Prezidentdən Zəngəzur ULTİMATUMU: Ermənistanı qorxuya salan açıqlama 
Aktual
1868
08 Jan 2025 | 13:01

Prezidentdən Zəngəzur ULTİMATUMU: Ermənistanı qorxuya salan açıqlama 

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Nə qədər tez onlar bunu başa düşsələr, o qədər yaxşıdır.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
 
Moderator.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Cənab İlham Əliyevin dünən Azərbaycan televiziyaları üçün verdiyi müsahibə çox mühüm əhəmiyyət kəsb edir. Həmin müsahibədə Cənab Prezident çox mühüm məsələlərə toxundu:
 
“Əsas istiqamətlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi. Zəngəzur dəhlizinin açılmasını kim istəmir? Bu dəhlizin açılmasını istəməyən İrandır, Ermənistandır və onların havadarlarıdır. Hətta Qarabağ məsələləri başlayanda belə, türk dövlətləri arasında quru sərhədlərinin olmaması qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Əgər Zəngəzur dəhlizi açılarsa, Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə gedən yolun fəaliyyəti təmin olunacaq və bu proseslər öz həllini tapacaq. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması və Naxçıvanla Azərbaycan arasında yolun fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edən bir maddə kimi yer almışdır və bu dəhlizin açılması vacibdir”.
 
Millət vəkili əlavə edib ki, Cənab Prezidentin verdiyi mesaj da ondan ibarətdir ki, bu, tək ermənilərin istəyi ilə deyil:
 
“Ermənistan isə əvvəllər ciddi şəkildə çalışırdı ki, dəhlizin təhlükəsizliyini kimin təmin edəcəyini müəyyənləşdirsin. Ermənilər, təbii ki, öz havadarlarına – gələcəkdə Rusiyanın həmin ərazinin təhlükəsizliyini təmin edəcəyi və ya İranın maraqlarını qoruyacağına – ümid edirdilər. Lakin Zəngəzur dəhlizi böyük bir logistik daşımanın həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur və bu proses Azərbaycanın operatorluğu ilə idarə olunacaq. Buna görə də ermənilər ciddi şəkildə çalışdılar ki, həmin ərazini gömrük və sərhəd nəzarəti sistemi kimi təqdim etsinlər. Lakin bu plan reallaşmadı”.
 
A.Nağıyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasının İrana, Ermənistana təsir mexanizmi olacaq:
 
“Türkiyə bu məsələdə əsas faktordur. Türkiyənin vasitəsilə və Naxçıvanın iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müəyyən addımlar atıla bilər. Naxçıvana getmək üçün İranın ərazisindən keçən  – istər avtobuslar, istər yük daşıyan avtomobillər olsun – İran tərəfindən istədiyi kimi saxlanılır və yoxlanılır. Bu proseslər onların məkrli siyasətinin bir hissəsi kimi həyata keçirilir. Birmənalı şəkildə Azərbaycan bunu sülh yolu ilə həll etmək istəyir. Vaxtilə verilən ultimatum necə dörd kəndlə bağlı verilmişdisə, artıq səbr kasası dolub və yeni ultimatum verilir – bu dəfə Zəngəzur dəhlizinin açılması istiqamətində. Bu gün Ermənistan kütləvi informasiya vasitələri bunu Azərbaycanın yeni müharibəyə hazırlığı kimi təqdim etməyə çalışsalar da,  onların məqsədi hərbi yolla bunu həll etməməkdir. Əks halda, Zəngəzur dəhlizini açmaq üçün gücümüz də var. Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq beynəlxalq hüququn yox, beynəlxalq gücün tətbiqinə yönəlmiş addımlar atmaq mümkündür”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər