Aktual
585
13:10, Bu gün

"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"

Dünən Ermənistan hökuməti avrointeqrasiya kursunu rəsmən elan etdi. Avropa İttifaqına üzvlük haqqında qanun layihəsi hökumət tərəfindən parlamentə göndərilib. Bundan sonra regionda nələr baş verəcək? Rusiyanın reaksiyası necə olacaq? Belə  bir qərarın verilməsi Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracaq?
Bu barədə Moderator.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev Ermənistanın Ukrayna və Gürcüstandan dərs götürərək daha ehtiyatlı şəkildə hərəkət etdiyini bildirib:
“Rusiyanın Ukrayna və Gürcüstana qarşı münasibətinin əsas səbəbi NATO - ya üzvlük məsələsi idi. Yəni bu ölkələr birbaşa NATO-ya üzv olmaqları barədə bəyanatla  çıxış edirdilər və bu yöndə addımlar atırdılar. İstər Ukraynanın, istərsə də Gürcüstanın NATO-ya üzv olmaq istəyi Rusiyanın qıcığına səbəb olurdu. Ermənistan ilk öncə  Avropa Birliyinə üzvlük məsələsini həll etmək, daha sonra da çox rahat şəkildə NATO-ya üzv olmağa hədəfləyir. Ancaq bu da təbii ki, rəsmi Moskvanın diqqətindən qaçmır. Ehtimal ki, Rusiyanın buna reaksiyası  Ukraynadakı kimi hərbi müdaxilə olmayacaq.  Ermənistana qarşı Rusiya yumşaq güc siyasəti tətbiq edə bilər. Buna rəğmən Rusiya və Ermənistan arasında iqtisadi münasibətlər hər ötən gün daha da güclənir. 2024-cü  ildə bu rəqəm 8,3 milyard dollara çatıb. Xüsusilə də Rusiya- Ukrayna müharibəsi fonunda Ermənistan demək olar ki, Rusiyanın iqtisadi sanksiyaları yarmağa ən çox yardım edən ölkədir və belə bir məqamda Rusiyanın da asanlıqla Ermənistandan imtina edəcəyi çox da gözlənilən deyil. Hələ ki, Ermənistan  Rusiyaya lazımdır”.
 
Siyası şərhçi hesab edir ki, Rusiya -Ukrayna müharibəsi bitəndən sonra Moskva Ermənistanın dərsini verəcəkdir:
 “Bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir. Əgər Ermənistan Avropa Birliyinə üzv olarsa, şübhəsiz ki, Avrasiya İqtisadi Birliyindən çıxmaq barəsində məsələ qaldıracaq. Çünki bu qurumlar bir -birinə rəqibdir və bu məsələ artıq Ermənistanda geniş şəkildə müzakirə olunacaqdır. Sözsüz ki, Avropa Birliyinə üzvlük məsələsi qəbul olunduqdan sonra, yəni Ermənistan tam Avropa Birliyinin üzvü olarsa, Ermənistanın NATO- ya üzv olması məsələsi də aktuallaşa bilər. Ümumilikdə, ancaq bu çox da inandırıcı deyil. Yəni Avropa Birliyinin indiki məqamda Gürcüstan və Ukrayna kimi ölkələri “qapıda gözlədərək” Ermənistana qucaq açması çox da inandırıcı deyil. Bu, uzun sürən bir proses olacaq və böyük ehtimalla yaxın gələcəkdə Ermənistanın Avropa Birliyinə üzvlüyü real görünmür. Yəni Avropa Birliyi bu prosesi  uzadacaqdır. Çünki burada bir çox geosiyasi amillər var ki, əsas məsələlər elə bununla bağlıdır. Həm də keçmiş postsovet ölkələrindən birinin, xüsusilə Rusiya ilə sıx əməkdaşlıq olan bir ölkənin belə rahat bir şəkildə Avropa Birliyinə üzv olması gözlənilən deyil. Yəni Brüssel Moskvanı bu tip məsələlərdə indiki məqamda qarşısına ala bilməz”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər