Qərbin  vasitəçilik təklifi nəyə xidmət edir? - Millət vəkili şərh etdi
Aktual
599
13:44, Bu gün

Qərbin  vasitəçilik təklifi nəyə xidmət edir? - Millət vəkili şərh etdi

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasına dəstək verməyə hazır olduqlarını bəyan edib. Amma bu bəyanat yalnız bir diplomatik jestdirmi, yoxsa Qərbin daha dərin strateji maraqlarının təzahürü? 
Bu barədə Moderator.az-a danışan Millət vəkili Bəhruz Məhərrəmov diqqətə çatdırıb ki,  Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanla Ermənistan arasında normallaşma prosesində vasitəçilik institutunun effekt vermədiyini və birbaşa təmasların səmərəliliyini xüsusi qeyd etdi:
“Həqiqətən də istər ATƏT-in faktiki olaraq artıq mövcud olmayan Minsk qrupunun vasitəçiliyi, istərsə də sonrakı dövrdə, xüsusən İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra vasitəçilik cəhtləri məsələnin əsas mahiyyətinə yox, əlavə məqsədlərə xidmət edib. Bölgədə özlərinin imperialist niyyətlərini realizə etmək istəyən qüvvələr Cənubi Qafqazda münaqişələrə son qoyulmasını maraqları üçün təhdid hesab etdiklərindən vasitəçilik missiyaları daha çox münaqişənin uzanmasına, gərginliyin davamlı şəkildə qalmasına və ya zaman-zaman artmasına, bu çərçivədə işğalın, təcavüzün ehtiva olunduğu status-kvonun dayanıqlılığına yönəlib. Lakin Azərbaycan öz güc və imkanları hesabına yeni reallıqlar yaratması və cənab İlham Əliyevin qətiyyəti ilə bölgədə sülh prosesinin müəyyən məcraya qədəm qoyması, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində konkret nəticələr əldə olunması və bu prosesin məhz tərəflərin vasitəçisiz, birbaşa təmasları yolu ilə əldə olunması dövlət başçımızın yerli televiziyalara müsahibəsində səsləndirdiyi tezisləri bir daha haqlı çıxarır”.
 
Millət vəkili əlavə edib ki, ötən dövr ərzində digər vasitəçilər, yaxud vasitəçilik niyyətinə düşən subyektlər kimi Avropa İttifaqının da vasitəçiliyə daha çox özünün maraqlarının təmini üsulu kimi baxdığına şahidlik etmişik:
“Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelin bu istiqamətdə müəyyən səmimi niyyətləri olsa da, bütövlükdə qurumun və quruma daxil olan strukturların qeyri-adekvat, qeyri-obyektiv və qərəzli mövqe tutması bütövlükdə avrostrukturların prosesə töfhəsini ciddi şəkildə sual altına alır. Bu mənada indiki məqamda əgər Avropa İttifaqı həqiqətən də Cənubi Qafqazda sülhə və sabitliyə töfhə vermək istəyirsə, ilk növbədə təxribatçı və Azərbaycanafob davranışlardan çəkinməli, regiona gərginlik gətirən addımlar atmamalı, o cümlədən "binokl diplomatiyasına" və regionda münaqişənin alovlanmasına xidmət edən müşahidə missiyasının fəaliyyətinə son qoymalı, Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin 30 ildən artıq bir müddətdə məruz qaldığı çoxsaylı cinayətlərin əsl mahiyyətinə aydın baxış nümayiş etdirməlidir. Avropa İttifaqı və bu quruma daxil olan strukturlar hər şeyi öz adı ilə çağırmadan, qərəzi kənara qoyub obyektiv baxış nümayiş etdirmədən heç bir formada bölgədə hər hansı prosesdə iştirakçı, vasitəçi və yaxud müşahidəçi qismində təmsil oluna bilməz”.
 
Mehin Mehmanqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.
 
Link kopyalandı!
Son xəbərlər