Bizi sosial şəbəkələrdən izləyin:
“Son illər dünyada geopolitik mənzərə ciddi şəkildə dəyişməkdədir. Xüsusilə də Yaxın və Orta Şərqdə - Suriyada rejimin dəyişməsi ilə qüvvələr balansında dəyişikliklər ortaya çıxdı”
Bunu Moderator.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq vurğulayıb ki, uzun müddətdən bəri Suriyada ciddi təsir imkanlarına malik olan Rusiya və İran Əsəd rejiminin devrilməsiylə öz güclərini xeyli dərəcədə itirdilər və zəiflədilər:
" Qardaş Türkiyənin isə Orta Şərqdəki gücü daha da artdı. Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Eyni zamanda iki ölkə arasında “Şuşa bəyannaməsi” ilə möhürlənən bir münasibətlər var. Təbii ki, İran və Rusiya Yaxın və Orta Şərqdə itirdikləri mövqelərini Güney Qafqazda da itirmək niyyətində deyillər. Əksinə, Güney Qafqazda onun əvəzini çıxmağa çalışırlar və bununla bağlı Azərbaycana müxtəlif siyasi təzyiqlər edirlər. Xüsusilə Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması, İran tərəfdən son dövrlər səslənən bir çox bəyanatlarını nəzərə alsaq, bu o deməkdir ki, hər iki tərəf Azərbaycana bu və digər formada təsir etməyə çalışacaqlar. Təbii ki, Rusiya və İranın Azərbaycana siyasi təzyiqi Ermənistanı yeni revanşizimə həvəsləndirə bilər. Və nəzərə alsaq ki, Ermənistan son illər ciddi şəkildə sürətli silahlanmaya davam etməkdədir. Yalnız İran və Rusiya deyil, eyni zamanda Fransa da Ermənistanı revanşa həvəsləndirir və sürətlə silahlandırmağa davam edirlər. Təbii ki, bunun fonunda bölgədə gərginlik artacaq və 2025-ci ildə hansısa bir eskalasiyanın olacağı mümkündür. Azərbaycan Prezidentinin çıxışından da aydın oldu ki, Azərbaycan Ermənistanın sürətlə silahlanmasına və Azərbaycanın təhlükəsizliyinə təhdid mənasını yaratmasına dözmək niyyətində deyil. Hələ də Üçtərəfli bəyanatın doqquzuncu maddəsinə uyğun olaraq Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubandırır ki, Azərbaycan buna da artıq dözmək fikrində deyil. Bütün Ermənistanın davranışları, sürətlə silahlanması, öhdəliklərdən yayınması, sülh müqaviləsini imzalamaq istəməməsi, regionda gərginliyə səbəb olacaq”.
Mehin Mehmanqızı