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ   Ermənistana  dəstək göstərməyəcək. Buna görə də Ermənistan aktivləşib. Təbii ki, Trampın bundan sonra seçki öncəsi vədlərə uyğun addımlar atacağından çox şey asılıdır və  bu il ərzində   özünü göstərəcək. Onda Ermənistanın tam fərqli bir siyasətin şahidi ola bilərik. Çünki Ermənistan forpost və satelit olmağa öyrəşmiş bir dövlətdir. Ona görə də onun atdığı addımlar, mövcud vəziyyətin kimin xeyirinə olması ilə əlaqədardır. Ermənistan ona uyğun addımlar atdıqlarına görə, gələcəkdə küləklərin fərqli istiqamətdə əsəcəyini görüb tam fərqli siyasət ortaya qoya bilərlər”,- deyə Xəyal Bəşirov şərh edib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər